Hadrut – yenidən qurulan əzəli yurd yerimiz | |
Düz bir il bundan əvvəl işğal altındakı torpaqlarda vəzifələrini yerinə yetirənlər hərbçilər, könüllü əsgərlər idi.
Xüsusi əhəmiyyət daşıyan bir hərbi əməliyyat var idi - Hadrut əməliyyatı. Qarabağın azad edilməsinin açarı idi bu əməliyyat - həm hərbi nöqteyi-nəzərdən, həm də strateji nöqteyi-nəzərdən. Ona görə də hamının nəzərləri bu əməliyyatın necə yerinə yetirilməsinə dikilmişdi.
Azərbaycan üçün uğur, işğalçı Ermənistan üçün uğursuzluq Hadrutdan başlayırdı. Ən ağır, gərgin keçən döyüşlər Hadrutda baş verdi. Düşmənin müqaviməti nə qədər güclü idisə, Hadrut üçün savaşan Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi, cəsarəti, inamı da bir o qədər güclü idi.
Azərbaycan uğurlu hərbi manevr etmişdi. Ermənistan ordusuna gözləmədiyi istiqamətdən zərbə vurmağa başlamışdı. Düşmən Azərbaycanı Cəbrayıldan sonra Füzulidə gözləyərkən, hərbi qüvvələrimiz hücumu Hadrutdan davam etdirmişdi. Özü də Ermənistan hərbi rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrini burada gözləməsə də, Hadrutun müdafiəsi üçün böyük canlı qüvvə səfərbər etmişdi. Hadrut hərbi əməliyyatının uğuru sırf Azərbaycan əsgərinin fədakarlığına, ordunun peşəkarlığına bağlı idi.
Ermənistan tərəfdən Hadrutun itirilməsini yalanlayan xəbərlər yayılırdı. Bu yalanlar təlaşın, düşmənin belinin qırılmasının şiddətli ağrısının nəticəsində ortaya çıxırdı. Amma Ermənistan mətbuatının yalanları dövriyyədə ikən, Hadrut əməliyyatı artıq saatlar öncə uğurla başa çatmış, 1992-ci ilin 2 oktyabrında işğal edilmiş bu qəsəbə öz azadlığına qovuşmuşdu - 2020-ci il 9 oktyabrda!..
...Ordunun Zəfərlə başa çatan missiyasının ardınca növbəti missiya Hadrutu tikməkdir. Bu missiya da artıq başlayıb. Hadrutun azadlığının birinci ildönümündə onun bərpasının bünövrəsi atılıb; orada genişmiqyaslı quruculuq işlərinə start verilib.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Xocavəndə səfərində Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoydu.
Bundan başqa, bilirik ki, viran edilmiş şəhərlərin, kənd və qəsəbələrin yenidən salınması ilk olaraq yolla başlayır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında yol infrastruktur layihələri mühüm əhəmiyyət daşıyır. Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında tikinti işlərinə bir müddət əvvəl start verilib və Prezident İlham Əliyev Xocavəndə səfərində burada işlərin gedişi ilə tanış olub.
Necə bir yol layihəsindən söhbət gedir, bizlər bu məlumatları izləyərkən, dövlətin iradəsi, iqtisadi gücü ilə qürur duyuruq.
Diqqət edək:
Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və süni qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.
Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla, sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Füzuli-Hadrut avtomobil yolu başlanğıcını Zəfər yolundan götürür və bu yol yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Bundan əlavə, uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir. İkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaq…
Bəli, bizim hər birimizi həsrətində olduğumuz bu torpaqlara dövlətimizin inşa etdiyi bu rahat yollar aparıb çıxaracaq, həm də qısa zamanda!
İndi isə elektrik enerjisinin təminatı ilə bağlı görülən işlərin mənzərəsinə baxaq:
Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilib. Bununla da Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilib. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib. Xəttin keçdiyi ərazi öncə minalardan təmizlənib. Çətin relyef, qar və şaxtalı hava şəraitinə baxmayaraq 37 gün ərzində gecə-gündüz aparılan işlərdən sonra bu il yanvarın 7-də Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün olub. “Hadrut” yarımstansiyası hazırkı vəziyyətdə belə işğaldan azad olunmuş əksər ərazilərə elektrik enerjisinin ötürülməsində önəmli funksiyanı yerinə yetirir. İnnovativ yeniliklərin tətbiqi ilə yeni inşa olunacaq yarımstansiyanın da perspektiv plan üçün önəmi çox böyükdür. Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq...
Beləliklə, yollarımız ziyarətimizi, məskunlaşmağımızı rahatladacaq, işığımızı isə aydınladacaq.
Hadrutun siması beləcə dəyişir.
Onu inkişaf etdirən bütün perspektiv planlar işə düşəcək.
Memarların cizgiləndirdiyi xəritə ilə Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcək. Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzi olacaq.
Hadrut bizim əbədi yurd yerimiz kimi qalacaq!
Vəfa ALLAHVERDİYEVA
|
|
12.10.2021 | 15:06 | |
|
|
|