UFAZ-da "Sabah Lab" İnkubasiya Mərkəzinin təqdimatı olub

Azərbaycan-Fransız Universitetində (UFAZ) “Sabah Lab” İnkubasiya Mərkəzinin UFAZ tələbələri üçün təqdimatı baş tutub. Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılmış mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.

 

Təqdimatda “Sabah Lab”-ın Baş direktoru Rəhim Bayramlı, Push30 Startapının Direktoru Adil Qasımov, IBM iX şirkətinin Tech Leader-i Petras Slekys, Wolt  Azərbaycanın sabiq Baş direktoru Fuad Babayev və “Sabah Lab”-ın Marketing direktoru Fərhad Paşayev iştirak ediblər. 

 

Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan vermək üçün gənc sahibkarlar ətrafında davamlı bir ekosistem yaratmaqdır. Sözügedən təhsil proqramı unikal olaraq ali təhsil müəssisələri, dövlət qurumları, yerli və beynəlxalq bazarlarda müxtəlif böyük və kiçik şirkətlərlə sıx əməkdaşlıq vasitəsilə həyata keçiriləcək.

 

Mərkəzdəki unikal və sınanmış təhsil proqramı innovasiya və sahibkarlıq baxımından Avropada 1-ci yerdə olan “IE” Biznes Məktəbi ilə birlikdə hazırlanır. Təhsil proqramının tərkibində yerli və beynəlxalq univesitetlərdən (Stanford, MIT, UC Berkeley, IE Business School) bir neçə professorun və sənaye liderlərinin iştirakı təmin olunur.

 

Yeni mərkəzdə  təklif olunan proqrama iştirakçılar onlayn müraciət prosesi ilə seçiləcək və sonda 30-40 (10 komanda)  nəfər iştirakçı təyin olunacaq. Seçim prosessində  “IE” Biznes Məktəbi dəstək göstərəcək. İştirakçılar formalaşmış startap ideyaları olmadan da proqrama qoşula bilərlər. Proqram həm fərdlərə, həm də formalaşmış startap komandalara açıqdır.

 

Tədbirin sonunda tələbələri maraqlandıran suallara cavab verilib. Proqramda iştirak etmək istəyən UFAZ tələbələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://sabahlab.edu.az/about-us/

 



04.11.2021 | 13:57