AL BAYRAĞIM, DALĞALAN! | |
Al bayrağım
Xalqımızın gəldiyi yolun sinə dəftərin,
Göyərən arzuların, al bayrağım, dalğalan!
Yüksəlişin-əlacı sağalmamış dərdlərin,
O dərdləri yadına sal, bayrağım, dalğalan!
Min illərdir içimiz rənglərini göyərdir,
Yaşamaq haqqımızın əbədi rəmzisən bir.
Ruhumuz-qəlbimizdə asılan dirəyindir,
O dirəkdə uca dur, qal, bayrağım, dalğalan!
Qəlbimizdə oxunan türkülərlə yarandın,
Altaylardan salınan körpülərlə yarandın.
Sabahlara aparan ümidlərlə yarandın,
Al bizləri qoynuna, al, bayrağım, dalğalan!
Qılıncında Babəkin, Nizaminin şeirində,
Yaşadın susmayacaq vətən nəğmələrində.
Qarşında baş əyən var dünyanın hər yerində,
Oğulun var, qızın var, var, bayrağım, dalğalan!
Hopub, bağrına hopub, hopub şəhid qanları,
Sənə bürünüb gəlib min-min yurd qurbanları.
Dədə əmanətisən-qızları, oğlanları
Bu vətənin səninçün yar-bayrağım, dalğalan!
Azərbaycan əsgəri qanım halaldır-dedi.
Ucada dayanmağın bir cəh-cəlaldır-dedi.
Gücünün qarşında düşmən olan əyildi,
O bilir ki, olacaq xar, bayrağım, dalğalan!
Vətəndir
Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.
Dünyanın sirri bir, sualları çox,
Boy verən nə qədər... cavab verən yox.
Oğlunun, qızının gözü-könlü tox,
Bir ümid yerinin canı vətəndir.
Hər ağla gələnlər yığbala gəlməz,
Haqdan gəlməyəni yığ bala, gəlməz.
Sevənin günahı babala gəlməz,
Ürəyə can verən qanı vətəndir.
Kimə doğma dedin, kimə yad dedin,
Nə haray istədin, nə imdad-dedin?
Qürbətin havası verməz dad-dedin,
Adının hər adı-sanı vətəndir.
Qurduğun dünyanın hər daşı-vətən,
Ömrünün-gününün yoldaşı-vətən.
Mahirə, demədi qəm daşı vətən,
Dərmanın hardadır, hanı-vətəndir.
Şəhid nəğməsi
Burdan yavaş gedin, asta keçin,
Qəbirlər titrəyər, daş dinə bilər.
Bir güllə gücünə sükut olanlar,
Bir addım səsinə diksinə bilər.
Boy vermiş məzarın qəbir daşları,
Bir ömrün daşlaşan arzu-kamıdır.
Onların sağlığı döyüşən əsgər,
Məzarı -Vətənin istehkamıdır.
Hər biri məşəldi qaranlıqlara,
Hər biri vətənin, elin gərəyi.
Bayraq götürmədi hamısı,amma,
Qaldırdı qəlblərdə bayraq dirəyi.
Yerə qan tökdülər, ruh göyərtdilər,
Tarixi yazdılar Vətən daşında.
Minillik xalqlara dərs öyrətdilər,
Bu ərən oğullar cavan yaşında.
Bir ana bətnindən düşüb, böyüyüb,
Min-min analara oğul oldular.
Hərəsi bir ocaq adından gedib,
Vətən ocağını qaladı onlar.
Şəhidlər, Şəhidlər, sabaha bu gün,
Canınızdan keçib, qurban verdiniz.
Millətə diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz.
Sərhəd qapısı (Müzəffər üçün yazılan şeir)
Nə qədər dünyanı dolaşsaq da biz,
Yaxını, uzağı- boşdur hamısı.
Vətən- ürəyimiz, göz bəbəyimiz,
Adın ünvanımdır, Sərhəd qapısı.
Qüruru böylanar böyüklüyünün,
Adamlar gəzdirər ürəklərində.
Bütün ağırlığı Vətən yükünün,
Dayanar bu sərhəd dirəklərində.
Gecənin zülməti, qışın soyuğu,
Yağışı, qarı da oyun-oyuncaq.
Vətən keşiyinin nə olduğunu,
Sərhədçi anlayar, sərhədçi ancaq.
Yüz ölçü-biçisi qoca dünyanın,
Dolanar başına, bir həddən keçər.
Qanında bir qaşıq qeyrət olanın,
Ürəyi neçə yol sərhəddən keçər.
Beləcə yaşadın özün biləndən,
Bilirəm, doğmadır hər əsgər sənə.
Ürək sözlərimi göndərirəm mən,
Bu bayram günündə, Müzəffər, sənə.
Azərbaycan
Azərbaycan -
Qayalarından uca,
Yaşımdan da cavan,
Dünyadan qoca...
Azərbaycan -
Nəsil-nəsil doğuluşum.
Külündən yaranan,
Mənim səməndər quşum.
Azərbaycan -
Xəzərin uca dalğası.
Min illərdir xalqımın
Yaşamaq qovğası.
Azərbaycan -
Baş əydiyim Tanrı.
Sənə kömək olsun,
Anamın duaları.
Azərbaycan -
Kürüm qədər lal, dəli.
Ahıllar qədər susqun,
Cahıllar qədər hikkəli.
Azərbaycan -
Göyərən ümidlərim.
Dərmanı,davasısan,
Min illik dərdlərimin.
Azərbaycan -
Ünvanı - növrağımın.
Əyilməyən dirəyisən,
Üçrəngli bayrağımın.
Mahirə HÜSEYNOVA, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor
|
|
05.11.2021 | 16:04 | |
|
|
|