Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq konfransda çıxış ediblər

Türkiyənin İstanbul şəhərində “Mühəndisliyin Texniki və Fiziki Problemləri” (ICTPE-2021) mövzusunda XVII beynəlxalq konfrans öz işinə başlayıb.

 

İstanbul Rumeli Universitetində keçirilən konfransda Zoom proqramı vasitəsilə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, İran, Rumıniya, İspaniya və Norveçdən alimlər iştirak edirlər.

 

Tədbirin Təşkilat Komitəsində Azərbaycandan AMEA-nın Fizika İnstitutu, “Azərenerji”ASC, Naxçıvan Dövlət Universiteti, Təmiz İstehsalat və Enerji Effektivliyi Mərkəzi yer alıb.

 

Tədbirdə Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və “Azərenerji”ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru Nəriman Rəhmanov giriş nitqi söyləyiblər.

 

Həmçinin konfransın ilk günündə akademik A.Həşimovun həmsədri olduğu plenar iclasda 3 məruzə dinlənilib.

 

Texnika elmləri doktoru N.Rəhmanov “Fundamentals of hybrid distributed generation systems construction with renewable energy sources for remote consumers power supply” mövzusunda məruzəsini iclas iştirakçılarına təqdim edib, onların suallarını cavablandırıb.

 

N.Rəhmanovun həmsədri olduğu plenar iclasda isə müxtəlif mövzularda 10 məruzə təqdim olunub.

 

Bu gün davam edəcək növbəti plenar iclaslarda 16 məruzə dinləniləcək.

 

Konfransın bağlanış mərasimində Azərbaycanla yanaşı, Türkiyə, İran, İspaniya və Rumıniyadan olan alimlər nitq söyləyəcəklər.

 

Qeyd edək ki, konfransın məruzələr toplusu “Springer” və digər nüfuzlu nəşriyyatlarda nəşr olunur, “Scopus”, “NSD”, “Copernicus”, “SIF”, “SIS” kimi elmimetrik bazalarda yerləşdirilir.

 



19.10.2021 | 15:08