“Molla Nəsrəddin lətifələri” kitabı və mollanasreddin.az portalı təqdim olunub | |
İyulun 12-də AMEA Folklor İnstitutu və SOCAR-AQŞ MMC-nin təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və www.mollanasreddin.az portalının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər dünyada ictimai və humanitar elmlər içərisində folklora marağın xeyli artdığını deyib. Cəmiyyətdə ictimai nikbinlik əhvali-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil və liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi və sosial inteqrasiyanın təminində folklorun böyük rola malik olduğunu vurğulayan akademik Akif Əlizadə Molla Nəsrəddin lətiflərinin toplanması, kataloqlaşdırılması və araşdırılmasının bu baxımdan mühüm əhəmiyyətini qeyd edib. AMEA-nın prezidenti Folklor və İnformasiya Texnologiyaları institutlarının birgə əməkdaşlığı nəticəsində www.mollanasreddin.az portalının yaradılmasını yüksək dəyərləndirib. Natiq qeyd edib ki, bu iki institut arasındakı elmi əməkdaşlıq multidissiplinar tədqiqatlar üçün mühüm örnəkdir.
Kitabı tədbir iştirakçılarına təqdim edən filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev bildirib ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən artıq lətifə toplanıb. Qeyd edib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda lətifələr mənəvi-əxlaqi və didaktik prinsiplər əsas götürülməklə xüsusi olaraq seçilib. Dil-üslub baxımından müasir ədəbi dilin tələblərinə uyğunlaşdırılan lətifələrdə işlənən bir sıra arxaik sözlərin izahı da verilib. Kitabda 48 rəngli illüstrasiya əks olunub.
İlk dəfə olaraq müasir dizayn və texnoloji tələblər səviyyəsində hazırlanmış www.mollanasreddin.az portalını da təqdim edən Hikmət Quliyev burada Molla Nəsrəddin haqqında mühüm məlumatlar və qeyri-türk xalqları içərisində yayılmış çoxsaylı lətifələrin, bu lətifələrlə bağlı dünyanın müxtəlif dillərində olan araşdırmaların, bir sıra incəsənət sahələrində Molla Nəsrəddinlə əlaqədar motivlər, həmçinin Azərbaycan milli satirik mətbuatının əsasını təşkil edən “Molla Nəsrəddin” jurnalı barədə müxtəlif formatlı elektron resursların yer aldığını bildirib. H.Quliyev portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün genişləndirilmiş axtarış sisteminin, interaktiv əlaqə üçün forum imkanının da yaradıldığını qeyd edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan doğma vətənimiz Azərbaycan beynəlxalq miqyasda yalnız yeraltı sərvətləri, nefti və qazı, yəni iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə təmsil olunur. Alim qeyd edib ki, son iki yüz ildə ölkəmizin dünya miqyasında neftlə müəyyənləşən geosiyasi və iqtisadi mövqeyi hazırda muğamla, musiqi ilə, idmanla, folklorla, intellektual fəaliyyətlə müşahidə olunan mədəni liderliyə də çevrilməkdədir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir Azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi və təbliği baxımından folklorun rolundan söz açıb. Natiq Molla Nəsrəddini bütün türk dünyasının ortaq mənəvi dəyəri, mədəniyyət abidəsi kimi səciyyələndirib, müasir şəraitdə bu dəyərin təbliğinin ümumictimai hadisə olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli bu baxımdan təqdim olunan kitabın və portalın olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyib.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev “Molla Nəsrəddin lətifələri” kitabının və www.mollanasreddin.az portalının hazırlanmasını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliği baxımından əhəmiyyətli addım kimi qiymətləndirib, layihəyə dəstək verən və bu işdə əməyi keçən hər kəsə minnətdarlığını bildirib: “Hesab edirəm ki, AMEA və SOCAR-ın milli idealogiyamıza, mənəvi dəyərlərimizə həssas yanaşmasının göstəricisi olan bu kitab və portalın ortaya çıxması dünya azərbaycanlılarına böyük bir hədiyyədir”. Akademik dünya folkloruna lətifə janrında misilsiz nümunələr bəxş edən xalqımızın “milli gülüş günü”nün olmasının da vacibliyini vurğulayıb.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Molla Nəsrəddin obrazı və onun mədəniyyətdəki yeri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Alim sosial inteqrasiyanın, fərdlər, qruplar arasında kommunikasiyanın yaranmasında Molla Nəsrəddin gülüşünün xüsusi rolu olduğunu diqqətə çatdırıb.
Təqdimatda filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri Molla Nəsrəddin fenomeninə kütləvi səviyyədə olmaqla yanaşı, intellektual səviyyədə də sahiblik etməyi vacib amil kimi tədbir iştirakçılarının nəzərini çatdırıb.
Sonda kitabın tərtibçisi, şərh və izahlarının müəllifi, filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı çıxış edərək Molla Nəsrəddin lətifələrinin mükəmməl sənət nümunələri olduğunu və bu lətifələrin poetikbaxımdan təhlilinin yeni metodoloji baxışlar əsasında aparılmasının zəruriliyini vurğulayıb.
|
|
12.07.2018 | 19:20 | |
|
|
|