Azərbaycan Tibb Universitetində 2300 əcnəbi tələbə və rezident təhsil alır | |
Azərbaycan Tibb Universiteti (ATU) əcnəbi tələbələrin sayına görə ölkəmizin ali məktəbləri arasında lider mövqedədir. Universitetdə dünyanın 40-a yaxın ölkəsinin vətəndaşları təhsil alır və həkimlik peşəsinin sirlərinə yiyələnirlər.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev bildirib ki, hazırda ATU-da 39 ölkədən 2300 əcnəbi tələbə və rezident təhsil alır. Bunlar sırasında Türkiyə, Pakistan, Böyük Britaniya, ABŞ, Rusiya, İsrail, Nigeriya, Banqladeş, Hindistan, İraq, İran, Suriya və s. qeyd etmək olar:”Universitetdə təhsil alan əcnəbilər arasında sayına görə birinci yeri Türkiyədən olan tələbə və rezidentlər tutur”.
Prorektor qeyd edib ki, 2020-2021-ci tədris ilinə qədər əcnəbilər yalnız Tibb, Diş həkimliyi və Əczaçılıq ixtisasları üzrə təhsil ala bilirdilər. 2021-2022-ci ildən etibarən isə əcnəbi vətəndaşlar artıq İctimai səhiyyə ixtisası üzrə də təhsil almaq üçün müraciət edə bilirlər:”Hazırda digər ölkə təmsilçilərinin Tibb bacısı və Fizioterapiya ixtisasları üzrə təhsil ala bilmələri üçün şəraitin yaradılması istiqamətində işlər aparılır”.
Xarici tələbələrin yataqxana ilə təminatı məsələsinə gəlincə, O.İsayevin sözlərinə görə ATU-nun 6 yataqxanası var və əcnəbi tələbələrin də buradan istifadə etmək imkanları mövcuddur.
|
|
26.10.2021 | 10:05 | |
|
|
|