Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyinin çağdaş nümunəsi

Bu həftə işğaldan azad olunmuş torpaqlarımızda iki mühüm hadisə baş verdi: Füzuli Beynəlxalq Hava Limanının açılışı reallaşdırıldı və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, başqa sözlə maraqla gözlənilən Zəngəzur dəhlizinin bir hissəsinin təməli qoyuldu. 

 

Füzuli şəhərində beynəlxalq hava limanının açılması sıradan bir hadisə deyildi. Quruculuq işləri aparılan tarixi torpaqlarımızda çox qısa müddətdə - səkkiz ayda tamamlanan ən iri layihə Füzulini beynəlxalq iqtisadi mərkəzə çevirir. 

 

Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanının açılması, sadəcə gediş-gəlişi asanlaşdıran, logistik imkanlar yaradan, iqtisadi əhəmiyyətli hava dəhlizinin işə düşməsi deyil, həm də siyasi çəkisi olan bir tarixi hadisədir. Bunun məntiqi ifadəsi hava limanının qırmızı lentinin Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən kəsilməsində və hər iki liderin dəhlizin simvolik açarlarını əlinə almasında idi.

 

Gözlərimiz önündə möhtəşəm siyasi palitra açılırdı: erməni vəhşiliyinin izləri hələ tamam silinməyən Füzulidə tikintisi başa çatmış möhtəşəm hava limanında ilk rəsmi səfər gerçəkləşir və bu, məhz Türkiyə dövlətinin timsalında baş verirdi. Vətən müharibəsində ədalətin bərpasına göstərdiyi böyük dəstəyə görə Türkiyə Qarabağa aid strateji obyektin qırmızı lentini kəsməyə mənəvi haqqı çatan ölkədir.

 

Zəngilanın Ağalı kəndində dost və qardaş ölkənin rəhbərinin rəsmi qarşılanma mərasimi keçirilir və buradan həm demokratik dünyaya,  həm də Azərbaycanın Zəfərindən narahat olan, qeyzlənən tərəflərə bir sıra önəmli mesajlar verilir. Bu mesaj ondan ibarətdir ki, kimin necə düşünməsindən asılı olmayaraq, Qarabağ münaqişəsi bitib, ədalət zəfər çalıb, bölgə həm sosial-infrastruktur layihələri ilə, həm də siyasi baxımdan yenidən dizayn edilir. Yəni, bölgədə sülhün də, abadlaşmanın da memarları Azərbaycan və Türkiyədir. Bölgənin işğalla başlamış 30 illik qaranlıq keçmişini birlikdə arxa qoyan Türkiyə-Azərbaycan tandemi indi barada işıqlı bir gələcəyin fundamentini də atır.  

 

Füzulidəki siyasi rəsmdən oxunması vacib olan, bədxahların bəsirət gözünü açmalı mühüm məna bundan ibarət idi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyinin çağdaş nümunəsi əskilərdən daha möhkəmdir, geridönüşü olmayan daha fərqli bir mərhələyə qədəm qoyub. Azərbaycan Vətən müharibəsində kimdən siyasi və mənəvi dəstək görürdüsə, başa çatan müharibədən sonrakı mərhələdə-bölgənin dirçəldilməsi prosesində də haqlı şəkildə həmin qüvvə ilə bir yerdə çıxış edir. Bir tərəfdən, işğaldan azad olunmuş torpaqlarımızda başlayan tikinti-bərpa işlərində Türkiyə şirkətləri yaxından çalışır, birliyin, qardaşlığın təcəssümü kimi bərabər yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir; Digər tərəfdən, Türkiyə dövlətinin başda Prezidenti olmaqla, siyasi elitası bölgəyə ardıcıl rəsmi səfərə gəlməklə yeni siyasi reallığın ortaya çıxması tablosunu yaradır. Bu tablo ondan ibarətdir ki, Türkiyə artıq bu regiondadır.

 

Burada vacib eyhamlar var. Eyham odur ki, Azərbaycanın maraqları həm də Türkiyənin maraqlarıdır. Sağdan-soldan verilən təhdid xarakterli bəyanatlar, çirkin niyyətlər bu bölgədə yenidən siyasi böhranlara, hərbi toqquşmalara yol aça bilməz; Türkiyə öz nüfuzu ilə bunların qarşısına keçmək gücünə malikdir və sabitləşdirici rolunun öhdəsindən gəlməyi çox gözəl bacarır.

 

Eyham ondan ibarətdir ki, Türkiyə Naxçıvanda necə bir təhlükəsizlik zəmanətini öz üzərinə alıbsa, Qarabağda da həmin zəmanəti öz üzərinə götürüb. Cari ilin 15 iyununda Türkiyə Prezidentinin Şuşaya ilk rəsmi səfərində imzalanan “Şuşa Bəyannaməsi”nin də mahiyyəti məhz budur. İstər cari rəsmi səfər, istərsə də bundan sonra olacaq rəsmi ziyarətlər Şuşada hüquqi baxımdan möhkəmlənən müttəfiqliyin məntiqi tərkib hissəsi kimi təşəkkül tapacaq, bölgədə davamlı sülhə töhfə verən nəticələr doğuracaqdır.

 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin birgə qoyulmasında da bu məna var. Bu yol Zəngəzur dəhlizinin bir hissəsidir və onun bünövrəsinə verilən xeyir-dua dəhlizin reallaşdırılması istiqamətində atılan addımların vacib başlanğıcıdır. Bu dəhliz bütün region dövlətləri üçün açıqdır və hamını əməkdaşlığa çağırır. Prezident Rəcəb Tayyib Ərdoğanın sitatına istinad etsək,  bu böyük layihə regionda heç kəsi kənarlaşdırmır, əksinə hamını əhatə edir.

 

Qalır, xətası olanlar səhvlərini düzəltsin, yanlış fikirlərdən ayılsın və Zəhgəzur dəhlizi platformasında əməkdaşlığa gecikmədən başlasın; çünki burada hamının yetərincə siyasi və iqtisadi qazancı var. Bu layihə bütün qonşuları etibarlı dosta, tərəfdaşa çevirən ən gözəl platformadır. 

 

Burada Türk dünyası üçün də möhtəşəm bir gələcəyin anonsu var: türk coğrafiyasının mənəvi birliyi fiziki yaxınlaşma ilə tamamlanacaq. Bu gələcəyin yaxın məsafəsində Zəngəzurdan çıxıb əfsanəvi İstanbula qədər getməyin gerçəkləşən xəyalları dayanır, sonrasında isə daha geniş hüdudlar! Bu sanballı konsepsiya, müdrik siyasət barədə düşündükcə, əlbətdə ki, Türk millətinə qürur verən hadisələrdən məmnun qalmamaq, iftixar hissi keçirməmək mümkün deyil! 

 

Türkiyənin iştirakı ilə dəhlizin Şərqi Zəngəzur hissəsinin salınmasının start götürməsi qarşıya qoyulan hədəfə çatmaqda təminatverici rola malikdir.  Türkiyə ilə Azərbaycanın birgə gücü sözsüz ki, daha da təsirli nəticələr vəd edir.

 

Bu strateji tərəfdaşlığın tükənməz perspektivləri var. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

 

Gələn ay Azərbaycan əhəmiyyətli beynəlxalq təsisat olan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq, qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

 

Vəfa ALLAHVERDİYEVA

 



29.10.2021 | 15:05