“Zəfərdən yaşıl düşüncəyə” | |
İsmayıllı rayonuna mediaturdan reportaj
Şəhidlərini andılar
O gün, yəni oktyabrın 14-də 44 günlük Vətən müharibəsində şəhid olmuş İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin anım günüydü. Famil müəllimin adını ananlar arasında təhsil nazirinin müavini Firudin Qurbanov, mətbuat nümayəndələri də vardı. Həmin gün şəhidin atası və anasının, ailəsinin yanında olmağı özünə borc bilən, şəhidin ailə üzvləri ilə görüşən nazir müavini Famil müəllimi və ümumiyyətlə, 20 şəhid təhsil işçisini qürur və hörmətlə anıb: “Şəhid müəllim bütün ölkə vətəndaşlarının, eləcə də ailə üzvləri və şagirdlərinin başını uca etdi. Özündən sonra tarix yazıb gedən qəhrəman müəllim daim xatirələrdə qalacaq”.
Şəhid balasından daha gözlərində yaşla, səsi titrəmədən də danışmağı öyrənən ata, ana onun söhbətini eləməkdən doymur. Oğlunun planlarından, kitab çıxarmaq arzusundan, ömrü kimi yarımçıq qalan, müharibəyə gedib bir daha qayıtmayan qeydlərindən danışır. İndi Familinin adı təkcə and yeri yox, qürur yeri olduğunu hiss etdirir. Hər ikisi yarasının bir il əvvəlki qədər təzə olduğunu baxışlarıyla göstərir. Şübhə yoxdu ki, oğul həsrətiylə odlanan ata-ana ürəyi ən son döyüntüsünədək onu xatırlayacaq!
Ağac əkdilər
Famil Əhmədzadənin anım günündə onun çalışdığı 3 nömrəli İsmayıllı şəhər tam orta məktəbində də hüzn vardı. Dillərdə onun adı, xatirələrdə onunla bağlı anlar xatirəyə çevrilib dillərdən süzüldükcə... Şagirdlər müəllimlərinin və bütün şəhidlərin adı çəkilən, sözü keçən, xatirəsi anılan şeirləri həzin və qürurlu, düşmənçiliyə, ədalətsizliyə, ölümə ünvanlanan misraları nifrət və hikkə dolu səslə dedi, hər biri dünyadan ədalət istədi. Sonra hərə əlinə bir bel alıb torpağa hər şəhidi üçün ağac basdırdı.
Bununla da nazir müavini Firudin Qurbanovun da qatıldığı tədbir İsmayıllı məktəblərində “Zəfərdən yaşıl düşüncəyə” salınan yol oldu. Hansı ki, həmin yolu rayonun bütün məktəbləri - məktəbliləri, müəllimləri gedəcək.
Qeyd edək ki, sadəcə İsmayıllıda yox, ölkə ərazisindəki bütün ümumtəhsil məktəblərində sağlam ekoloji yaşıl mühitin yaradılması məqsədilə “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası həyata keçirilir.8 noyabr - Zəfər Gününə həsr olunan aksiya çərçivəsində ümumi təhsil müəssisələrində ağac əkilir.Təhsil Nazirliyinin başladığı aksiyaya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) dəstək verir.
Vətən müharibəsinin 760 müəllim döyüşçüsü
Oktyabrın 14-də İsmayıllıda Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş də keçirilib.
Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Vətən müharibəsində iştirak edən 22 təhsil işçisi, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, onların Zəfərin əldə olunmasında rolunun vurğulanması, bu görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.
Canlarını vətən torpağının azad olunması, ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov müharibə iştirakçısı olan təhsil işçilərinin qarşısında çıxış edib. İsmayılı rayonuna bu bölgədən olan şəhid təhsil işçilərinin xatirəsini yad etmək məqsədilə gəldiyini vurğulayıb. İsmayıllı rayon 3 nömrəli tam orta məktəbin tarix müəllimi şəhid Famil Əhmədzadənin anım günü olduğunu xatırladaraq şəhidlərimiz və qazilərimizin qəhrəmanlığını xüsusi vurğulayıb: “Bu cür vətənpərvərlər hesabına biz müharibədə qalib gəldik. Bunu unutmayacaq, şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu qələbəni əldə etdik”.
Nazir müavini qələbənin asan qazanılmadığını da xüsusi vurğulayaraq bu qələbədə payı olanları unutmamağa və unutdurmamağa çağırıb. “Bu, o qədər də asan olmayıb. Onların qəhrəmanlığı həm də ölkənin gücünü, qüdrətini nümayiş etdirdi. Həm düşmənlərimizə, həm də dostlarımıza. Bu müharibədə dostlarımızı da, düşmənlərimizi də tanıdıq”, - deyib. 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizdən söz açan Firudin Qurbanov bildirib ki, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında olan Qarabağın azad edilməsi çağdaş tariximizə şanlı səhifə kimi yazılıb. Bu şanlı səhifə bundan sonra yetişməkdə olan nəslə çatdırılmalı, onların bu ruhda inkişafı üçün müəllimləri əllərindən gələni etməlidir.
Vətən müharibəsi iştirakçısı müəllimdən dərs alan nəsil vətənpərvər ruhda böyüyəcək
Görüşdə iştirak edən media qurumlarının rəhbərləri Azərbaycan gənclərinin döyüşçü müəllimlərdən təhsil alaraq daha vətənpərvər yetişəcəklərinə inamlarını ifadə ediblər.
“Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu Vətən müharibəsi iştirakçısı olan müəllimlərə onların xatirələrini nəşr etməyə hazır olduğunu bildirib.
Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış edərək xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.
Ruhiyyə DAŞSALAHLI
|
|
22.10.2021 | 14:28 | |
|
|
|