Cümhuriyyət dövründə təhsil prioritet məsələ kimi

Dünya tarixində yeni - respublika tipli demokratik  dövlət idarəçiliyi formasının  geniş yayılmağa başladığı dövrdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti  xalqımızın tarixin ən qədim qatlarından başlanan dövlətçilik ənənələrinin qanunauyğun davamı idi.

 

Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamında qeyd edilir ki,  “Qədim və zəngin  dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə  böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırı XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır”. Azərbaycan Prezidenti İlham Əliyev isə bu xüsusda öz fikirlərini belə ifadə etmişdir: “Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı  böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.

 

Təhsilin məzmun və struktur cəhətdən yenidən qurulması milli hökumətin əsas vəzifələrindən biri idi

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, elm və mədəniyyətin inkişafını dövlət quruculuğunun təməl prinsiplərindən sayaraq, xalq maarifinin məzmun və struktur cəhətdən müstəqil dövlətçilik ənənələrinə uyğun yenidən qurulmasını milli hökumətin əsas vəzifələrindən biri kimi bəyan etmişdi. Təhsilə, maarifə belə münasibətin nəticəsi idi ki, hələ Tiflisdə yaranan ilk Müvəqqəti hökumət kabinetinin (28.05.1918-17.06.1918) tərkibindəki 9 nazirlikdən biri Xalq Maarif Nazirliyi idi.

 

Nazirlik yarandığı ilk gündən Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin əsas istiqamətlərindən olan təhsil müəssisələrinin milliləşdirilməsi məsələsini ön plana çəkmiş, ümumi icbari təhsil layihələri hazırlamış, kəndlərdə, şəhərlərdə yeni məktəblər açmağa qərar vermişdir (bax: Rüstəmov F.A.Milli maarifimizin  qaranquşları (ADR dövründə  xalq maarifı). “Azərbaycan məktəbi” jurnalı 1991, №2-3).

 

Ölkədə fəaliyyət göstərən bütün maarif ocaqları, məktəblər onun tabeliyinə verildi. Az keçmədi ki, hökumətin qərarı ilə Azərbaycanda həmin Nazirliyin tabeliyində əvvəlkilər saxlanmaqla, 10 bölgədə yeni xalq məktəbləri müfəttişliyi yaradıldı və regionlardakı təhsil müəssisələrinin fəaliyyətinə nəzarət onlara tapşırıldı.

 

AXC hökumətinin təhsillə bağlı xalqa müraciəti

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə formalaşan ikinci kabinetinin Azərbaycan xalqına ünvanlanmış 17 iyun 1918-ci il tarixli müraciətində deyilirdi ki, hökumətin yaxın dövrdə həyata keçirəcəyi tədbirlərdən biri də xalq maarifi, təhsil müəssisələrinin milliləşdirilməsi, maarif ocaqlarında tədrisin ana dilində aparılması, anadilli məktəblər şəbəkəsinin genişləndirilməsi olacaqdır. Eyni zamanda müraciətdə bu da xüsusi vurğulanırdı ki, təhsildə milliləşmə prosesi tədrici yolla, mərhələlərlə həyata keçiriləcəkdir (bax:Azərbaycan Xalq  Cümhuriyyəti ensiklopediyası (İki cilddə). I cild, Bakı, 2004).

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz fəaliyyətinin Gəncə dövründə (17.06.1918-17.09.1918) təhsil müəssisələrinin, dövlət orqanlarının milliləşdirilməsi sahəsində müvafiq hökumət tədbirlərinin həyata keçirilməsinin hüquqi bazasını yaratmaq məqsədilə “Türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında” 27 iyun 1918-ci il tarixli qərar qəbul etdi. Həmin qərarla Azərbaycan türkcəsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edildi, bütün dövlət orqanları, məhkəmə, təhsil müəssisələri və digər inzibati qurumlarda da bu dildən istifadə olunması tələb edildi (bax: Mahmudov Y.M. Azərbaycan Xalq Cümhuriyyəti Türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. “Xalq qəzeti”, 28 may 2016-cı il).

 

Hər cür yazılı müraciət ancaq dövlət dilində olmalı idi

 

Parlamentin dəftərxanası bütün dövlət və ictimai təşkilatlara, ayrı-ayrı şəxslərə bildirdi ki, parlamentə, onun dəftərxanasına hər cür yazılı müraciət ancaq dövlət dilində olmalıdır. Lakin ölkədə idarəetmə orqanlarında dövlət dilində danışmağı və yazmağı bilən milli kadrlar çatışmadığı üçün hökumət həmin qərarda müstəsna hal kimi, milli mütəxəssislər yetişənədək rəsmi yazışmalarda rus dilindən də istifadəyə icazə vermişdi.

 

Bu qərar məktəb və bütövlükdə maarif sahəsində milliləşmə prosesinin bir növ başlanğıcı oldu. İstər Azərbaycan türkcəsinin dövlət dili elan olunması, istərsə də təhsil sisteminin, məktəb və maarif ocaqlarının milliləşdirilməsi ideyası təsadüfi deyildi. Nəzərə alaq ki, bu proses Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ciddi təhlükə qarşısında qaldığı bir tarixi şəraitdə, ölkənin paytaxtı Bakı uğrunda amansız mübarizənin getdiyi bir zamanda həyata keçirilməyə başlamışdı, onda milli hökumətin həmin tədbirə nə qədər böyük əhəmiyyət verdiyini başa düşmək olar. Dövrün reallığı belə idi ki, təhsil sisteminin milliləşdirilməsi, təhsilin ana dilində aparılması uğrunda yarım əsrlik milli mübarizənin o zamankı təmsilçilərinin-hökumətə rəhbərlik edən maarifçi ziyalıların əlinə tarixi fürsət düşmüşdü. Onlar bu fürsətdən yararlanmağı özlərinin və müstəqil dövlətin ən ali vəzifələrindən biri sayırdılar (bax: Rüstəmov F.A. Milli maarifimizin qaranquşları (ADR dövründə  xalq maarifı). “Azərbaycan məktəbi” jurnalı, 1991, №2-3).

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif, təhsil, elm və mədəniyyət sahəsində apardığı siyasətin reallaşdırdığı təxirəsalınmaz tədbirlərin və keçirilməsi nəzərdə tutulan islahatların əsas istiqamətləri elmi mənbələrdə belə təqdim olunur: Azərbaycanda fəaliyyət göstərən maarif müəssisələrinin, təhsil ocaqlarının qısa müddətdə, istisnasız olaraq milliləşdirilməsi; ölkədə tədrisin, əsasən, Azərbaycan türkcəsində aparılmasına nail olunması; təlim müvəqqəti olaraq başqa dillərdə təşkil edilən məktəblərdə dövlət dilinin məcburi və intensiv şəkildə tədrisinin təmin edilməsi; tezliklə hamılıqla ümumi icbari təhsilə keçilməsi; milli azadlığın, milli istiqlalın, milli maarif və təhsilin ahəngdar inkişafının təməl prinsipi olması ideyasının təhsil quruculuğu prosesində dönmədən həyata keçirilməsi; təhsil sahəsində islahatlar aparmaq üçün xüsusi hökumət komissiyasının, o cümlədən təhsilin məzmunu, proqram və dərsliklərin hazırlanması üzrə komissiyaların təsis edilməsi; milli məktəbin tərəqqisini təmin etmək məqsədilə milli müəllim kadrlarının yetişdirilməsi üçün yeni kişi və qadın müəllim seminariyalarının yaradılması; eyni zamanda ilkin olaraq müəllim hazırlayan qısamüddətli pedaqoji kursların açılması; ilkin zəruri ehtiyacı ödəmək üçün Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi; təhsilin məzmunu sahəsində islahatların aparılması, yeni proqram və dərsliklərin hazırlanması və nəşri, təhsilin məzmununda milli-mənəvi dəyərlərə - türkçülük, azərbaycançılıq, islamçılıq və avropaçılıq dəyərlərinə üstünlük verilməsi; təhsil, maarif işçiləri üçün pedaqoji mətbuat orqanlarının, məktəblilər üçün uşaq ədəbiyyatı üzrə jurnalların təsis edilməsi və nəşrinin təşkil olunması; ölkənin idarə olunması və iqtisadi müstəqilliyinin təmin olunması üçün milli mütəxəssislərin hazırlanması; bu məqsədlə ölkədə ali və orta ixtixas təhsili məktəbləri şəbəkəsinin qurulması və xarici ölkələrdəki tanınmış ali məktəblərdə azərbaycanlı gənclərin təhsil almalarına şərait yaradılması; ölkənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ədəbiyyatını öyrənmək üçün elmi müəssisələrin, elmi cəmiyyətlərin, universitetlərin təsis olunması; sənət, texniki-peşə məktəbləri, ümumi təhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi; internat tipli məktəblərin, məktəbəqədər tərbiyə müəssisələrinin dövlət himayəsinə keçirilməsi; ölkənin hərbi potensialını formalaşdırmaq, müdafiə qüdrətini möhkəmləndirmək məqsədilə milli hərbi təhsil ocaqlarının geniş şəbəkəsinin yaradılması; ölkə büdcəsində təhsilə ayrılan xərclərin mərhələlərlə intensiv olaraq artırılması; ana dilində təhsilin, maarifin inkişafı, əhali arasında savadsızlığın aradan qaldırılması və Azərbaycanın Avropaya mədəni inteqrasiyası məqsədilə əlifba islahatının aparılması, latın əlifbasına keçilməsi ilə bağlı hökumət komissiyasının yaradılması, ilkin layihənin Parlamentdə müzakirəsi və digər müvafiq təşkilati məsələlərin həlli və s.

 

Z(Q)MS-nin Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif, təhsil müəssisələrinin milliləşdirilməsi sahəsində ilk tədbirlərindən biri Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun 1918-ci il tarixli qərarı oldu. Firidun bəy Köçərli seminariyanın Qazaxa köçürülməsi işinə rəhbərlik etdi.

 

Qazax seminariyası 1918-ci il noyabrın 10-da açılmış və fəaliyyəti ərzində Qori seminariyasının ənənələrinə sadiq qalmış, orada təlim və tərbiyə sahəsində tətbiq edilən bütün mütərəqqi cəhətləri davam etdirmişdir (bax: İbrahimov F.N., Hüseynzadə R.L. Pedaqogika (İki cilddə). I cild, Bakı, “Mütərcim”, 2013).

 

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi zaman kəsiyində bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq xalq maarifinin yenidən təşkili sahəsində xeyli iş görülmüşdür.

 

BDU-nun açılması

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitutu və Dövlət Konservatoriyasının açılması üçün müəyyən təşkilati işlər aparsa da, o dövrdə yaranmış tarixi-siyasi şərait yalnız Bakı Dövlət Universitetini təsis etməyə imkan verdi. Dövlətimizin tarixinə şanlı səhifələr yazmış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli təhsil və dövlət quruculuğu sahəsində apardığı dövlət siyasətinin real nəticəsi kimi yaranmış Bakı Dövlət Universiteti Cümhuriyyətin baniləri olan dövlət xadimlərinin millətimizə dəyərli töhfəsidir. Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetinin 75 illik yubileyinə  həsr olunmuş  təntənəli mərasimdə qeyd etmişdir ki, Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında Bakı Dövlət Universitetinin xidmətləri əvəzsizdir. Universitetin tarixi Azərbaycan Respublikasının elminin, mədəniyyətinin, təhsilinin inkişaf tarixidir. Heydər Əliyev qürur hissi ilə vurğulayırdı “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”.

 

Ölkənin idarə olunmasını təmin edəcək ali təhsilli mütəxəssislərin hazırlanması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əhəmiyyət verdiyi sahələrdən biri idi. Cümhuriyyət dövründə Azərbaycanda ali təhsilli mütəxəssis kadrların hazırlamağın mühüm yollarından biri azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə göndərilməsi idi və bu barədə müvafiq qərar qəbul olunmuşdu. (bax: Azərbaycan Xalq  Cümhuriyyəti ensiklopediyası. (İki cilddə), I cild, Bakı, 2004).

 

Azərbaycanlıların xaricdə dövlət səviyyəsində təhsil almasının təməli qoyuldu

 

Cümhuriyyət dövründə azərbaycanlı gənclərin dövlət hesabına xarici ölkələrin tanınmış ali məktəblərinə təhsil almağa göndərilməsi ilə təhsil tariximizdə azərbaycanlıların xaricdə dövlət səviyyəsində təhsil almasının təməli qoyuldu. Bu zaman 10 nəfərin İngiltərəyə, 23 nəfərin İtaliyaya, 45 nəfərin Fransaya, 9 nəfərin Türkiyəyə, 13 nəfərin Rusiyaya göndərilməsi qərara alınmışdı. Bunlarla yanaşı, Parlament komissiyası tərəfindən 31 nəfər əlavə abituriyent də seçilmişdi ki, onların da öz hesabına, yaxud digərlərinin maliyyə dəstəyi ilə Qərbi Avropa ölkələrinin ali məktəblərində təhsil alması nəzərdə tutulmuşdu. Təəssüf ki, qürbət ellərə yola düşən gənclərin heç də hamısı nəzərdə tutulduğu kimi təhsil ala bilmədi.

 

1920-ci ilin 27 aprel çevrilişindən sonra qurulan Azərbaycan Sovet hökumətinin ilk illərində xaricə göndərilən azərbaycanlı gənclərin təhsili barədə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən “Xaricdə oxumağa göndərilən azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında” xüsusi Dekret imzalanmış, ilk vaxtlar onların ali təhsili başa vurmalarına şərait yaradılmışsa da, bu iş başa çatdırılmamışdı. Bu səbəbdən də onların bəziləri öz təhsillərini yarımçıq qoymuş, hətta repressiya qurbanı olmuş, xaricdə yoxsulluq içində dünyasını dəyişmişdir.

 

Materialın həcmi ilə bağlı məhdudiyyət imkan vermədiyindən yüzillik yubileyini qeyd etdiyimiz ADR-in təhsillə bağlı fəaliyyətinin bütün qatlarına işıq tuta bilmirəm, amma bu xidmətin dəyərinin ölçüyəgəlməz olduğunu vurğulamağı mənəvi borcum sayıram.

 

Müşafərim ƏHMƏDOVA,

Şəki şəhər Fizika,riyaziyyat və humanitar təmayüllü liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini, Əməkdar müəllim

 

 



13.07.2018 | 13:29