Ən böyük nitq vahidi

Mətn nədir və onun mövzusunu necə müəyyənləşdirməli?

 

Mətn nə deməkdir? Mətn anlayışının ən geniş yayılmış tərifləri ilə tanış olun:

 

Mətn - leksik və qrammatik cəhətdən bağlı olan cümlələrin eyni fikir və mövzu ətrafında birləşməsidir.

 

Mətn ən böyük nitq vahididir.

 

Mətn - böyük və ya kiçik həcmdə,  bitkin məzmuna və  formaya malik şifahi və ya yazılı ünsiyyət vasitəsidir.

 

Mətn anlayışının izahında mübahisəli bir məqam mətnin ən azı neçə cümlədən ibarət olmasıdır. Bu məsələyə aydınlıq gətirmək üçün mətn anlayışına müxtəlif mənalarda izahını bilmək vacibdir. Mətn tipoqrafik anlayış kimi  hər cür yazılı nitq, hətta bütöv və ya natamam yazı parçası olaraq nəzərdə tutulur. Dilçilikdə isə mətn ən böyük nitq vahididir. Yəni cümlələri, abzasları, fəsilləri ehtiva edən məntiqi cəhətdən əlaqəli və rabitəli yazı materialıdır.

 

Mütəxəssislərin əksəriyyəti mətnin ən azı iki cümlədən ibarət olduğunu düşünürlər. Lakin  atalar sözlərini, aforizmləri, şüarları nəzərə aldıqda  geniş yayılmasına baxmayaraq bu fikirlə razılaşmamaq olar.  Məsələyə başqa bir aspektdən də baxaq. Bədii janrlar daim dəyişməkdə, yeniləri yaranmaqdadır. Müasir ədəbiyyatda yaranan yeni janrlar - bir sətirlik şeir, bir cümləlik hekayələrin də yazılı ifadəsi mətni təşkil edir. 

 

Məktəb təcrübəsində hər gün müəyyən həcmdə müxtəlif xarakterli və üsluba malik mətnlər oxuyur,  esse, inşa, hekayə kimi yazı növlərində  mətn tərtib olunur.  Mətnin əsas əlamətlərini bu baxımdan müəyyənləşdirəcəyik:

 

- Mətndə cümlələr məna və qrammatik cəhətdən bağlı olur.

 

- Mətnin başlığı var və yaxud ona başlıq vermək mümkündür.

 

- Mətn 3 hissədən ibarətdir: giriş, əsas, nəticə.

 

- Mətndə bütün cümlələr eyni mövzuya aiddir.

 

- Məzmununa görə mətnin xarakteri olur: nəqli, təsviri, mühakimə və qarışıq (nəqli-təsviri, təsviri-mühakimə və s.).

 

Nədən bəhs olunursa, o, mətnin mövzusunu təşkil edir. Mətnin mövzusu onun başlığında da öz ifadəsini tapa bilir.

 

Mətnin mövzusunu müəyyənləşdirmək üçün belə bir sual verilə bilər:  Mətndə nədən bəhs edilir? 

 

Mətnin mövzusunu müəyyənləşdirmək üçün  fəaliyyət alqoritmini belə tətbiq edə bilərik:

 

1. Başlığa diqqət edin. Burada mətndə bəhs olunanlar haqqında eyham ola bilər. Bu, xüsusilə müəllifin birbaşa mətləbə keçdiyi kiçik hekayə  və ya məqalələrə aiddir. Nəzərə alın ki, başlıq assosiativ, metaforik və ya paradoksal ola bilər.

 

2. Mətnin açar cümlələrini yazın. Bunun üçün hər bir abzasda mətnin məzmununu əks etdirən əhəmiyyətli, vacib cümlələri seçin.

 

3. Qısaldın.  Bu cümlələrdən bütün artıq olanları (təfərrüatlar, izahlar, epizodlar) silin. Nəticədə ancaq çox vacib açar sözlər və ifadələr qalmalıdır.

 

4. İfadələri əhəmiyyətinə görə sıralayın. Mətnin əsas mövzusunu müəyyənləşdirmək üçün onları sütunda əhəmiyyətlilik dərəcəsinə görə  sıralamaq lazımdır.  Birinci növbədə o sözü yazmaq lazımdır ki, ondan istifadə etmədikdə mətndə nədən bəhs olunduğunu müəyyənləşdirmək mümkün deyil.

 

5. Mətnin məzmununu üç-dörd kəlmə ilə, yəni açar sözlərlə ifadə edin. Əsas  öncəki mərhələdə seçdiyimiz sözləri götürəcəyik. Mövzu ən son həddə qədər qısa ifadə olunmalıdır. Onu cümləyə çevirməyə çalışmayın, ən ideal forma iki-üç kəlmədən ibarət söz birləşməsidir

 

Mətnin mövzusunu müəyyənləşdirmək üçün açar sözləri yazmaq lazım olduğunu qeyd etdik. Bəs açar sözlər nədir? Açar sözlər mətndə əsas məna yükünü daşıyan və məzmunu müəyyənləşdirən sözlərdir.

 

İstənilən mətndə açar sözlər:

 

- mətnin məzmununu anlamağa kömək edir;

 

- müəllif fikrinin qavranılmasında əhəmiyyətli rol oynayır;

 

- planın tərtibində və hissələrin fərqləndirilməsində istifadə edilir;

 

- məna və ekspressiv məzmunu müəyyənləşdirir.

 

Mətndə əsas, ikinci dərəcəli, informasiyaverici açar sözləri müəyyənləşdirmək olar.

 

 Biliklərin praktik təbiqini nəzərdən keçirək:

 

İşarələrin tarixi

 

Yazı meydana gələnə qədər minilliklər boyu insanlar arasında yalnız şifahi ünsiyyət mövcud olmuşdur. İlk əlifba yarandıqdan sonra danışıq səsləri yazıda hərflər vasitəsilə işarə olunmağa başlandı. Bu səslərin köməyi ilə sözlər, cümlələr yazıldı. Beləliklə, yazılı nitq meydana gəldi.

 

Lakin şifahi nitq təkcə danışıq səslərindən ibarət deyil. Doğrudur, insan danışarkən fikrini, ilk növbədə, sözlərlə, cümlələrlə ifadə edir. Bununla belə, intonasiyanın, vurğunun, pauzanın və s. əhəmiyyəti də az deyil. Yazıda bütün bu köməkçi funksiyaları xüsusi işarələr - durğu işarələri yerinə yetirir.

 

Durğu işarələri mətnin daha asan qavranılmasına, səsli oxu zamanı düzgün ifadəsinə kömək edir. Lakin bu işarələr əlifba ixtira olunduqdan çox sonralar yaranmışdır. İlkin dövrlərdə yazıda nəinki durğu işarələri, heç sözlər arasında boş məsafə də olmurdu. Belə mətni oxumağın nə qədər çətin olduğunu təsəvvür edirsinizmi?

 

Yazı prosesinin özü də çətin iş idi. Mətnlər xəttatlar tərəfindən köçürülürdü. Bir kitabın köçürülməsi bəzən bir neçə ilə başa gəlirdi. Belə kitabları oxuyanların sayı da məhdud idi.

 

Kitab çapının meydana gəlməsi və daha geniş oxucu kütləsini əhatə etməsi mətnlərin daha anlaşıqlı, rahat oxunuşlu olması zərurətini yaratdı.Bunun üçün, ilk növbədə, sözləri, cümlələri bir-birindən ayırmaq lazım idi. İlk zamanlar mətndəki sözləri bir-birindən yazı xəttinin mərkəzində nöqtə qoymaqla ayırırdılar. Sonralar nöqtə əvəzinə kiçik boşluq saxlamağa başladılar, nöqtə isə cümlənin bitdiyini bildirirdi. Daha sonra cümlənin ilk sözünün böyük hərflə yazılması da mətnin oxucular tərəfindən daha asan qavranılmasına kömək edirdi.

 

Tapşırıq: Oxuduğunuz hissədə hansı abzasın mövzu ilə bağlılığı zəifdir?

 

Bu suala cavab vermək üçün öncə mətnin bu hissəsinin mövzusunu müəyyənləşdirmək lazımdır. Siz artıq açar sözlər haqqında məlumatlısınız. Mövzunu müəyyənləşdirmək üçün açar sözlərdən istifadə edək.

 

Öncə hər bir abzasın açar sözlərini seçək.

 

1. yazı, şifahi ünsiyyət, əlifba, hərflər, sözlər, cümlələr, yazılı nitq

 

2. şifahi nitq, sözlər, cümlələr, intonasiya, vurğu, pauza

 

3. durğu işarələri, işarələr, durğu işarələri, mətni oxumaq

 

4. yazı prosesi, xəttatlar, kitabın oxunması, kitablar

 

5. kitab çapı, nöqtə, kiçik, boşluq, böyük hərf

 

Əldə etdiyimiz sıralardakı sözlər arasında əlaqəni müəyyənləşdirək. Görürük ki, 5 sıradan ibarət olan sözlərin 4-cü sırasındakı açar sözlərin digərləri ilə əlaqəsi zəifdir. Beləiklə də müəyyənləşdiririk ki, bütün abzaslarda yazıda durğu işarələrindən danışıldığı halda dördüncü abzasda əlyazma kitablarının hazırlanmasından bəhs olunur. Bununla da belə qənaətə gəlirik ki, dördüncü abzas mətnlə zəif əlaqəlidir. 

 

Mətnin ideyasını necə müəyyənləşdirməli?

 

İdeya - müəllifin seçdiyi mövzu vasitəsilə söyləmək istədiyi fikirdir. Analogiyaya baxaq. Təsəvvür edin ki, siz ev tikməyi düşünürsünüz. Ev - sizin müəllif olaraq diqqət predmetinizdir. Sonra siz evin zahiri görünüşünün necə olacağını, hansı məqsədlə istifadə ediləcəyini, neçəyə başa gələcəyini düşünürsünüz. Bu fikirlər sizin ev tikməkdə qarşınıza qoyduğunuz məqsədlərdən asılıdır. Siz nə istəyirsiniz: istilik, gözəllik, rahatlıq, qonşuları təəccübləndirmək? Problemlə yanaşı qarşınıza qoyduğunuz məqsəd evin tikilməsi üçün ideyadır.

 

Eləcə də mətndə: müəllif öncədən mövzunu və bu mövzu ilə bağlı söz deyə biləcəyi problemi qoya bilməlidir. Bu problem  informasiyanın verilməsi və ya müəllifin hər hansı mövzuya münasibətinin verilməsi, yaxud gündəlik problematik sualın cavablandırılması kimi qoyula bilər. Məsələni həll etmək üçün müəllif, eyni zamanda, problemin çərçivəsini müəyyənləşdirir və bu problemə şəxsi münasibətini - müəllif mövqeyini formalaşdırır. Problemlə maraqlanan oxucularına müəllif mövqeyini bildirmək müəllifin məqsədi və mətninin ideyasıdır. İdeya əsas fikrin dəqiq ifadəsi şəklində, yəni müəllif qənaəti kimi verilə bilər.

 

Elmi və rəsmi-işgüzar mətnlərdə əsas fikir  və ya məqsəd mətnin başlığından aydın olur. Məsələn, “Marsda həyatın olmasının sübutu” başlığı onu bildirir ki, mətndəki əsas informasiya Marsda həyatın mövcud olmasıdır. Amma, məsələn, Səməd Vurğunun “Aslan qayası” əsərini oxumaq lazımdır ki, əsərin nəyə həsr olunduğunu və  ideyasını müəyyənləşdirmək mümkün olsun.

 

Böyük həcmli, mürəkkəb quruluşa malik bədii və publisistik əsərlərin ideyası müəllifin qarşısına qoyduğu kompleks problemlər əsasında müəyyən edilir.

 

Publisistik mətnin ideyasını tapmaq üçün qoyulmuş problemlərə əsaslanaraq müəllif mövqeyini təhlil etmək lazımdır.Bunun üçün:

 

a) abzaslarda verilmiş tipik suallara cavab vermək;

 

b) müəllifin mövqeyini ifadə edə biləcək bədii vasitələrə əsaslanmaq lazımdır.

 

Mətnin məzmunu ilə tanış olub onun ideyasının müəyyənləşdirilməsi üzrə praktik işi nəzərdən keçirək.

 

Beş müdrik

 

Ən qısa yol - hər zaman yeganə ən müdrik yol deyil. Hər birimizin həyat yolunun öz təyinatı var.

 

Beş müdrik meşədə azır. Birinci deyir: “Mən sola gedəcəm - mənim intuisiyam belə deyir. İkinci deyir: “Mən saga gedəcəm, “sağ”sözü “salamatlıq” mənasını verir. Üçüncü deyir: “Mən geriyə dönəcəm - biz oradan gəldik, demək ki, mən mütləq meşədan çıxa biləcəm”. Dördüncü deyir: “Mən irəli gedəcəm - irəliləmək lazımdır, mütləq meşə sona çatacaq və yeni bir aləmə çıxacam”. Beşinci deyir: “Siz hamınız yanılırsınız. Daha yaxşı üsul var, məni gözləyin”. O, ən hündür ağacı tapıb dırmanmağa başlayır. O, çıxana qədər hamı uzaqlaşıb öz seçdiyi tərəfə gedir. O, yuxarıdan  meşədən daha tez çıxmaq üçün  hansı tərəfə getmək lazım olduğunu görür. İndi o, hətta müdriklərin hansı ardıcıllıqla meşədan çıxacaqlarını da deyə bilər. O, daha hündürə çıxıb ən qısa yolu görür.

 

Müdrik problemin üzərinə qalxdı və hamıdan yaxşı həll etdi! O, bildi ki, hər şeyi doğru etmişdir. Amma başqaları deyil! Onlar inadkar oldular, onu eşitmədilər. O, həqiqi müdrikdir!

 

Lakin bununla bitmir, çünki...

 

O yanılırdı.

 

Hamı doğru hərəkət etmişdi.

 

Sola gedən talaya çıxmışdı. O, ac qalmalı və vəhşi heyvanlarla mübarizə etməli olmuşdu. Bununla da o, meşədə sağ qalmağı öyrənmiş, meşənin bir hissəsi olmuşdu və başqalarını da buna öyrədə bilərdi.

 

Sağa gedən quldurlara rast gəlmişdi. Quldurlar onun hər şeyini qarət etmiş və özünü də onlarla birgə quldurluq etməyə məcbur etmişdirlər. Lakin bir qədərdən sonra o, quldurların ürəyində onların unutduqları hissi - insanlığı, mərhəməti oyandırmışdır.Onlardan bəzilərinin peşmanlığı hətta o qədər güclü olmuşdur ki, müəllimlərinin vəfatından sonra özləri müdrik olmuşdurlar.

 

Geriyə dönən müdrik gəldiyi cığırla dönəndən sonra həmin cığır meşədən zövq almaq istəyənlər üçün yola çevrilmiş və itmək təhlükəsi aradan qalxmışdır.

 

İrəli gedən yeni yol açmışdır. O, heç kimin olmadığı yerlərdə olmuş, insanlar üçün yeni gözəl məkanlar, dərman bitkiləri və faydalı heyvanlar kəşf etmişdir. 

 

Ağaca çıxan müdrik qısa yol tapmağın mütəxəssisi olmuşdur. Ona öz problemini sürətə həll etmək istəyən hər kəs müraciət edirdi, hətta bu, inkişafa gətirməsə belə...

Beləliklə, hər bir müdrik öz təyinatını yerinə yetirdi.

 

Hündürə qalx və qısa yolu gör.

 

Başqalarına öz yolu ilə getməyə icazə verməyi bacar.

 

Hamının müdrik olduğunu etiraf et - hər bir yol vacibdir və hörmətə layiqdir.

 

Daha sonra...

 

Finala baxmağı bacar: oradan həmişə yolun davamı var.

 

Mətndə qarşıya hans sual qoyulmuşdur? Mətnin məzmununa belə bir sual vermək olar: Ən müdrik yol hansıdır? Demək ki, mətnin qarşısında duran sual budur.

 

* Mətnin birinci və ikinci cümləsi onun problematik cümləsidir. Bu cümləyə sual verməklə mətnin problemini müəyyən edirik: Ən müdrik yol hansıdır?

 

* Müəllif münasibətinin xüsusiyyətləri nələrdir?

 

* Predmet necə dəyərləndirilir?

 

Mətnin əsas qəhrəmanı beşinci müdrikdir. Mətndə problem öncə onun nəzər nöqtəsindən dəyərləndirilir. Bu nəzər nöqtəsindən göstərilən münasibət sərtlik və birtətərəfli yanaşma ilə xarakterizə olunur və oxucuda fikrin doğruluğuna şübhə yaradır. Buradan artıq düşünmək mümkün olur ki, beşinci müdrikin mövqeyi mətnin ideyası ola bilməz.

 

Mətnin məna vahidlərində əsas informasiyalar nədir?

 

Mətnin əsas hissəsinin abzaslarından əsas informasiya və fikirləri seçək.

 

Birinci abzas: Müdriklərin hər biri öz istiqamətini seçir. 

 

İkinci məna vahidi: Beşinci müdrikə görə, ondan başqa hamı yanlışdır.

 

Üçüncü məna vahidi: Lakin o yanılırdı. Bütün yollar doğru yerə çıxarır.

 

Mətndə əsas fikri əsaslandırmaq üçün hansı arqumentlər gətirilir?

 

Mətnin əsas hissəsinin üçüncü məna vahidindən artıq ideyanı çıxarmaq mümkündür. Mətnin girişində verilmiş əsas fikri arqumentləşdirmək üçün müdriklərin getdikləri yoldakı ibrətli nəticələr göstərilmişdir. Demək ki, mətnin birinci və ikinci məna vahidində problem qoyulmuş, üçüncü məna vahidində arqumentlər gətirilmiş, problem həll edilmişdir.

 

Mətndən hansı qənaət hasil olur?

 

Mətnin ideyası nəticə hissəsində açıq verilmişdir: “Hər kəsin öz təyinatı var. Ən qəsa yol hər zaman ən müdrik yol deyil. “Mətndəki bütün köməkçi fikirləri ümumiləşdirən bu əsas fikir imkanların hamısını dəyərləndirməyi tövsiyə edir.

 

Bu fikir üçüncü məna vahidindən çıxarıla bilən fikirlə səsləşir: Doğru yolun vahid marşrutu yoxdur, ən qısa yol hər zaman ən müdrik yol demək deyil.

 

Mətn üzrə aparılan fəaliyyətləri ümumiləşdirək:

 

Təhlil nəyi göstərir: Mətn niyə yazılıb? Mətnin ideyası nədir? Müəllifin qənaəti nədən ibarətdir? Bu fikirdən çıxış edərək mətni necə adlandırmaq olar?

 

Mətnin didaktik məğzi insanın eqosunu tərbiyə etməkdir. Mətnin sonunda oxucu üçün çıxarılan qənaət budur:  “Finala baxmağı bacar: oradan həmişə yolun davamı var”. Mətni ideyasına görə “Finala baxmağı bacar”, “Hər kəsin yolu doğrudur”, “Ən doğru yol”, “Hər bir həyat yolunun öz təyinatı var”, “Bütün yollar vacibdir” və s. bu kimi başlıqlarla adlandırmaq olar.

 

Könül NƏHMƏTOVA,

filologiya üzrə fəlsəfə doktoru

 



22.10.2021 | 15:30