Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək

Bu gün Zəngilan şəhərinin Ermənistan işğalından azad edilməsinin bir ili tamam olur.

 

Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilanın inzibati hüdudlarına çatmasına şərait yaratmışdı.  Rayonun azad edilməsi uğrunda əməliyyat isə oktyabrın 18-də başladı və Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də döyüşlər artıq öz gözəl nəticəsini verdi: Zəngilanın mərkəzi, kənd və qəsəbələri işğaldan azad edildi. Zəngilan zəfəri də digər rayonların zəfəri kimi Azərbaycan xalqının qüruru, aşıb-daşan sevinci oldu. 

 

Zəfərdən danışarkən, işğal tarixini də unutmuruq; Qələbəmiz yaddaşımızda necə möhkəmlənirsə, işğal faktı da zehnimizdə hər zaman öz yerini qoruyub saxlayacaq: düşmənin əməllərini unutmamaq, bu qara tarixi gələcək nəsillərə ötürmək üçün! 

 

Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən1993-cü il oktyabrın 30-da işğal edilmişdi. O zaman 45 mindən çox əhali məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı. İşğal nəticəsində tarixi və dini memarlıq abidələri dağıdıldı.

 

Onlar hansılardır?

 

Tarixi-dini abidələr: İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri. Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında,  Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi. Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi,


Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsr­lər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şə­rifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.

 

Bunlar bizim Zəngilana aid bilməli olduğumuz tarixin bir parçasıdır və erməni vəhşiliyini bariz ifadə edir. 

 

Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəd olan Zəngilan respublikanın dağətəyi ərazisində yerləşməklə, iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərib.

 

Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılıb. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

 

Zəngilan haqqında danışarkən, bilməli olduğumuz başqa bir mühüm məqam tarixi həqiqətlərlə bağlıdır.

 

Bu həqiqət nədən ibarətdir?  

 

Ondan ibarətdir ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib; Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

 

Vətən müharibəsində Zəngilanın azadlığı ilə Azərbaycan özünün İranla olan sərhədini tam bərpa etdi. İşğal altında qalmış 132 kilometr sərhədə nəzarət təmin olundu. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görüldü.

 

Zəngilan indi abadlıq mərhələsinə qədəm qoyub, onun yenidən qurulması, inkişafı üçün strategiya müəyyənləşdirilib. 

 

Məlumdur ki, “Böyük qayıdış” planı var. İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir.

 

İlk bərpa edilən kəndlər  Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Elektron idarəetmə sistemi işləyəcək. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək.Kənddə layihənin icrası, əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Burada inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcək. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.

 

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisi böyük potensiala malikdir. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

 

Zəngilandan keçən loqistik layihələrə baxaq:

 

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə, ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa ediləcək hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

 

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib.Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvanı bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

 

Qeyd edək ki, Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Bu, düşmənin vandalizminə məruz qalan Zəngilan məscidinin bərpası ilə bağlıdır.

 

 

Zəngilanı bizə qaytaran, döyüşlərdə şücaət və vətənpərvərlik göstərən oğulların xidməti dövlət tərəfindən qiymətləndirilib. Silahlı Qüvvələrin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Qazandığımız bu  möhtəşəm Zəfərə görə Azərbaycanın igid övladları hər zaman başımızın tacı olacaq, şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq! 

 

 



20.10.2021 | 09:45