İlk müəllimim

İnsan dünyaya göz açandan yaşadığı həyatı dərk etməyə başlayır. Zaman keçdikcə həyatın gedişatını izləyir, ailədən başlayan əlaqəsi genişlənir, ətraf mühitlə münasibət yaradır. Uşaq vaxtlarından cəmiyyətin bir üzvü olaraq, həyatdakı roluna anlam vermək istəyir. Məktəb illəri onun həyatında birbaşa rol oynayır.

 

Dərs mühitinə öyrəşməyi, yaşıdları ilə ünsiyyətin, dostluq münasibətlərinin qurulması onun dünyasına rəng qatır. Bu ortamda o, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmağa başlayır. Xüsusilə ilk məktəblə tanışlığı, ilkin yoldaşlıq bağlarının qurulması onun həyatına yeni bir cığır açır. Bu mühitdə insanın öz varlığının qavranması, şəxsi keyfiyyətlərinin artırılması üçün ona istiqamət verilməsi vacib amildir. Bu vəzifə təbii ki, hər birimizin həm mənəvi dəyərlərimizin, həm də bilik-bacarıqlarımızın yaranmasında, formalaşmasında və gələcəkdə inkişaf etməsində əvəzsiz rol oynayan ilk  müəllimdir.

 

Əgər bir binanın təməli yaxşı qurulmayıbsa, o bina öz ucalığını daim saxlaya bilmək qabiliyyətində olmaz. Binanın uzun ömürlülüyü onun təməlinin möhkəmliyindədir. Bunu biz məktəb illərində aldığımız biliklərlə uyğunlaşdırsaq görərik ki, həqiqətən də aşağı siniflərdə alınan biliklər yuxarı siniflərə keçdikcə daha da artır, inkişaf edir. Bizim ibtidai sinifdə əldə etdiyimiz bacarıqlar digər siniflərə keçid edəndə möhkəmlənir, tərəqqi edir. Bunun  üçün də bizə dərs deyən ilk müəllim bizim bilik və bacarıqlarımızın təməlini qoyur.

 

Bəli, ilk müəllimin həyatımızda izi çox mühüm və əvəzsizdir. O, bizə elmin sirlərini aşılamaqdan əlavə, həyata atılmağı, təlim-tərbiyə vərdişlərinə yiyələnməyi, ətraf mühitlə tanışlığı öyrədən şəxsdir. Əlimizdən tutaraq qələmlə işləməyi, yazı yazmağı, xüsusilə də bizə öz ana dilimizi sevə-sevə, həvəslə öyrədən insandır. Biz böyüsək də, yeni-yeni elmlərə, peşələrə yiyələnsək də ilk  müəllimin həyatımızda rolunu unuda bilmirik. Onun bir müəllim, eyni zamanda mənəvi valideyn kimi bizim dünyamızda rolu danılmazdır.  “İlk müəllim” sözünün anlamı hər birimiz üçün dərin köklərə söykənir. Onun öyrətdiyi biliklər, verdiyi nəsihətlər həmişə həyatımızda yaşıl işıq kimi yanmaqdadır.Onun əzmi, səbri, hər bir uşağa yanaşma tərzi böyük bir iradə, geniş insanlıq keyfiyyəti tələb edir. Uşaqlığımızda bizə hər zaman mühüm fikirlər aşılayıb, həyat yolumuzda doğru istiqaməti anlatmağa çalışmışdır. Hər bir uşağa məktəbi sevdirən də məhz ilk müəllimdir.

 

İlk müəllim obrazından danışarkən hər birimizin gözünün önündə keçmiş xatirələr canlanır. Bir anlıq o günlərə dönüş edirmiş kimi bir hiss qalxır ruhumuzda... həmin məktəb, həmin sinif, 20 nəfərə yaxın sinif yoldaşları və mən. Təbii ki, bir də ilk müəllimim.

 

Əynində göy rəngli jaketi, düz qaməti ilə sinfə daxil olur və özünəməxsus qalın səs tonu ilə bizi salamlayır. Biz də ayağa qalxıb xorla “salam müəllim” deyib yerlərimizdə əyləşirik. Başındakı qara şalı boğaz hissəsində bir düyün atır və başlayır bizə əlifbanı öyrətməyə. Biz də lövhədə yazılanları hüsnxətt dəftərimizə köçürməyə başlayırıq. Dərsin sonunda divarda asılan “Ətraf mühiti çirklənməkdən qoruma qaydaları” adlı plakatda yazılanları oxuyur və biz də təkrar edirik. Və zəngdir...Bu zənglər artdı, çoxaldı, amma bitmədi. Təhsil həyatımızda  bitsə də xatirəmizdə zənglərin ahəngi eyni qalır. İllər keçdi, fəsillər dəyişdi və mən ilk müəllimimi müəllim masasının önündə deyil, evinin qarşısında, tut ağacının altında oturacaqda əyləşən gördüm. Məktəb vaxtlarındakı kimi həm sevinc, həm də həyəcana qərq olmuşdum. “Görəsən, məni tanıyacaqmı?” - sualını beynimdə gəzdirirdim. Axı 15 il az müddət deyildi. Yaxınlaşdım, şagirdi olduğumu söylədim. Bir qədər baxdı, adımı söyləyən kimi üzünə təbəssüm qondu, məni qucaqladı. Sifətimə yumşaq əliylə toxundu. Üzünün qırışlarını, ağarmış saçlarını daha yaxından hiss etdim. Bəli, müəllimimin yaşı artmışdı, ahıllaşmışdı. İllərlə yaddaşımda həkk olunan səsi isə dəyişməmişdi. Həmin səs, həmin avaz. Və üzərində mənə doğma olan həmin göy rəngli jaketi. O an hiss etdim ki, müəllimim üçün də mən unudulmamışdım. O an özümü sanki qanadlanıb uçacaqmış kimi hiss etdim. Həmişə məktəb vaxtı dərsin sonu zəng səsi gələndə həyəcanla, təşvişlə hazırlaşıb sinifdən “sağ olun, müəllim” deyib  tələsik çıxırdıq və bilirdik ki, növbəti gün yenidən o sinfə gələcəyik. Sağolu salamla əvəzləyəcəyik. Amma o an sağollaşanda mənim içimdə qəribə hisslər baş qaldırdı. Müəllimimi yenidən görə biləcəyimi, zamanın buna imkan verəcəyini bilmirdim. Bildiyim bir həqiqət vardı. Müəllimim mənim həyatımda böyük iz buraxdığını,  mənə doğma olduğunu, mənim təhsilə, mütaliəyə olan həvəsimin səbəbkarı  olduğunu.

 

Tünzalə QULİYEVA

 



06.11.2021 | 10:47