Azad Füzuli- xoş müjdələrin ünvanı | |
Ötən ilin bu günlərində ölkənin hər yerində Füzuli qələbə sevinci yaşanırdı. Prezident İlham Əliyev oktyabrın 17-də rayonun erməni işğalçılarından təmizləndiyi xəbərini vermişdi. Bu tarixdən etibarən füzulilərin torpaq nisgili bitmiş, azərbaycanlılar üçün daha bir şərəfli səhifə açılmışdı. Gecə mənzillərin eyvanından başlayan coşğumuz üç gün Füzuli ilə davam etdi. Çünki Füzulinin ayağı sayalı olmuş, yerini az sonra növbəti uğura, daha bir rayonun azadlıq xəbərinə vermişdi - Zəngilana...
Xalq olaraq Füzulidən gələcək şad xəbərə səbirsizlənirdik, şəhərin işğalçılardan təmizlənməsi məlumatını hər an gözləyirdik; sonra biləcəkdik ki, ağır əməliyyat imiş, özü də çox ağır! Qəddar düşmən 30 il ərzində təmas xəttində möhkəm istehkam yarada bilmişdi, keçilməz bir istehkam! Elə bir istehkam ki, uzun zaman tələb olunurdu, sayca çox olan həmin müdafiə xətləri darmadağın edilsin. Azərbaycan ordusunun peşəkarlığı, əsgərinin mətanəti, əzmi, hünəri sayəsində bu əməliyyat da müvəffəqiyyətlə icra olundu, ordumuz Füzulini düşmənin güclü pəncəsindən çəkib çıxarmağı bacardı.
Füzuli Vətən müharibəsinin gedişində Hadrut qədər çətin döyüşlər gedən ərazi idi. Ona görə “döyüşən şəhər” deyilirdi ona. Prezident İlham Əliyev müharibə gedən ərəfədə Füzuli əməliyyatının hərbi kitablara salınacağını bildirməklə, bu döyüşlərin ağırlığını, necə bir qəhrəmanlıqla qazanıldığını xalqın təsəvvüründə canlandırırdı və yaddaşında əbədi möhkəmləndirirdi.
Bu əməliyyat, həmçinin Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələrinin azadlıq yolunu açdı. Ona görə Füzuli əməliyyatı strateji əhəmiyyət daşıyırdı. Nəhayət, müharibənin 21-ci günü, 17 oktyabr tarixi onun azadlığının doğuluşu kimi tarixə köçdü.
Ermənistan Hadrutdan sonra Füzuli uğursuzluğunu qəbul edə bilmədi və qısasını Gəncəyə beşinci, bu dəfə daha güclü, daha pis vaxtda, dinc insanlar yatmış ikən, gecə saat ikidə, iki güclü raket zərbəsi endirməklə çıxmaq istədi. Gəncədə böyük dağıntı, insan fəlakəti meydana gəldi. Bu hadisə xalqımızın ürəyində yara açdı, fəqət düşməndən qorxu hissi yaratmadı; Gəncə möhkəm dayandı. Azərbaycan heç bir emosional addım atmadı, ciddi qərarlar verdi, müharibəni ləyaqətlə davam etdirdi. Bu məğrur duruş da düşmənə verilən ən sərt cavab oldu.
Qısa haşiyə:
Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən 23 avqust 1993-cü il tarixində işğal olunmuşdu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əmri ilə başlanılmışdı. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır.
Ermənistan silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək insan əlil, 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.
Füzuli zəngin infrastruktur və tarixi abidələrə malik olan ərazidir. Rayonda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olub. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi idi. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar...
Vətən müharibəsindəki zəruri statistikanı da qeyd edək ki, Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olub, 300 nəfərədək sakin yaralanıb.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlət tərəfindən qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Məlumdur ki, azad olunmuş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1,3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları inşa edilir. Bu layihələrdə təbii ki, Füzuliyə aid işlər də var.
Müharibədən sonra Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu və artıq bu yolla rahat gediş-gəliş təmin olunub. Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb, Hava Limanı ilk təyyarələri də qəbul edib və hazırda açılışına hazırlıq görülür. Horadiz-Ağbənd dəmir yolu xətti, Füzuli-Hadrut avtomobil yolu istiqamətində görülən işlər, “Füzuli” yarımstansiyasının açılışı, bundan başqa, oktyabrın 17-də Füzulinin işğaldan azad olunmasının bir illiyi münasibətilə rayonda səfərdə olan Prezident İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, ilk yaşayış binalarının, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşlarını atıb.
Ermənistanın ekoloji terrorunun yaralarını sarmaq üçün Füzuli Mərkəzi Şəhər parkı salınır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən həmin parkda ağaclar əkib.
Azərbaycan xalqının milli ruhu Füzulini necə geri qazandırdısa, dövlətin iqtisadi potensialı da Füzulini qısa zamanda cənnətməkana çevirəcək. Görülən bütün bu işlər də soydaşlarımızın öz yurdlarına möhtəşəm köçünün yaxında başlayacağının müjdəsidir.
Vəfa ALLAHVERDİYEVA
|
|
18.10.2021 | 12:40 | |
|
|
|