Şəhidlər ölməz, Vətən bölünməz

Azərbaycan Dövlət Pedaqoji Kollecinin şəhid məzunları.

 

Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında çoxlu kitablar yazılacaq, filmlər çəkiləcək.

 

Sentyabr ayı Azərbaycan tarixində önəmli hadisələrlə yadda qalıb.  Ötən il sentyabrın 27-də Vətən torpaqlarının işğaldan azad olunması hərəkatına başlamağımız bu ayı bizim üçün daha da əziz etdi. Artıq sentyabr ayı Azərbaycan xalqı üçün Qarabağın  azadlığına gedən yolun başlandığı gün olaraq əbədi tarixi yaddaşımızda qalacaqdır. Ötən ilin iyul ayında Ermənistanın Tovuz istiqamətindən üzərimizə növbəti həmləsi 30 ilə yaxın davam edən siyasi danışıqların heç bir nəticə vermədiyini aydınlığı ilə göstərdi. Azərbaycan dövləti bölgəmizdə qan tökülməsin, yeni nəsillər ötən əsrin sonlarındakı münaqişənin ağrı-acısını bir daha yaşamasınlar deyə həmişə sülh yolu ilə torpaqlarımızın işğaldan azad olunmasını tələb edirdi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev sülh danışıqlarına dair müxtəlif görüşlərdə Azərbaycan xalqının işğalla bağlı barışmaz mövqeyini nümayiş etdirirdi. Ermənilər isə nəinki iddia etdikləri Qarabağdan, hətta ətraf rayonlardan da çəkilmək istəmədiklərini açıq-aşkar ortaya qoyurdular. Ermənistan baş nazirinin Azərbaycanın mədəniyyət guşəsi - Şuşada Qarabağın Ermənistan olduğunu  söyləməsi artıq bütün diplomatik yolların tükəndiyini göstərirdi. Nəticədə iyul hadisələrindən sonra Azərbaycan Prezidenti ortaya qəti və son mövqeyini qoydu:

 

Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamaqla Vətən müharibəsinə səfərbər olundu. Qarabağ Azərbaycandır! şüarı ilə yola çıxan Azərbaycan əsgəri sentyabr ayından etibarən bütün cəbhə xətlərindən hücuma keçərək düşmən işğalını sürətli şəkildə sona çatdırmağa başladı. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbə və məzunları da öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün könüllü şəkildə cəbhəyə yollanıb. Bu, onun sübutudur ki, vətənin dar günündə ən ümdə vəzifəmizi yerinə yetirməkdə heç bir qüvvə bizə maneə olmamalıdır. Cəbhədən gələn hər bir xoş xəbər  bizi sevindirdiyi kimi itkilərimiz, mənəvi yaralarımız da içimizi göynədirdi. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin hər çıxışını böyük fəxrlə, sevinc hissi, işğaldan azad olunmuş torpaqların müjdəsi ilə dinləyirdik. 44 gün davam edən Vətən müharibəsi xalq olaraq bizə çox şeyi öyrətdi. Birlik, güclü və dayanıqlı olmağı eyni zamanda cəbhədə döyüşən hər bir övladın bizdən olmağı hissini aşıladı. Amma bu sevincimizin arxasında qəhrəman oğullarımızın itkisi, yarası dururdu. 2907 şəhid, yarımçıq qalmış həyatlar və arzular. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

 

44 gün davam edən müharibədə olan itkilərimiz tələbə və məzunlarımızdan da yan keçmədi.

 

Müharibənin ilk və yeganə qadın şəhidi-Arəstə Baxışova. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” ixtisası üzrə təhsil alıb. Təhsilini başa vurduqdan sonra uşaqlıq arzusunu yerinə yetirmək üçün tibb kollecinə daxil olub. Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb.

 

Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb bacısı Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olub.

 

Cilingir Nəbiyev 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində “Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alıb. Azərbaycan Ordusunun  giziri olan Cilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cilingir Nəbiyev oktyabrın 27-də Qubadlı döyüşləri  zamanı şəhid olub.

 

İlkin Ağaquliyev - Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisasına qəbul olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhramancasına şəhid olub.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun gücü ilə işğaldan azad olunmuş ərazilərimizdə günəş yenidən doğur, əzəli və əbədi yurd yerlərimiz yenidən canlanır, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə dönür. Çox qısa zaman ərzində bu torpaqlarda quruculuq, abadlıq işləri həyata keçirilir. Bir ildən qısa bir zaman ərzində Zəfər yolu, Füzuli Beynəlxalq Aeroportu, çoxsaylı yollar, Zəngilan və Laçında Aeroportların tikilməsi, Şuşa şəhərinin bərpa edilməsi, Ağdam şəhərinin yenidən salınması və s. işlər çox sürətli və uğurla görülməkdədir.

 

Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan!

 

Sevda AXUNDOVA,

ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavini

 



23.10.2021 | 12:31