ADPU-nun Elmi Şurasının iclası keçirilib

İyulun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Elmi Şurasının 2017-2018-ci tədris ili üçün sonuncu iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov  bildirib ki, iclasın gündəliyinə yaz imtahan sessiyasının yekunları, ADPU-da kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri, magistratura və doktorantura şöbəsinin fəaliyyəti  və  cari məsələlər daxildir.

 

Rektor Cəfər Cəfərov  qeyd edib ki, ADPU-da islahatlar davam edir. Universitet müxtəlif layihələrdə fəal iştirak edir, kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqə başa çatıb, ingilis dili müəllimlərinin bilik səviyyələrinin qiymətləndirilməsi həyata keçirilib. Qarşıdan ADPU-nun 100 illik yubileyi gəlir. 2018-2019-cu tədris ilindən bu yubileyə hazırlıq işləri başlayacaq. Bu ilin sonuna kimi ADPU-nun filiallarının akkreditasiyası keçiriləcək. Təhsil Nazirliyinin bu yaxınlarda keçirilən hesabat iclasında pedaqoji təhsillə və müəllim hazırlığı ilə bağlı yeni hədəflər müəyyən edilib. Fakültələrin, kafedraların məsuliyyəti artırılmalı, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının səviyyəsi yüksəldilməli, kreativ və analitik düşüncəyə malik gənc mütəxəssislərə üstünlük verilməlidir. Rektor çıxışında ADPU-nun Şamaxı filialında humanist pedaqogika üzrə keçirilmiş pedaqoji oxular, əməkdaşlıq haqqında bağlanmış müqaviləyə uyğun olaraq Lənkəran Dövlət Universitetində keçirilmiş görüş, həmçinin Cəlilabad filialında gerçəkləşmiş görüş haqqında ətraflı məlumat verib və bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov yaz imtahan sessiyasının yekunları haqqında məlumat verib. Bildirib ki, imtahan sessiyası I-II tədris illərində yazılı, III-IV tədris illərində test üsulu ilə aparılıb. Prosesi 90 nəfərlik nəzarətçi, 30 nəfərlik koordinator qrupu idarə edib. Apelyasiya Komissiyasına 1700  tələbə müraciət edib. 1027   tələbənin imtahan nəticələrinə baxılıb və qiymət qüvvəsində saxlanılıb. Lakin 673  tələbənin imtahan qiyməti artırılıb. İmtahan Qərargahına 51  tələbə müraciət edib. Bütün müraciətlər ciddi araşdırılıb və əsasən müraciətlərin əsassız olduğu müəyyən edilib. 2017-2018-ci tədris ilindən etibarən şəffaflığın və obyektivliyin təmin edilməsi üçün imtahan nəticələrinin yoxlanılmasında çarpaz yoxlama sistemi tətbiq olunub. Təhsil Nazirliyinin məlum əmrinə uyğun olaraq ADPU-da tələbələrə 2 fənni dinləmədən akademik kredit borclarını ödəmək üçün lazımi şərait yaradılıb. Bütövlükdə yaz imtahan sessiyası uğurla başa çatıb.

 

Dosent E.Aslanov iclasda həmçinin  ADPU-da kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri haqqında  məlumat verib. Qeyd edib ki, ADPU-da professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqənin keçirilməsi barədə  “Azərbaycan müəllimi” qəzetinin 8 mart 2018-ci il tarixli nömrəsində müvafiq elan dərc edilib, həmçinin bu barədə məlumat universitetin  rəsmi  adpu.edu.az saytında yerləşdirilib, sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Rektorun müvafiq əmri ilə Müsabiqə Komissiyası yaradılıb. Müsabiqəyə 8 fakültədə 32 kafedra üzrə 124 vakant yer çıxarılıb. Universitet üzrə 403 nəfərin sənədi qəbul edilib. Qəbul edilən ümumi sənədlərdən 27 nəfərin sənədi kafedra müdirləri tərəfindən iddia etdikləri yerə uyğun hesab edilməyib və geri qaytarılıb. Nəticədə 387 nəfər müsabiqəyə buraxılıb. Keçirilən “açıq dərs”lərin videoçəkilişləri aparılıb. Seçki mövcud qaydaların tələblərinə uyğun təşkil olunub, sağlam və ədalətli rəqabət mühiti təmin edilib, şəffaf və obyektiv keçirilib.

 

Elmi Şura dosent E.Aslanovun hər iki hesabatını yekdilliklə qəbul edib.

 

Magistratura və doktorantura şöbəsinin fəaliyyəti haqqında şöbənin müdiri, professor İbrahim Bayramov məlumat verib.  İ.Bayramov qeyd edib ki, şöbə öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun qurur.  Magistratura və doktorantura şöbəsinin  fəaliyyəti iki istiqamətdə: doktorantura və dissertantura yolu ilə və magistr hazırlığı yolu ilə həyata keçirilir. Hazırda 18 ixtisas, 19 ixtisaslaşma üzrə magistr hazırlığı həyata keçirilir. 21 kafedrada magistr hazırlığı aparılır. Magistrlərin təhsili ilə 13 elmlər doktoru, 72  fəlsəfə doktoru, 13 professor, 58 dosent məşğul olur. Magistrlərin elmi-tədqiqat işlərinə daha geniş miqyasda cəlb edilmələrinə xüsusi önəm verilir. II tədris ili magistrlərinin elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri başa çatıb. Onların dissertasiya müdafiəsinin təşkili ilə bağlı mövcud qanunvericiliyə uyğun hazırlıq işləri tamamlanıb.

 

Elmi Şura professor İ.Bayramovun hesabatını qəbul edib.

 

İclasda professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, professor Buludxan Xəlilov və başqaları çıxış edərək imtahan sessiyasının uğurla yekunlaşmasını ADPU-da aparılan islahatların nəticəsi kimi qiymətləndiriblər. 

 

Magistratura və doktorantura şöbəsində aparılan monitorinqin nəticələri barədə keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib.

 

Sonda professor Asəf Zamanov cari məsələlər, elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov isə 6 kafedra üzrə keçirilmiş professor seçkisinin nəticələri barədə məlumat verib. Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

 

Şakir CƏFƏROV

 

 

 

 



13.07.2018 | 17:41