Qaraqoyunlu dərəsinin ilk tələbəsi, ilk alimi...

Əməkdar müəllim, professor Niftalı Mehralı oğlu Qocayev 1936-cı il oktyabrın 18-də  Gəncə quberniyasının Qazax qəzası, Dilican nahiyyəsinin Qaraqoyunlu dərəsinin (indiki Ermənistanın İcevan rayonunun) Göyərçin kəndində sadə kəndli ailəsində- Mehralı kişi ilə Gözəl xanımın ailəsində dünyaya gəlmişdir.  İbtidai  təhsilini həmin kənddə alan Niftalı Qocayev orta təhsilini o dövrdə regionun qabaqcıl məktəblərindən sayılan Gölkənd kəndində davam etdirir və həmin kənddə yaşayan xalası Ayişə xanımın evində yaşayır.

 

Kənd məktəbinin riyaziyyat müəllimi Məhəmməd Nəbiyevin yaratdığı böyük maraq gənc Niftalını dəqiq elmlərə fokuslayır. Bədnam ermənilərin əhatəsində nə qədər çətin olsa da, bir neçə pilləli yoxlamalardan uğurla keçən Niftalı Qocayev məktəbi qızıl medalla bitirir  və həmin illərdə məktəbi medalla bitirən ilk azərbaycanlı kimi Qaraqoyunlu dərəsinin tarixinə düşür. Ancaq bu “ilk”lər onu həyatı boyu izləyir. O, regionun Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika (o zaman Fizika-riyaziyyat fakültəsinin fizika bölməsi)  fakültəsinə daxil olan ilk məzunu, universitetdə adlı təqaüdlə (o dövrdə ən yüksək status olan Lenin təqaüdü ilə) oxuyan ilk tələbəsi,  bütün Qaraqoyunludan BDU-da ilk müəllim, o dövrün rekordlarını yeniləyərək 26 yaşında -1962-ci ildə dissertasiya müdafiə edən ilk azərbaycanlı biofizik, həm də regionun ilk alimi, ilk kafedra müdiri, ilk dekanı, ilk laboratoriya müdiri olmuşdur.

 

Bütün bu “ilk”lər Qaraqoyunlu dərəsindən 100-ə yaxın azərbaycanlı gəncin bu yolla gəlməsinə, alim kimi yetişməsinə, xalqın gərəkli övladlarına çevrilməsinə müstəsna təsir göstərmişdir. Nə qədər çətin olsa da, həmin uşaqların hamısı Niftalı müəllim kimi hörmət sahibi olmaq arzusu ilə şəhərə oxumağa gələrkən, demək olar ki, hamısı regiondan Bakıda “ilk evi olan” Niftalı Qocayevin qayğısından bəhrələnmişdir: ya onun evində yaşamış, ya köməkliyi ilə yataqxanaya düzəlmiş, ya onun köməyi ilə imtahanlara hazırlaşmış, ya ixtisas seçməyə məsləhət almış, ya da hansısa digər yardımından yararlanmışdır. Bu adamların hamısının Bakıdakı “ata ocağı” Niftalı Qocayevin geniş ürəyi, darısqal mənzili olmuşdur.

 

Ağsaqqalların dediyinə görə, olduqca istedadlı uşaq olan Niftalı həm də çox zəhmətkeş, məqsədi uğrunda mübariz keyfiyyətlərə malik olmuşdur. İkinci Dünya müharibəsindən sonrakı illərdə Ermənistanın ucqar kəndində perspektivsiz  gələcəyi hiss edən N.Qocayev bu vəziyyətdən çıxmaq  yolunu həm yaxşı oxumaqda, həm də rus dilini mükəmməl öyrənməkdə görür. Bu məqsədlə müstəqil şəkildə rus dilini öyrənməyə başlayır. O dövrdə kənddə rus dilini bilən də yox idi ki, gedib kiminləsə ünsiyyətə girib bu vərdişi təkmilləşdirsin. Bu zaman Sibirdən kəndlərinə 10 il sürgündə yatmış və  bu müddətdə rus dilini öyrənmiş yaxın qohumları İslam kişi qayıdır. Gənc Niftalı imkandan yararlanaraq bu adamla hər gün görüşür, onunla rus dilində söhbət edir, kəndin poçtuna gələn və heç kəsin oxumadığı “Pravda” qəzetini alıb İslam kişi ilə onu bərkdən oxuyur, tərcümə edir, kənd adamlarına danışır. Bununla da, həm camaatın hörmətini qazanır, həm də məktəbli ikən qısa müddətdə rus dilini mükəmməl öyrənir. O dövrün tələblərinə görə  rus dilini yaxşı bilmək isə geniş üfüqlər açırdı. Sonralar rus dilində yazılmış  elmi ədəbiyyatları sərbəst oxuyub mənimsədiyinə görə tələbə yoldaşlarından xeyli irəlidə olanda,  SSRİ EA Leninqrad filialının “Yüksəkmolekullu Birləşmələr İnstitutu”nun aspiranturasına daxil olanda,  dünya şöhrətli  məşhur alim akademik M.V.Volkenşteynin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edəndə, keçmiş SSRİ-nin bütün ali məktəblərində tədris edilən “Optika” dərsliyi yazaraq rus dilində dərslik yazmış yeganə azərbaycanlı kimi tarixə düşəndə kənddə İslam kişi ilə keçirdiyi günləri tez-tez xatırlayacaqdı...

 

Professor Niftalı Qocayev 1993-1995-ci illərdə Ərzurum Atatürk və İstanbul universitetlərində dəvətli professor olaraq fəaliyyət göstərmiş və həmin illərdə türk dilində 2 cildlik “MolekülünYapısı” monoqrafiyalarını, həmçinin özünün müəllifi olduğu “Molekulyar fizika” və “Optika” dərsliklərini türk dilinə çevirərək nəşr etdirmişdir. Elmi kadrların hazırlığı sahəsində də  N.M.Qocayevin fəaliyyəti diqqətə layiqdir. Onun elmi rəhbərliyi ilə yüzlərlə bakalavr və magistr tələbələri diplom və dissertasiyalar müdafiə etmiş, fizika üzrə 21 elmlər doktoru və  fəlsəfə doktoru dissertasiya işlərinin elmi rəhbəri olmuş,“Bioloji fəal molekulların və onların komplekslərinin quruluş-funksiya əlaqələrinin tədqiqi” üzrə Elmi Məktəbin   yaradıcısı və rəhbəridir, Rusiada nəşr olunan “Biofizika”, “Molekulyarnaya bioloqiya”, “Fiziçeskaya ximiya”, “Bioorqaniçeskaə ximiya”, “DAN SSSR”, “Rossiyskiy Allerqoloqiçeskiy jurnal”, “Nanotexnika”, Amerika, Avropa və Asiyada nəşr olunan “Journal of Molecular Graphics and Modelling”, “J. of Peptide and Protein Research”, “Studia Biophysica”, “J.of Spectrocopy Letters”, “J. of Molecular Structure”, “J.of Peptide Science” və “AsianJ. Of Shemistry” kimi Tomson-Reuters siyahısına daxil edilmiş mötəbər elmi jurnallarda dərc olunmuş 400-dən çox elmi məqalənin müəllifidir. Bunlar içərisində COVID -19 və xərçəng xəstəliklərinə qarşı dərman kimi tövsiyə olunan çoxfunksiyalı  Glu-Gln-Arg-Pro-Argpentapeptidinə həsr olunmuş və  yüksək impaktfaktorlu “Journal of MolecularGraphics and Modelling” jurnalında çap olunacaq məqaləni (Evaluation of anti-cancer and anti-covid-19 properties of cationicpentapeptideGlu-Gln-Arg-Pro-Arg, fromrice bran protein and its d-isomeranalogsthroughmoleculardocking simulations. Vol. 108, Novenber 2021, 107999) xüsusi qeyd etmək olar. Bu elmi-tədqiqat işi Türkiyənin İstanbul və Kültür Universitetləri, BDU nəzdindəki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, AMEA-nın Biofizika İnstitutu və Azərbaycan Milli Onkologiya Mərkəzinin əməkdaşları  tərəfindən yerinə yetirilmişdir.

 

Professor Niftalı Qocayev Azərbaycan, rus və türk dillərində yazılmış 21 dərslik,  dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Onlar içərisində keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qrifi ilə Moskvada “Vısşaya Şkola” nəşriyyatı tərəfindən  1979-cu ildə nəşr olunmuş və  2016-cı ildə ikinci nəşri çapdan çıxmış “Optika”, həmçinin 4 cildli “Ümumi Fizika kursu” dərsliklərini xüsusilə qeyd etmək olar.  Niftalı müəllim 1966-cı ildə dosent, 1979-cu ildə  professor elmi adlarını almış, 1967-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti nəzdindəki “SSRİ Ali Məktəb Müəllimlərinin İxtisasını Artırma Fakültəsi”nin  dekanı, 1968-1984-cü illərdə “Optika və molekulyar fizika” kafedrasının müdiri vəzifələrində işləmişdir. Professor N.M.Qocayev 1980-2005-ci illərdə Molekulyar Biofizika Elmi-Tədqiqat Problem Laboratoriyasının müdiri, 2005-2020-ci illərdə BDU nəzdindəki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Nəzəri fizika şöbəsi”nin müdiri vəzifəsində çalışmışdır.

 

Bu günlərdə 85 yaşı tamam olan Niftalı müəllim 62 ildir ki, fizika üzrə universitet tələbələrinə dərin məzmunlu, yüksək keyfiyyətli mühazirələr oxumaqla tələbələrinin sevimlisinə çevrilmişdir. Məlahətli və yapışıqlı səs tembri, dərin bilik, analitik düşüncə, aydın zəka, böyük təcrübə bu insanın mühazirələrini Səməd Vurğunun şeirləri kimi axıcı, rəvan, şirin edir. Bu gün onun belə mühazirələrini dinləmək istəyən tələbələrin arzusunu reallaşdırmaq üçün   professora ustad dərsləri xahişi ilə müraciət edən ali məktəb rəhbərləri onlarladır. Hamı qəlbi də, görkəmi də cavan olan bu ağsaqqal alimi heç olmasa, bir dəfə dinləmək istəyir. Ancaq ömrünün 62 ilini bağladığı doğma Bakı Dövlət Universiteti onun “ata ocağı”dır, özünü bu ocaqdan ayrı təsəvvür eləmir. Biz də onu hələ 15 il Bakı Dövlət Universitetinin auditoriyalarında, laboratoriyalarında görmək istəyirik. 100-dən sonra baxarıq...

 

Fikrət ŞİRİYEV,

BDU-nun dosenti

 

 



16.10.2021 | 11:25