Torpağı Vətən edən oğullar...

Oktyabrın 11-i Bakı Slavyan Universitetinin (BSU)  məzunu, Vətən müharibəsi şəhidi  Nicat Şükürlünün anım günüdür.

 

Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində yerləşən 49 nömrəli məktəb-liseydə orta təhsil alıb. 2009-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-2019-cu illərdə BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika  fakültəsində ali təhsil alıb. O, BSU-nun təhsildə fərqlənən və universitetin ictimai-mədəni həyatında fəal iştirak edən tələbəsi kimi tanınıb. Eyni zamanda karate idman növü ilə məşğul olan N.Şükürlü respublikada keçirilən müxtəlif yarışlarda  bir sıra nailiyyətlər qazanıb.

 

Azərbaycan Ordusunun çavuşu N.Şükürlü 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun və Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olan N.Şükürlü oktyabrın 12-də Badamdar qəsəbəsində yerləşən Şəhidlər xiyabanında  dəfn edilib.

        

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün N.Şükürlü Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib, təhsil aldığı 49 nömrəli məktəb-liseydə büstü qoyulub.

 

BSU-nun kollektivi N.Şükürlünün xatirəsini həmişə uca tutur, universitetin tədris binalarında şəhidlərin əziz xatirəsini yaşadan stendlər və guşələr də yaradılıb.

                                                                 

 



11.10.2021 | 14:55