UNEC-də distant Çin dili kursları | |
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə yenidən start verir.
Dərslər Heydər Əliyev Fondu, UNEC, Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə UNEC Ekstern Mərkəzində təşkil olunacaq.
Peşəkar müəllimlər tərəfindən keçirilən dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1.5 saat olmaqla, həftədə 3 dəfə keçiriləcək.
Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan Elementar səviyyəni bitirənlər, təxminən 2000 sözə, 800 heroqlifə, 30-a yaxın qrammatik xüsusiyyətə və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq. Elementar səviyyəni müvəffəqiyyətlə bitirənlər Çin dilində sadə fikir mübadiləsi aparmaq bacarığına malik olacaq.
Sənəd qəbulu elektron qaydada http://www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə həyata keçirilir. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda proqramda iştirak etmək hüququ qazanırlar.
Proqram noyabrın 15-dən başlayaraq, 3 ay müddətinə təşkil olunacaq. Təlimlər işdən ayrılmadan distant formada keçiriləcək. Proqramın aylıq ödənişi 60 manatdır və müvəffəqiyyətlə bitirən iştirakçılar Heydər Əliyev Fondu, UNEC və Konfutsi İnstitutunun birgə sertifikatı ilə təmin ediləcəklər.
Şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin təhsil haqları Heydər Əliyev Fondu tərəfindən maliyyələşəcək.
İlk qrupa sənədlərin qəbulu noyabr ayının 10-dək aparılacaq.
Qeyd edək ki, Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı əldə edirlər.
|
|
02.11.2021 | 15:28 | |
|
|
|