Rektor Həmkarlar İttifaqının “Yubiley döş nişanı” ilə təltif olunub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif edilib. Rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.

 

Mükafat H.Məmmədova ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ilə keçirilən görüşdə təqdim edilib.

 

M.Cəfərzadə Həmkarlar İttifaqının fəaliyyətindən bəhs edib və nəzərə çatdırıb ki, təmsil etdiyi qurum təhsil sahəsində çalışanların əmək və sosial hüquqlarının qorunmasında, onların asudə vaxtının səmərəli keçirilməsində, istirahətlərinin təşkilində mühüm rol oynayır. BMU Həmkarlar İttifaqı Komitəsinin (HİK) Həmkarlar İttifaqının ən aktiv üzvlərindən biri olduğunu vurğulayan M.Cəfərzadə qurumun fəaliyyətinə verdiyi dəstəyə görə rektora təşəkkürünü bildirib.

 

Öz növbəsində H.Məmmədov ona göstərilən etimada və diqqətə görə Həmkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. Universitet haqqında ətraflı məlumat verən rektor eyni zamanda, BMU-nun Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) aktiv fəaliyyətinə toxunub. Azərbaycanda həmkarlar ittifaqlarının keçdiyi tarixi yoldan, əldə etdiyi nailiyyətlərdən bəhs edən təhsil ocağının rəhbəri BMU ilə ATİAHİ Respublika Komitəsi arasında əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyindən əminliyini vurğulayıb.

 



25.10.2021 | 13:12