Zəfər Gününə həsr olunmuş “30 ilin 44 günü” adlı tədbir keçirilib | |
Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və BMU Asan Klubun təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş “30 ilin 44 günü” adlı tədbir keçirilib.
“Keçmişdən bu günə” adlı videoçarx nümayiş etdirildikdən sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 44 günlük hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilib, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.
H.Məmmədov 1990-cı illərin əvvəllərində ölkənin düşdüyü açınacaqlı durumdan, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə, xüsusən ordu quruculuğu ilə bağlı həyata keçirilən işlərdən danışıb. Gənclərə tövsiyələrini verən rektor vurğulayıb ki, Vətən müharibəsi müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, milli ruhda tərbiyə almış, bilikli gənc nəslin yetişdiyini birmənalı şəkildə sübuta yetirdi. Qələbəmizin Azərbaycanın daha da güclü olmasını istəməyən dairələrdə qısqanclıq doğurduğunu qeyd edən H.Məmmədov gənc nəsillə işin yeni dövrün tələblərinə uyğun daha da gücləndirilməsinin zəruriliyini ifadə edib.
Rektor Azərbaycan xalqı və dövlətinin hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, şəhidlərin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildirib. Ölkəmizin ərazi bütövlüyü uğrunda müharibədə misilsiz qəhrəmanlıq nümunələri yaratmış əsgər və zabitlərimizə yüksək diqqətin, qayğının mövcud olduğunu deyən H.Məmmədov şəhidlərimizin və qazilərimizin sosial müdafiəsi istiqamətində davamlı tədbirlər həyata keçirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən general-leytenant Yaşar Aydəmirov Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatları nəzərə çatdırıb. Sonrakı mərhələdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu işləri uğurla davam etdirdiyini, müasir Silahlı Qüvvələrimizin dünyanın 50 qüdrətli ordusu sırasında qərarlaşdığını vurğulayan general 44 günlük Vətən müharibəsində həyata keçirilən əməliyyatlardan, Azərbaycan əsgərinin qəhrəmanlıqlarından danışıb.
Sonra söz tədbirdə iştirak edən şəhid ailələrinin övladlarına verilib. Baş gizir, şəhid Mehman Yusifovun övladları Məhəmməd və Süleyman Yusifov, Fatimə Yusifova, baş gizir, şəhid Mehrab Niftəliyevin övladları Kamran və Sənan Niftəliyev, Ləman Niftəliyeva, gizir, şəhid Naiq Ələkbərovun övladları Ömər Ələkbərli və Zəminə Ələkbərli, qazi polkovnik-leytenant Vüqar Əhmədovun övladı Aylin Əhmədli çıxış edib, şeirlər səsləndiriblər.
Şəhid övladlarına xüsusi xatirə hədiyyələri təqdim olunub.
Daha sonra Vətən müharibəsi qaziləri çavuş Vüqar Məmmədov, əsgər Elnur Əsgərov, baş leytenant Tariyel Şıxbalayev, xüsusi təyinatlıların səgəri Şirxan Hümbətov, kiçik çavuş Mönsüm İsgəndərov, kiçik çavuş Aşır Gülgəzov keçdikləri döyüş yolları barədə təəssüratlarını bölüşüblər.
General Yaşar Aydəmirova və tədbirdə iştirak edən qazilərə BMU-nun təşəkkürnamələri təqdim edilib.
Tədbir bədii hissə ilə sona yetib.
|
|
03.11.2021 | 19:02 | |
|
|
|