Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Tovuz rayonunda seysmik stansiyanın quraşdırılma işləri başa çatdırılıb.

 

İsmayıllı və Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda hər iki rayonda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.

 

Xatırladaq ki, sözügedən layihə çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.

 

Bu barədə AMEA-dan bildirilib.

 



27.10.2021 | 11:07