“İşğaldan azad olunmuş ərazilərin inkişafının strateji aspektləri” mövzusunda vebinar | |
Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin inkişafinin strateji aspektləri” mövzusunda vebinar keçirilib.
Vebinarda millət vəkilləri Hicran Hüseynova, Vüqar Bayramov, Emin Hacıyev, Müşfiq Məmmədli, Mahir Abbaszadə, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev, “Qarabağ” ordenli polkovnik – leytenant, Füzuli-Xocavənd-Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı Ehtiram Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Müharibə İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri, Suqovuşan uğrunda gedən döyüşlərin iştirakçısı, I qrup Vətən müharibəsi qazisi kapitan Tərlan Hacızadə, həmin şöbənin böyük məsləhətçisi, Vətən müharibəsi qaziləri- baş leytenant Zaur Süleymanlı, Orxan Novruzov, Vətən müharibəsi qazisi, kapitan Fuad Cabbarov və universitetin professor-müəllim heyəti iştirak ediblər.
Universitetin rektoru, professor Elxan Hüseynov vebinarın əhəmiyyətindən bəhs edib, bildirib ki, Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır:”Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə, ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının mükəmməl nümunəsi idi. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz unikallığı ilə fərqləndi”.
Rektor ötən bir il ərzində ölkə başçısının tapşırığı əsasında Qarabağda geniş quruculuq işlərinə başlanıldığını, müasir standartlara cavab verən yollar salındığını, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirildiyini, eləcə də beynəlxalq mədəniyyət festivallarının baş tutduğunu diqqətə çatdırıb.
Millət vəkili Hicran Hüseynova “Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın sosial-iqtisadi əhəmiyyəti” mövzusunda məruzə edib. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında mühüm tarixi qərara imza atdı; İqtisadi rayonlar sırasına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının adlarının daxil edilməsi həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərar, əhəmiyyətli bir addımdır.
Millət vəkili Vüqar Bayramov “44 günlük Zəfərin iqtisadi-siyasi əhəmiyyəti” mövzusunda məruzə edib. Onun sözlərinə görə, Azərbaycan ötən ilin payızında 44 günlük Vətən müharibəsində erməni separatçıları üzərində tarixi qələbə qazanaraq işğal altında olan torpaqlarımızı düşməndən azad etdikdən sonra ölkəmizdə, o cümlədən, regionda yeni hərbi, siyasi və iqtisadi reallıqlar yarandı, xüsusən sosial-iqtisadi sahədə həlli vacib məsələlər gündəmə gəldi. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin başlıca məqsədi postmüharibə dövründə ölkə iqtisadiyyatını daha da inkişaf etdirməkdir.
Digər çıxış edən millət vəkilləri və İqtisadiyyat İnstitutunun əməkdaşları bildiriblər ki, torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
|
|
05.11.2021 | 15:45 | |
|
|
|