BMU-da Vətən müharibəsinə həsr olunan “açıq dərs”

Bakı Mühəndislik Universitetində (BMU) 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Gününə həsr olunan “açıq dərs” keçirilib.

 

Tədbirdə BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə, memarlıq və inşaat fakültəsinin tədris işləri üzrə dekan müavini Pərviz Məmmədov iştirak edib.

 

Sənaye mühəndisliyi ixtisasının II kurs tələbələri üçün təşkil olunan “açıq dərs”də Ümumi fənnlər kafedrasının dosenti Xaqan Balayev Vətən müharibəsi mövzusunda təqdimatla çıxış edib. O, 2020-ci ilin sentyabr ayında ermənilərin törətdikləri növbəti təxribatların müharibənin başlanmasını qaçılmaz etdiyini və Azərbaycan ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına başladığını vurğulayıb. X.Balayev müstəqil Azərbaycanın tarixi və müharibənin gedişi barədə zəruri məlumatları tələbələrin diqqətinə çatdıraraq bildirib ki, 44 günə əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına azadlığa qovuşub. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilib və Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü bərpa edib.

 

Tədbirdə 44 günlük müharibənin gedişi zamanı Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmənin xalqımızın iradəsini sarsıtmaq, həmçinin ordumuzun döyüş ruhunu azaltmaq məqsədilə günahsız mülki insanları hədəfə alıb törətdiyi müharibə cinayətlərindən söz açılıb. Azərbaycan şəhərlərinin ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmasının əsl müharibə cinayəti və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

 

Bununla yanaşı, “açıq dərs”də ermənilərin kapitulyasiya aktına imza atmasından, 2020-ci ildə keçirilmiş Qələbə Paradından, həmçinin müharibə müddətində xaricdə yaşayan azərbaycanlıların erməni təcavüzü əleyhinə həmrəylik nümayiş etdirirərək yürüşlər keçirməsindən bəhs olunub.

 

Tədbirdə çıxış edən Ümumi fənnlər kafedrasının müdiri, dosent Bilal Dədəyev 44 günlük Vətən müharibəsinin tariximizə şanlı hərflərlə yazıldığını, bügunkü tələbələrin xoşbəxt nəsil, eləcə də qalib ölkənin vətəndaşları olduğunu vurğulayıb. 

 

İnteraktiv formada baş tutan “açıq dərs”də tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



28.10.2021 | 16:40