Şagirdlər üçün “Yay məktəbi”

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması  məqsədilə “Yay məktəbi”nə start verilib.

 

“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək.

 

Ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 18 məktəbi əhatə edir.

 

“Yay məktəbi” zamanı 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

 

Qeyd edək ki,  “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

 



13.07.2018 | 14:01