Türkiyənin tanınmış professoru radiasiya onkologiyası mövzusunda məruzəsini təqdim edib

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssisi, onkoloq həkim, Prof. Dr. Berrin Pehlivan Azərbaycana səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub.

 

O,  institutun baş direktoru, akademik İradə Hüseynova ilə görüşüb.

 

Görüşdə İ.Hüseynova iki qardaş ölkə arasında bütün istiqamətlər üzrə davam edən əməkdaşlıq əlaqələrindən bəhs edib. Həmçinin bu yaxınlarda ildönümü qeyd olunacaq Azərbaycanın möhtəşəm Qələbəsindən söz açıb.

 

Görüşdə gələcəkdə B.Pehlivanın rəhbərlik etdiyi klinika və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulması, yeni metodların tətbiqi, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd edilib.

 

Akademik İ.Hüseynova B.Pehlivanın Hacettepe Universiteti Tibb fakültəsi məzunu olduğunu bildirib, alimin Boston Universitetinin Radiasiya Onkologiyası Bölməsində tədqiqatlar apardığını və təcrübə keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, uzun müddət xaricdə fəaliyyət göstərmiş B.Pehlivan xərçənglə mübarizədə qlobal texnologiyaların tətbiqi ilə bağlı araşdırmalar aparıb, Fransa və İsveçrədə şiş hüceyrələri ilə bağlı bir çox elmi tədqiqat işlərində yer alıb. 

 

Akademik türkiyəli professorun azərbaycanlı xərçəng xəstələrinin müalicəsində yaxından iştirak edərək, onların öz sağlamlıqlarına qovuşmasında böyük rol oynadığını bildirib. Əlavə edib ki, B.Pehlivan hazırda Türkiyədə həkimlik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həm də mühüm elmi tədqiqat işləri üzərində çalışır.

 

Sonra Prof. B.Pehlivan “İnsan genomu layihəsi onkoloji yanaşmanı necə dəyişdirdi?” mövzusunda məruzə ilə çıxış edib. O, artıq 20 ildir ki, radiasiya onkologiyası sahəsində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, illər öncə xərçəng xəstəliyi müalicə olunmayan xəstəliklər sırasına daxil olsa da, müasir dövrdə onun müalicəsi mümkündür. Alimin sözlərinə görə, molekulyar onkologiya istiqamətinin inkişafı və bu sahədə son texnologiyaların tətbiqi sayəsində hazırki dövrdə xərçəngin müalicə edilə bilən xəstəlik olduğunu demək mümkündür.

 

Məruzəçi “İnsan genomu layihəsi”nin həyata keçirilməsi ilə şiş xəstəlikləri sahəsində böyük irəliləyişin əldə olunduğunu qeyd edib, kimyaterapiya, funksional MRT-nin üstünlükləri, radioterapiya cihazlarının inkişaf mərhələləri, orqana əsaslanan yanaşmalar barədə məlumat verib.

 

 B.Pehlivan xərçəngin müalicəsində tətbiq olunan kimyaterapiya, radioterapiya, cərrahi üsullar və onların məqsədindən bəhs edib, radioterapiyada tətbiq olunan müasir texnologiyaları diqqətə çatdırıb. Qeyd edib ki, doğru hədəflənmə ilə xəstənin ömrünü uzatmaq, yan təsirləri azaltmaq, həyat səviyyəsini yüksəltmək, eləcə də yeni müalicə strategiyalarını tətbiq etmək mümkündür.

 

Türkiyəli professor, həmçinin immunoterapiya, definitiv kimyaradioterapiya, radioterapiyanın gələcəyi hesab olunan flaş radioterapiya, protonterapiyanın üstünlükləri barədə də ətraflı məlumat verib.

 



28.10.2021 | 17:11