28 mayın Müstəqillik Günü, 18 oktyabrın Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmasının tarixi və hüquqi əsasları

Hər bir xalqın həyatında yaşanan tarixi zəfərin, baş verən əlamətdar  ictimai-siyasi hadisənin öz təvəllüd zamanı mövcuddur və təqvimdə əbədiləşməsi, doğru-düzgün adlandırılması mütləq şərtdir.

 

Bu gün “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ətrafında ictimai müzakirələr var. Söhbət 28 may Respublika Günü ilə 18 oktyabr Dövlət Müstəqilliyi Gününün dəqiq məzmun qazanmasından gedir ki, həqiqətən də bu iki tarixi-siyasi prosesi necə təqvimləşdirmək məsələsində məntiqli qərar vermək lazımdır.

 

Gəlin, tarixə nəzər yetirək.

 

Bilirik ki, Azərbaycan xalqının ürəyində müstəqillik arzusunun ilk  baş qaldırdığı dövr XX əsrin sonu deyil, əvvəlləri idi. Siyasi meydanda Azərbaycanı imperiyanın caynağından qoparmaq istəyən işıqlı, fədakar, döyüşkən ziyalılar var idi. Məhz onların mübarizəsi nəticəsində ölkəmiz öz müstəqilliyini 1918-ci ildə qazana bildi. Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası “İstiqlal Bəyannaməsi”ni imzaladı, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, beləliklə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini yaşatdı. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdı; dövlət atributları təsis olundu; sərhədləri müəyyənləşdi; dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi; Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı.

 

Doğrudur, bütün bunlar 23 ay sürdü və  Azərbaycan yenidən Rusiya imperiyasının təsiri altına düşdü. Amma tarix xalqımıza öz müstəqilliyini bir daha qazanmaq fürsəti tanıdı və 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini təkrar əldə etdi, əslində isə bərpa etdi.

 

Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün sürdü, nəhayət, 1991-ci il oktyabrın 18-də tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Dövlət müstəqilliyimizi dünyada ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.

 

Beləliklə, əsrin əvvəlində və sonunda baş verən bu iki tarixi hadisə arasında incə bir fərq var: İlk müstəqillik tarixi 1918-ci ildən başlayır və biz uzun illərdir 28 mayı Müstəqillik Günü kimi deyil, Respublika Günü kimi qeyd edirik. 1991-ci ildə isə biz müstəqilliyimizi bərpa etdik, ilk dəfə qazanmadıq! Axı əsrin əvvəllərində Azərbaycanın dəyərli ziyalıları tərəfindən bu müstəqilliyin təməli atılmışdı. XX əsrin sonundakı mübariz nəsil isə sələflərinin idealını başa çatdıraraq bu təməlin üzərinə  müstəqillik daşları düzmüşdü...

 

Amma 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi təkrar meydana çıxdı. Lakin onu möhkəmlədən əsas faktor güclü lider amilinə bağlı oldu və böyük siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi möhkəm rels üzərinə qoyuldu. Ta bu günə kimi ölkəmizin müstəqilliyi ciddi şəkildə qorunur və Azərbaycan heç bir ölkənin təsir dairəsində olmadan siyasət yürüdərək, öz inkişafı istiqamətində uğurlu addımlar atır.     

 

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tamam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

 

Yəni, yeni qanun layihəsində doğru yanaşma ortaya qoyulub: Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində 1918-ci ildə “İstiqlal Bəyannaməsi”nin qəbul olunduğu 28 mayın Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü hesab olunması məntiqə söykənir.

 

Odur ki, tarixi hadisələrin düzgün tətbiqi zamanıdır. Təqvimdə 28 may tarixi Müstəqillik Günü, 18 oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü kimi yenilənməli, təsbit olunmalıdır. Bu, birmənalı olaraq Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar edilməsi faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

 

Bütün bunlar həm də nəyə görə lazımdır? Çünki uzunmüddətli perspektivdə azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.

 

V.ALLAHVERDİYEVA

 



13.10.2021 | 15:53