Kiyev Milli İqtisadiyyat Universiteti ilə MDU arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Ukraynaya səfəri çərçivəsində Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) rektoru Dmytro Lukianenko ilə görüşüb.

 

D.Lukianenko rəhbərlik etdiyi ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolu, beynəlxalq əməkdaşlığı, uğurları və məzunları haqqında ətraflı məlumat verib. Azərbaycan universitetləri, o cümlədən MDU ilə əməkdaşlığa böyük önəm verildiyini qeyd edən  KNEU rektoru iki universitet arasında əməkdaşlığın inkişafı üçün zəruri imkanların yaradılmasına hazır olduğunu diqqətə çatdırıb.

 

MDU-nun rektoru Ş.Bayramov Azərbaycan və Ukrayna arasında tarixi köklərə malik dostluq münasibətlərindən bəhs edib, Ukraynanın qabaqcıl universitetlərindən olan KNEU ilə işbirliyinin gücləndirilməsini iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirib.

 

MDU-nun strateji hədəfləri və kadr hazırlığı istiqamətlərindən söz açan Ş.Bayramov son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işlərdən bəhs edib. Sürətlə müasirləşməkdə olan MDU-da beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayan rektor 115 illik tarixi olan KNEU ilə əməkdaşlığın potensial istiqamətləri barədə fikirlərini bölüşüb, tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlərin perspektivlərindən danışıb.

 

KNEU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Viktor Çujikovun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 



28.10.2021 | 12:11