“Zəfər sənə yaraşır, Azərbaycan” | |
Abşeron rayonu, Saray qəsəbə 3 nömrəli tam orta məktəbində 8 noyabr- Zəfər Günü ilə bağlı “Zəfər sənə yaraşır, Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Saray qəsəbəsinin 5 şəhid anası Fəridə Quliyeva (şəhid Teymur Quliyevin anası), Ofelya Məmmədova (şəhid İlkin Məmmədovun anası), Zahidə Salmanova (şəhid Azər Salmanovun anası), Zərnigar İbadova (şəhid Rauf İbadovun anası), Sənubər Sadıxova (şəhid Rahid Sadıxovun anası) və Abşeron rayon Təhsil Şöbəsinin metodisti İstək Bəxtiyarova, həmçinin digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə ətraflı məlumat verilib.
Məktəbin direktoru, əməkdar müəllim Təyyibə Hüseynova tariximizə qürur və şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsindən danışaraq qeyd edib ki, bir il öncə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Vətən torpaqlarını bütünlüklə işğaldan azad etdi. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan bu müjdəni – Qarabağın baş tacının, mədəniyyətimizin beşiyi Şuşanın azad olunması xəbərini verdi. Beləliklə, otuz ilin intizarına, yurd həsrətinə son qoyuldu.
Abşeron rayon Təhsil Şöbəsinin metodisti İstək Bəxtiyarova və digər qonaqlar çıxış edərək belə tədbirlərin təhsil ocaqlarında mütəmadi keçirilməsindən, şəhidlərin xatirəsinin daima əziz tutulmasının önəmindən danışıblar. Bildirilib ki, şəhidlər hər zaman fəxr yerimiz, qürür mənbəyimizdir.
Anım tədbirində məktəblilərin ifasında şəhidlərin keçdiyi şərəfli döyüş yolunu, vətənpərvərliklərini təcəssüm etdirən şeirlər səsləndirilib, videoçarx nümayiş etdirilib.
Daha sonra 44 gün ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarından ibarət videoçarxa baxılıb.
Rəşad ZİYADOV
|
|
06.11.2021 | 15:12 | |
|
|
|