Məktəblilər yol hərəkəti qaydalarına dair maarifləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində məktəblilər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilir.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərlə bağlı təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzularında maarifləndirici tədbirlər təşkil edilir. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanır, məktəblilər arasında rəsm müsabiqələri keçirilir.

Məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilir və yolda daha diqqətli olmaları tövsiyə edilir. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılır.

Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirir, səhnəciklərlə çıxış edirlər.

 



20.10.2021 | 13:50