Heydər Əliyevin uzaqgörən siyasəti - Şanlı Qələbəmizin təməli

İşğalçı Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsində əldə olunan Şanlı Zəfər dövlətçilik və müstəqilliyimizin şərəfli tarixidir. 44 günlük Zəfər yolu gələcəyimizə uzanan möhtəşəm körpü, düşmənlərimiz üçün ömürlük göz dağıdır. Yaxın keçmişimizə dönəndə hansı ağrı-acılarla üzləşdiyimiz kino lenti kimi göz önündən keçir. 30 illik zaman kəsimində Azərbaycan xalqı olmazın faciələr yaşadı, haqsızlıqlara uğradı, ədalətsizliklərlə üz-üzə qaldı. Yüz minlərlə soydaşımız əzəli torpaqlarından didərgin salındı, soyqırımlara, insanlığa sığmayan vəhşiliklərə məruz qaldı. Öz torpağında qaçqına, məcburi  köçkünə, Vətən qəriblərinə çevrildi.

 

Bu gün illərdir bizi üzən xəcalət hissini fəxarət duyğuları əvəzləyib. Bu müqəddəs hissləri bizə yaşadan, xalqımızı çətin sınaqlardan üzüağ çıxaran isə ulu öndər Heydər Əliyevin ATA vəsiyyətini layiqincə və şərəflə yerinə yetirən  Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Bu şanlı Vətən müharibəsinin ən böyük QƏHRƏMANI Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevdir. Uzaqgörən siyasəti, yüksək intellekti, zəngin mənəviyyatı ilə qəlblərdə və tarixdə silinməz iz qoyan Qalib Sərkərdə - İlham Əliyev.

 

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”

 

Xalqdan ordu yaradan lider hər zaman müzəffərdir. O bizi bir yumruq kimi birləşdirdi, dəmir bir yumruq kimi. Şanlı Qələbəmizi qeyd edərkən ulu öndər Heydər Əliyev yanımızda olmasa da,  əminik ki, ümummilli liderimiz Heydər Əliyevin və bütün  şəhidlərimizin ruhu şaddır. Müqəddəs ruhların şad olduğu ölkədə isə hər kəs başını dik tutub qürurla gəzə bilər. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən, şərəfli həyatını Azərbaycanın xoşbəxt gələcəyinə həsr edən Ulu Öndərin ən böyük arzusu reallaşdırıldı...

 

“Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” - deyən Prezidentimiz xalqın öz liderinə olan inamını və sevgisini birə-beş artırdı.

 

“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə “mümkünsüzü” mümkün etdi. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! “Qarabağ Azərbaycandır və nida işarəsi” söyləyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədinə əməl etdi.

 

Bir sözlə, bu Şanlı Qələbə Ulu Öndərin və onun siyasi kursunun  layiqli  davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin şah əsəridir. Belə ki, bu uğurun təməlləri hələ ötən əsrin 70-ci illərində - Ulu Öndərin hakimiyyəti dövründə atılmışdır. Qarabağ zəfəri ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ardıcıl məntiqi siyasətinin nəticəsidir. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən Müzəffər Ordu, yüksək nizam-intizam bu qələbəni şərtləndirən əsas  amillərdəndir. 

 

Haqq mübarizəmizi Qələbəyə aparan amillərdən ən mühümü  uzun  illər ərzində  ulu öndər  Heydər Əliyevin təməlini qoyduğu və bu gün də ölkə başçımız tərəfindən uğurla davam etdirilən diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini  dünyaya çatdırmaq  istiqamətində aparılan işlər öz səmərəsini verdi. Bütün aparıcı beynəlxalq təşkilatlar  Azərbaycanın ərazi bütövlüyünü tanıdı və dəstəklədi.

 

“Bir millət, iki dövlət”

 

Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər. Heydər Əliyev dövrün və zamanın tələblərini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxması, ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Türkiyə-Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişafında Heydər Əliyevin danılmaz imzası vardır. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun,  qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Bir millət, iki dövlət” müdrik kəlamı hər iki ölkənin qardaşlıq şüarına çevrilmişdir. Bu kəlam həyatın bütün sahələrində öz təsdiqini tapdı. Müdrikcəsinə söylənilmiş bu fikir Azərbaycan və Türkiyə üçün birgə inkişaf yolu və irəliyə aydın baxış fəlsəfəsi idi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyə daim Azərbaycanın mövqeyini dəstəkləyib, bu gün də tutduğu yola sadiqdir. Türkiyə eynilə bir əsr bundan əvvəl Nuru paşanın komandanlığında Qafqaz İslam Ordusunun yanımızda olduğu  kimi  çətin və məsuliyyətli günümüzdə də, sözün əsl mənasında, sadiq bir qardaş, dost kimi yanımızda oldu. Türkiyənin Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması bir daha “Bir millət, iki dövlət” olmanın əyani  ifadəsinə, dostluq və qardaşlığımızın təzahürünə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi.

 

İstər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və ikinci dönəmində, istərsə də onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə idarəçilik məsələlərinə xüsusi önəm verilmişdir. Çünki dövlətçiliyin inkişafı dövlət idarə etməsindən, yüksək idarəçilik qabiliyyətindən önəmli dərəcədə asılıdır.

 

Dövlətin və dövlətçiliyin inkişafı həm də yüksək səviyyədə idarəetməni, bu sahədə çalışanların bacarıq və qabiliyyətini şərtləndirir. Yüksək səmərəli dövlət idarəçiliyi olmayan cəmiyyətin, dövlətin dayanıqlı, davamlı, sabit inkişafı da mümkün deyil.

 

44 günlük Vətən müharibəsi ilə 33 illik münaqişəyə son qoyulması, tarixi Zəfərin əldə edilməsi yüksək dövlətçilik, idarəçilik mədəniyyətinin bir göstəricisidir. Bu Şanlı Qələbəni qüdrətli dövlət və siyasət xadimi olan İlham Əliyevin fitri istedadı və tükənməz enerjisi nəticəsində əldə etdik, qazandıq.

 

Qarabağ probleminin zəfərlə nəticələnməsinin, bu böyük uğurun təməlində Heydər Əliyev siyasi kursunun əsas prinsipləri dayanır. Ali Baş Komandanın əmri ilə Qarabağda Vətən müharibəsinə başlanılması və bu savaşda Azərbaycanın sona qədər qərarlı, Qələbəyəcən getmək, geri çəkilməmək niyyətində olduğu bütün dünyaya bəyan oldu. Tarixi müraciətdən saniyələr, dəqiqələr keçməmiş Azərbaycan vətəndaşları - igid, mərd Azərbaycan oğulları səfərbər olunmağa başladılar. Tarixi zamanında da Heydər Əliyevin müraciəti ilə xalq meydanlara axışmış, Ulu Öndərin haqq səsinə səs vermişdi. 27 sentyabr müraciəti Azərbaycan insanının bir daha inamını özünə qaytardı. Xalq-dövlət, xalq-iqtidar vəhdəti, xalq İlham Əliyev birliyi bir daha və qətiyyətli şəkildə özünü nümayiş etdirdi.

 

“Dəmir yumruq” - Qələbənin rəhni

 

Bəli, sentyabrın 27-də başlayıb, noyabrın 10-da, gecə saatlarında müvəffəqiyyətlə, Zəfərlə başa çatan “Dəmir Yumruq” adlı 44 günlük tarixi İkinci Qarabağ savaşının, Vətən müharibəsinin  əsas qəhrəmanları, əsas dastan yazanları məhz Müzəffər Ali Baş Komandanın əsgərləri, Şanlı və Rəşadətli Azərbaycan Ordusudur. O ordu ki 27 -28 il öncə, demək olar ki, yox idi. Olanı da pərakəndə, dağınıq, xaotik idi. Bir-birini qəbul etməyən, heç kimə tabe olmaq istəməyən silahlı dəstələr, könüllülər batalyonundan ibarət nizamsız ordu. Ulu öndər Heydər Əliyevın xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, o ağır günlərdə tarixi xilaskarlıq missiyasına başlaması ilə bütün sahələrdə və ilk növbədə Orduda intizamsızlığa son qoyuldu. Silahlı dəstələr, könüllülər bir mərkəzdə, vahid komandanlıqda birləşdirildi, dəmir nizam-intizam  yaradıldı. Ümummilli liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan ordusunun gücünün, qüdrətinin, döyüş qabiliyyətinin və əzminin, vətənpərvərlik ruhunun yüksəldilməsi, onun ən müasir silahlarla, hərbi texnikalarla təchiz olunması istiqamətində qətiyyətli addımlar atıldı. Hərbçilərimiz və ya hərb sənətinin bütün incəlikləri ilə tanış olmaq, əxz etmək istəyən gənclərimizin xarici ölkələrdə, xüsusilə qardaş Türkiyənin yüksək nüfuzlu ali hərb məktəblərində təcrübə keçmələrinə, təhsil almalarına hər cür şərait və imkanlar yaradıldı.

 

QƏLƏBƏYƏ gedən yol

 

Qələbəyə gedən yol ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından başlayıb. Azərbaycan dinc, stabil inkişaf, quruculuq mərhələsinə qədəm qoydu. Bütün sahələrdə tənəzzül aradan qaldırıldı. Ən əsası, Azərbaycan insanında, Azərbaycan vətəndaşında özünə, sabahına, gələcəyinə, dövlətinə güclü inam hissi yaranmağa, formalaşmağa, ümidlər közərməyə, alovlanmağa başladı. Dövlət vətəndaşından, vətəndaş dövlətindən güc aldı. Müdrik dövlət xadimi Heydər Əliyev qəti əmin oldu ki, ağır vəziyyətdə olan respublika iqtisadiyyatını dirçəltmək, ölkənin dünyaya inteqrasiyasında iştirakını canlandırmaq üçün əsas vasitə neft amili ola bilər. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, Azərbaycan neftinin, qazının dünya bazarlarına çıxarılmasını təmin edən Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz boru kəmərləri ölkəmizin dünya neft siyasətində özünəməxsus yer tutmasına imkan yaratdı.

 

Ölkəmizin  Qədim İpək Yolu dəhlizində fəal iştirakı, Bakı-Ələt Dəniz Limanının,  Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələtdə xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın dünyanın mühüm nəqliyyat dəhlizinə çevrilməsi imkanlarını reallaşdırdı. Vətən müharibəsindəki qələbəmiz, Naxçıvanın nəqliyyat blokadasından azad olunması ölkəmizin nəqliyyat-ticarət əlaqələrinin inkişafında yeni bir mərhələnin başlanğıcından xəbər verir.

 

Şuşada Novruz tonqalı

 

Bütün dünya görür ki, “Qarabağ Azərbaycandır”. Dünya gördü ki, Azərbaycan xalqı və Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən Novruz bayramında  cənab Prezident ailəsi ilə Şuşadadır. Şuşada Cıdır düzündə bayram tonqalı alovlanır, muğam səsi gəlir. Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında  olan torpaqlarını öz gücü, qüdrəti ilə azad etməyə qadirdir.

 

İndi isə azadlığa qovuşaraq şadyanalığa bürünən Qarabağ, Şərqi Zəngəzur sevincini bütün obalara, ellərə, Odlar yurdunun hər yerinə paylayır.  İndi burada həyat qaynayır, 30 illik həsrətdən, nisgildən, qübardan sonra bu yurdların üzü gülür. Başındakı çən, çiskin çəkilib, bağ-bağçaları, çəmənləri yenidən laləzara çevrilib. Əzəli yurdlarımız intizarında olduğu o axarlı-baxarlı çağlarına, şən-şaqraq, bəxtəvər, bayram coşqulu günlərinə qovuşur. Şuşadan, Cıdır düzündən ucalan Azərbaycan təranələri pərdə-pərdə Qarabağa, işğaldan azad edilən bütün torpaqlara yayılır. Hər anı sevincə köklənən Vətənimiz indi bəxtəvərliklə övladlarına qucaq açır, doğmalarının isti həniri könlünə məlhəm olur.

 

Bizim nəsil bu şanlı tarixin növbəti səhifələrini yeni-yeni zəfərlərlə yazacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!

 

Qələbən mübarək, Azərbaycan!

 

Qalibiyyətin mübarək, Müzəffər Ali Baş Komandan!

 

Zəfərinə alqış, Şanlı Azərbaycan Ordusu!

 

Ruhunuz şad olsun, ey ana Vətən uğrunda can qoyan müqəddəs Şəhidlərimiz!

 

Aytən BAĞIYEVA,

Bakı şəhəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 



29.10.2021 | 13:14