“Bilik əlimizdə tutduğumuz çıraqdır”

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır.

 

Ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması Bilik Fondunun əsas missiyasıdır.

 

Azərbaycanın 7 bölgəsində Fondun 76 şəhər və rayon nümayəndəsi yerli əhalinin maarifləndirilməsi, yeniyetmə və gənclərin elmi biliklərinin artırılması ilə bağlı bir sıra tədbirlərin təşəbbüskarları və təşkilatçıları olaraq mühazirə və təlimlərin müasir tələblərə uyğun keçirilməsini təmin edir.

 

Bölgə ziyalısına, məktəblisinə və gəncinə daha yaxın olmaq üçün 2015-ci ildən etibarən yerlərdə Bilik Evləri fəaliyyət göstərir. Artıq Qax, Oğuz, Şəmkir, Nardaran, İsmayıllı, Ağstafa, Astara, Ağdaş, Tərtər Bilik Evləri əhalinin üz tutduğu müqəddəs məkana - maarif ocağına çevrilib. Bilik Evləri xüsusilə ali təhsil ala bilməyən gənclərin inkişafında müstəsna rol oynayır, burada gənclər üçün ədəbi yaradıcılıq, müxtəlif peşələr üzrə hazırlıq kursları, ingilis və rus dilləri, həmçinin kompüter texnologiyaları və kargüzarlıq işi, bələdçilik, toxuculuq və dekorativ tətbiqi sənət, xalçaçılıq, rəssamlıq üzrə ödənişsiz əsaslarla təlim kursları və dərnəklər təşkil olunur.

 

Dinləyicilərə yüksək ixtisaslı mütəxəssislər dərs deyirlər. İxtisasla yanaşı, bütün müdavimlər ölkənin daxili və xarici siyasəti, Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyir, “dəyirmi masa”larda və disputlarda, kitab təqdimatları və intellektual müsabiqələrdə iştirak edirlər. Bilik Evlərində təhsilini uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunur.

 

Bilik Fondu təlim kurslarını və dərnəkləri tədris vəsaitləri, dərsliklər, əyani vəsaitlər, məlumat ədəbiyyatı və danışıq kitabçaları ilə təmin edir.

 

Hər bir Bilik Evində mütəmadi olaraq sosial sifariş üzrə təlim olunacaq ixtisaslar dəyişdirilir, yenilənir. Maarifləndirici fəaliyyətin istiqamətlərinin müəyyənləşdirilməsi və Bilik Evlərində yerli əhalinin istək və arzularının nəzərə alınması üçün sosial sifarişin öyrənilməsi və təkmilləşdirilməsi məqsədilə Fondun İnformasiya təminatı sektorunun nəzdində Sosioloji Sorğu Mərkəzi yaradılıb. Mərkəz vaxtaşırı əhali arasında müxtəlif sorğular keçirməklə sosial sifarişin öyrənilməsinə yardım edir. 

 

Fondun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən Bilik Evlərində təlim kursları və dərnəklərlə yanaşı, əhalinin maarifləndirilməsi, gənclərin elmi biliklərinin, müxtəlif peşə və ixtisaslara maraqlarının artırılması, onların asudə vaxtının səmərəli təşkili və məşğulluğuna dəstək verilməsi məqsədilə aktual mövzularda mühazirələr və təlimlər, müzakirələr və təqdimatlar, tanınmış elm adamları, təhsil işçiləri və mədəniyyət xadimləri ilə görüşlər və “dəyirmi masa”lar təşkil olunur.

 

Nardaran Bilik Evində ötən ilin oktyabrından başlayaraq, yerli gənclərin iştirakı ilə keçirilən “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kursuna iyunun 26-da yekun vurulub. İmtahan prosesində Bilik Evinin müdiri, millət vəkili Dilarə Cəbrayılova, Fondun aparıcı mütəxəssisi Aynur Seyidova və Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbin müəllimi, təlimçi Jalə Allahverdiyeva iştirak ediblər. İmtahandan uğurla keçən dinləyicilərə Bilik Fondunun sertifikatları təqdim olunub.

 

2017-2018-ci tədris ilində Qax Bilik Evində 15 gəncin iştirakı ilə Adilə Aşurovanın müəllim olduğu “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kursu, Sevinc Əfəndinin rəhbərliyi ilə 11 nəfərin qatıldığı “İngilis dili” dərnəyi fəaliyyət göstərib. Oktyabr ayından başlayan məşğələlər həftədə iki dəfə olmaqla iyun ayınadək davam edib. İyunun 28-də təşkil olunmuş yekun imtahanından sonra Bilik Evinin müdiri, Əmbərli kənd orta məktəbinin direktoru Rövşən Hədisov dinləyicilərə Fondun sertifikatlarını təqdim edib.

 

İyunun 28-də Şəmkir Bilik Evində 14 gəncin qatıldığı “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kursunun da yekun imtahanı keçirilib. İmtahanda Bilik Fondunun sektor müdiri Rauf Həsənov, Bilik Evinin kiçik mütəxəssisi Hicran Əliyeva və kursun müəllimi Maisə Məmmədova iştirak edib, dinləyiciləri təlim kursunu bitirmələri münasibətilə təbrik ediblər.

 

Oğuz Bilik Evində bu il 11 nəfərin iştirakı ilə “Bələdçilik” kursu, 15 nəfərin iştirakı ilə “Rus dili” dərnəyi fəaliyyət göstərib. Gənclər doqquz ay müddətində Oğuz Bilik Evində mütəmadi olaraq təlim və məşğələlərdə öz bələdçilik məharətlərini və dil bilgilərini inkişaf etdiriblər. Tarixçi Mətanət Kərimova oğuzlu gənclərə ölkəmizin memarlıq nümunələri, tarixi abidələri, Oğuzun görməli yerləri barədə ətraflı məlumat verib. Dərnək rəhbəri Gültəkin Rəhimova gəncləri rus dilinin incəlikləri, danışıq qaydaları ilə tanış edib, onlarda rus dilində danışıq vərdişlərinin aşılanmasına çalışıb. İyunun 29-da Fondun aparıcı məsləhətçisi Elvin Hətəmovun və Bilik Evinin müdiri Gülşən Məcidovanın iştirakı ilə keçirilən imtahandan sonra gənclərə sertifikatlar verilib. 

    

İyunun 30-da İsmayıllı Bilik Evində 9 gəncin iştirakı ilə keçirilən “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlimlər başa çatıb və dinləyicilərin qazandıqları biliklərin yoxlanılması üçün imtahan keçirilib. Kursu uğurla başa vuranlara Bilik Fondunun sertifikatları təqdim olunub.

 

Dinləyicilər Bilik Evində ödənişsiz əsaslarla belə kursların təşkil olunmasını yerli gənclərin fəaliyyətinə dəstək kimi qiymətləndiriblər. Onlar gələn tədris ilində də müxtəlif sahələr üzrə təlimlərdə və dərnəklərdə iştirak etmək arzularını dilə gətiriblər.

 

Bilik Fondu dövlət dilinin tədrisi və təbliği istiqamətində tədbirlər həyata keçirir. “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində ölkəmizdə yaşayan rusdilli əhali üçün artıq üç ildir ki, ödənişsiz Azərbaycan dili kursları fəaliyyət göstərir. Bakıdakı Jen Mironosets və Mixail Arxangel kilsələrində, “Sodrujestvo” İctimai Birliyində, Qəbələ rayonunda udilərin kompakt yaşadığı Nic qəsəbəsindəki Cotari Alban-Udi kilsəsində dövlət dili tədris olunur. Kurslarda təcrübəli ali və orta məktəb müəllimləri dinləyicilərə Azərbaycan dilinin qrammatikiası və danışıq qaydalarını öyrədirlər. İndiyədək kursu bitirən yüzdən çox dinləyiciyə sertifikatlar təqdim olunub.

 

Rus Provaslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata Bilik Fondunun həyata keçirdiyi bu layihənin Azərbaycanda yaşayan rusdilli əhali arasında geniş yayıldığını və rəğbətlə qarşılandığını bildirib. Rusdilli əhaliyə Azərbaycan dilini tədris etməklə bu ölkənin multikultural dəyərlərini, tarixini, mədəniyyətini də təbliğ etmiş oluruq.

 

Bu layihənin Prezident İlham Əliyevin 30 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” imzaladığı Qanundan irəli gəldiyini vurğulayan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Konstitusiyanın 21-ci maddəsində “Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur” müddəasını əsas götürərək rusdilli vətəndaşların Azərbaycan dilini öyrənmək həvəsini və istəyini yüksək qiymətləndirir.

 

Dinləyicilərə Azərbaycan dilinin qaydaları tədris olunmaqla yanaşı, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı məlumatlar verilir, müxtəlif tarixi məkanlara səfərlər təşkil olunur, rusdilli vətəndaşlar teatr tamaşalarına dəvət olunur, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşürlər.

 

“Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, dövlət dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsiplərini aşılamaqdır.

 

Hazırda Fondun dəstəyi ilə Oğuz Bilik Evində fəaliyyət göstərən “Ədəbi yaradıcılıq”, Şəmkir Bilik Evində “Toxuculuq” və “Dekorativ tətbiqi sənət”, Astara Bilik Evində “Toxuculuq”, “Ədəbi yaradıcılıq”, “Rəssamlıq”, Ağdaş Bilik Evində “Rəssamlıq”, “Toxuculuq və xalçaçılıq” dərnəklərində gənclər sənətin müxtəlif sahələrinin incəliklərini peşəkarlardan öyrənirlər.   

 

Bilik Fondu artıq gələn tədris ilində bölgə əhalisinin hansı təlim kursları və dərnəklərin təşkilini arzuladığını müəyyənləşdirmək, sosial sifarişi öyrənmək və nəticədə yerli gənclərin biliyə olan tələbatını uğurla ödəmək məqsədilə sorğular keçirir. Yay ərzində sorğuların cavabları ümumiləşdirildikdən sonra əldə olunacaq nəticələr qarşımızda yeni üfüqlərin açılmasına təkan verəcək. Çünki bilik əlimizdə tutduğumuz çıraqdır, zülməti ancaq o yara bilər!

 

Xatirə HÜSEYNOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

 

 

 

 



13.07.2018 | 11:46