“Vətənpərvər gənc nəsil yetişdirmək naminə daim əzmlə çalışacağam”

Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir.

 

Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim, mühəndis, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.

 

Müsahibim Qax şəhər 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazlı İsmayılova da məhz bu müqəddəs peşənin şərəfini qürurla daşıyanlardandır. İsmayılova Nazlı Zəkəriyyə qızı 1975-ci ildə Qax rayonunun Cəlayir kəndində anadan olub. 1992-ci ildə Cəlayir kənd orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il də N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olub, 1997-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu  ilə bitirib. İlk pedaqoji fəaliyyətinə 1997-ci ildə Qax şəhər 2 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. Bu gün  onun sevincinin həddi-hüdudu yoxdur. Təhsilə verdiyi töhfələri, yaradıcı əməyi dövlətimiz tərəfindən qiymətləndirilib, möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

- Nazlı  xanım, “Əməkdar müəllim” fəxri adına layiq görülməyiniz haqında  xəbəri eşidəndə hansı hisslər keçirdiniz?

- Əlbəttə, sonsuz qürur duydum. Sevincimi ifadə edəcək kəlmələr tapmaqda çətinlik çəkirəm. Çünki sevincimi  göz yaşlarım müşayiət etdi.

 

- Belə mükafata layiq görüləcəyinizi  gözləyirdinizmi?

- Təvazökarlıqdan uzaq olsa da, gözləyirdim. Yaradıcı  insanın  dəyərləndirildiyi, fədakar  işin qiymətləndirildiyi  demokratik bir ölkədə yaşadığıma görə inanırdım.

 

- Müəllim peşəsinə vurğunluğunuz haradan  gəlir? Bu sənəti necə oldu seçdiniz?

- Müəllimlik peşəsini anam mənə sevdirib. Anam Zöhrə Laçınova Qax rayonunun Cəlayir kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib, rayonun tanınmış müəllimlərindən olub. Artıq dünyadan köçüb. Onun biliyinə, zəngin nitqinə, qurduğu gözəl dərslərə valeh olurdum. Və qərar verdim ki, mən də onun kimi sənətini sözün əsl mənasında sevən bir müəllim olacağam.

 

- Bu günədək hansı uğurları qazanmısınız?

- 2011-ci ildə keçirilmiş “100 ən yaxşı müəllim” müsabiqəsinin respublika turunun qalibi olmuşam. 2017-ci ildə müəllimlərin ilkin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı  maksimum bal - 60 bal toplamışam. 2018-ci ildə keçirilən “Pedaqoji mühazirələr” müsabiqəsinin respublika turunda III dərəcəli diploma layiq görülmüşəm. 2018-ci il noyabrın 28-də keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayına nümayəndə seçilmişəm.

 

Məncə, müəllimin əsl uğuru şagirdlərinin müvəffəqiyyətləridir. Çox şadam ki, istedadlı şagirdlər yetişdirə bilmişəm. Şagirdlərimin arasında yüksək bal toplayaraq nüfuzlu ali təhsil ocaqlarına daxil olanlar, qızıl və gümüş medala layiq görülənlər və müxtəlif yarışların respublika mərhələsinin qalibləri də var. 2019-2020-ci tədris ilində şagirdim Paşazadə Günel Eldəniz qızı “Ən yaxşı təqdimat” müsabiqəsində uğurla iştirak edərək üçüncü dərəcəli diploma layiq görülüb və  bu il  3 şagirdim respublika səviyyəli müsabiqələrin qalibi olub. Həmçinin Kərimli Fuad Cavid oğlu “Ən yaxşı təqdimat” müsabiqəsində üçüncü dərəcəli diploma,  Abbaslı Rafiq İlkin oğlu isə “Qarabağ uşaqların gözü ilə” respublika onlayn videoçarx müsabiqəsində həvəsləndirici yerə layiq görülüb. Ən  yüksək nəticəni şagirdim  Mütəllibova Gülnar  Vüqar qızı əldə edib. O, respublika fənn olimpiadalarının final turunda  qızıl medal qazanıb.

 

- Bu gün təhsilimizdə ən vacib  və  müəllimlərin diqqət yetirməli olduğu sahə hansıdır?

- Mən deyərdim ki, qiymətləndirmə. Real qiymətləndirmə müəllimləri və valideynləri hər bir şagirdin təlim nəticələri və əldə etdiyi müvəffəqiyyətlər haqqında məlumatlarla tam təmin etməlidir. Qiymətləndirmə düzgün aparılmadıqda valideyn-şagird, valideyn-müəllim münasibətlərində ziddiyyətlərə gətirib çıxara bilir. Çalışmalıyıq ki, qiymətləndirmə şagirdə öz fərdi inkişaf səviyyəsini üzə çıxarmaqda kömək eləsin. Bu sahədə aparılan islahatlar da prosesi elə təşkil etməyə yönəlmişdir ki, nəticədə şagird öz zəif və güclü tərəflərini, maraq və qabiliyyətlərini aşkara çıxarsın.

 

- Kimi özünüz üçün ideal hesab edirsiniz?

- Pedaqoji fəaliyyətimdə daim yaxşı olan hər kəsdən bəhrələnməyə çalışmışam. İstər məndən təcrübəli olsun, istər fəaliyyətinə yeni başlayan müəllim olsun. Amma bir nəfərin adını mütləq çəkməliyəm.  Artıq təqaüddə olan Azərbaycan Respublikasının Əməkdar müəllimi Gülbəniz Seyidovanı özüm üçün hər zaman örnək hesab etmişəm.

 

- Sizcə, uğurun açarını necə əldə etmək olar?

- Əvvəla, gərgin əmək və zəhmətlə. Birgə fəaliyyətlə. Mən pedaqoji fəaliyyətim boyunca daim şagirdlərim və valideynlərlə birgə hərəkət etdim. Dəstəklə. Hər uğurumda məni  mənən  dəstəkləyən kollektivimdən daim güc aldım. Dövlətimizin təhsilimizin, müəllimlərimizin inkişafı üçün yaratdığı misilsiz imkanlarla. Bu diqqət və qayğıya görə möhtərəm Prezidentimizə təşəkkür edirəm.

 

- Sonda nə demək istərdiniz?

- Mən Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. Söz verirəm ki, qanları bahasına azad etdikləri torpaqları sevən, qoruya bilən vətənpərvər gənc nəsil yetişdirmək naminə daim əzmlə çalışacağam.

 

Şakir CƏFƏROV

 



15.10.2021 | 17:11