“Zəfərin mübarək, ey Vətən!”

Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 noyabr- Zəfər Gününə həsr olunan “Zəfərin mübarək, ey Vətən!” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə unversitetin və məktəbin inzibati və pedaqoji heyət üzvləri, tələbələr, şagirdlər iştirak ediblər.

 

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və 3 saylı tam orta məktəbin direktoru Gültəkin Quliyeva çıxış ediblər.

 

Ş.Bayramov Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən bəhs edib.

 

Tarixi Zəfərin əldə edilməsində mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu bildirən rektor gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

 

Otuz illik yurd həsrətinə son qoyan şanlı Zəfərin bir neçə gündən sonra bir ilinin tamam olacağını qeyd edən məktəb direktoru G.Quliyeva tarixi əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.

 

Əzəli torpaqlarımızın uzun müddət erməni vandalizminə məruz qaldığını qeyd edən G.Quliyeva tarixi Zəfərdən dərhal sonra doğma Qarabağın sürətli və hərtərəfli dirçəlməsinin şahidi olmaqdan böyük sevinc və qürur hissi keçirdiyini bildirib.

 

Məktəblərdə vətənpərvərlik tərbiyəsinin önəmini diqqətə çatdıran direktor bu məqsədlə universitetlə ortaq təşkil edilən tədbirlərin davamlı olacağına əminliyini söyləyib.

 

Tarixi Zəfərə həsr olunan videoçarxın nümayişindən sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Tələbə və şagirdlərin ifasında Azərbaycan, ingilis və rus dillərində vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, şeirlər və mahnılar səsləndirilib, rəqslər təqdim olunub.

 



04.11.2021 | 11:36