Fevralın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları və Alternativ Qeydiyyat Mərkəzlərinin (AQM) rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri Rəşad Tağıyev, Hüseyn Əsgərov, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və AQM rəhbərləri iştirak ediblər.
BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi I sinfə qəbul, ümumi təhsil məktəblərində pedaqoji təcrübənin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və müəssisə rəhbərlərinin məsuliyyətinin artırılmasından ibarətdir.
Görüşdə çıxış edən BŞTİ-nin müdir müavini Rəşad Tağıyev tədbir iştirakçılarını salamlayaraq, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən danışıb.
Müdir müavini məktəb rəhbərlərinə ümumi təhsil müəssisələrində pedaqoji təcrübə keçən tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə əlverişli şərait yaradılması, dərsin və şagirdlərlə fərdi işin təşkili baxımından müvafiq tapşırıq və tövsiyələrini verib. Müdir müavini eləcə də BŞTİ-nin tabeliyindəki 97 ümumi təhsil müəssisəsində 11 ali məktəb üzrə təcrübə keçən tələbələrə pedaqoji yanaşmalar, məktəb mühiti, sinfin idarə olunması və digər istiqamətlər üzrə lazım olan məlumatların verilməsinin zəruriliyini nəzərə çatdırıb.
Görüşdə çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov I sinfə elektron qəbulla bağlı geniş məlumat verərək, AQM-lərin fəaliyyətinin daha yaxşı təşkilinin, ümumilikdə, bu proseslə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib.
Tədbirdə idarənin İnformasiya sektorunun müdiri İlhamə Abdullayeva çıxış edərək elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 34 000-ə yaxın sorğu yerləşdirildiyini bildirib. Sektor müdiri I sinfə qəbulla bağlı valideynlərə kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzləri barədə məlumat verib. Qeyd edib ki, Alternativ Qeydiyyat Mərkəzləri Səbail rayonu üzrə 7, 163 və 236, Nizami rayonu üzrə 129, 145, 214 və 12, Nəsimi rayonu üzrə 19, 44 və 247, Yasamal rayonu üzrə 18, 21 və 60, Nərimanov rayonu üzrə 57, 82 və 177, Xətai rayonu üzrə 17, 24, 116, 165 və 191, Sabunçu rayonu üzrə 69, 74, 75, 78, 128, 130 və 170, Suraxanı rayonu üzrə 84, 270, 279, 315 və 285, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274 və 288, Xəzər rayonu üzrə 117, 156, 181, 234 və 120, Pirallahı rayonu üzrə 235, Binəqədi rayonu üzrə 83, 102, 182, 297 və 313 nömrəli məktəblərdə fəaliyyət göstərir.
Görüşün sonunda paytaxtda birinci sinfə elektron qəbulla bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib. Təhsil müəssisələrində sənəd qəbulunun səmərəli təşkili ilə bağlı məktəb direktorlarına müvafiq tövsiyələr verilib.
|