İsmayıllıda Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş | |
Oktyabrın 14-də İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Vətən müharibəsində iştirak edən 22 təhsil işçisi, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.
Tədbir canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Görüşü giriş nitqi ilə İsmayıl Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev açaraq tədbir iştirakçılarını, döyüşdə iştirak edən təhsil işçilərini salamladıqdan sonra sözü təhsil nazirinin müavini Firudin Qurbanova verib. Nazir müavini 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizdən söz açaraq bildirib ki, müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində 30 il işğal altında olan Qarabağın azad edilməsi ilə çağdaş tariximizə şanlı səhifə yazılıb.
Daha sonra döyüşdə iştirak edən təhsil işçiləri çıxış edərək xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.
|
|
15.10.2021 | 12:50 | |
|
|
|