İki ali təhsil ocağı arasında Anlaşma memorandumu

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında Anlaşma memorandumu imzalanıb. Sənədə LDU-nun rektoru Natiq İbrahimov və ADMİU-nun rektoru Ceyran Mahmudova imza atıb.

 

Professor C.Mahmudova Lənkəran Dövlət Universiteti ilə son illərdə yaranan əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki ali təhsil ocağı üçün faydalı olduğunu  bildirib.

 

Professor N.İbrahimov rəhbərlik etdiyi ali məktəbdə son illərdə görülən işlərdən, açılan yeni ixtisaslardan söz açıb. Qeyd edib ki, musiqi və təsviri incəsənət müəllimliyi ixtisasları üzrə ADMİU ilə birgə tələbə hazırlığı LDU-nun tələbə və müəllimləri üçün faydalı olacaq. Bu səbəbdən də LDU ADMİU-nun bu ixtisaslar üzrə tədris planlarını tədbiq etmək, tələbə-müəllim mübadiləsini həyata keçirmək, bu sənət ocağının böyük təcrübəsindən yararlanmaq  niyyətindədir.

 

Qeyd edək ki, imzalanan  memoranduma əsasən, tərəflər bundan sonra  mədəniyyət və incəsənət sahəsində kadr hazırlığı ilə bağlı fəaliyyətlərini əlaqələndirəcək, ikili diplom təhsilinin təşkilini təmin edəcək, tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanması, müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatların aparılması, yaradıcılıq üzrə müsabiqə və seminarların təşkilini  təmin  edəcəklər.

 

Memorandum çərçivəsində tədris, elmi tədqiqat, təcrübə prosesində professor-müəllim heyətinin və tələbələrin birgə iştirakı, universitetlərin tələbə təşkilatları arasında qarşılıqlı əməkdaşlıq və əlaqələrin yaradılması, təcrübə mübadiləsi həyata keçiriləcək.

 



26.10.2021 | 11:20