Tərtər rayonuna mediatur keçirilib | |
Noyabrın 3-də Tərtər rayonuna mediatur təşkil edilib.
Mediaturun məqsədi Tərtər rayonunda 8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü”nün keçirilməsi, Tərtər rayonu Şıxarx kənd 1 nömrəli modul tipli tam orta məktəbin açılışı və məktəbin həyətində Zəfər Gününə həsr edilmiş aksiya çərçivəsində ağac əkilməsi, həmçinin Tərtər rayonu üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüşün keçirilməsidir.
Mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Mediatur iştirakçıları əvvəlcə Tərtər şəhərinin girişindən Bayraq Meydanına doğru yürüş ediblər.
Daha sonra şəhid Dağıstan Əzizovun adını daşıyan Şıxarx kənd 1 nömrəli modul tipli tam orta məktəbin açılışı olub.
Açılış mərasimində mediatur iştirakçıları ilə yanaşı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Rayon Təhsil Şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə və məktəb direktoru Ramil Ağayev də iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazir müşaviri çıxışının sonunda şagird və müəllimləri yeni məktəb münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon üzrə təhsil göstəricilərindən danışıb və ötən ilin uğurlarına toxunub. İcra başçısı çıxışında qeyd edib ki, Vətən müharibəsi zamanı zərər görmüş 16 məktəbdən 15-də artıq təmir-bərpa işləri həyata keçirilib.
Mediatura qatılan “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu məktəbə kitablar hədiyyə edib.
Məktəbdə 44 günlük Vətən müharibəsində Tərtər rayonu üzrə zərər dəymiş təhsil müəssisələrinin görüntülərindən ibarət sərgiyə də baxış keçirilib.
Daha sonra sözügedən məktəbin həyətində Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilən, Zəfər Gününə həsr olunmuş "Zəfərdən yaşıl düşüncəyə" adlı aksiya çərçivəsində ağaclar əkilib.
Mediatur çərçivəsində Tərtər rayonu üzrə Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə də görüş keçirilib, görüşdə onlara xüsusi diqqət və qayğı ifadə olunub.
|
|
03.11.2021 | 18:50 | |
|
|
|