Rektor qazi tələbələrlə görüşüb | |
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova 44 günlük Vətən müharibəsinin iştirakçısı olan qazi tələbələrlə görüşüb. Görüşdə tədris işləri üzrə prorektor Akif Qasımov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov da iştirak edib.
Rektor Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, həmçinin Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsinin, şanlı Qələbəmizin ildönümü münasibəti ilə qazi tələbələri təbrik edib, onlarla görüşdən çox məmnun olduğunu dilə gətirib. Bu qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu vurğulayıb. Rektor şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. O, müharibə gedən ərazilərin mürəkkəb və çətin relyef şəraitinə malik olmasına baxmayaraq, şəhidlərin, qazilərin, əsgərlərin cəsarəti və rəşadəti hesabına bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş torpaqlarda dalğalandığını qürurla vurğulayıb.
Görüşdə iştirak edən qazi tələbələr Orxan Məmmədzadə (Nəqliyyat fakültəsi), Samid İbadzadə (İnşaat texnologiya fakültəsi) və Fariz Əzizov (İnşaat fakültəsi) Vətən müharibəsi günlərində keçdikləri döyüş yolundan, Azərbaycan Ordusunun şanlı zəfərindən və Vətən uğrunda canlarından keçən şəhidlərin qorxmazlığından, mərdliyindən danışıblar.
Rektor qazi tələbələrin vəziyyəti ilə maraqlanıb, problemlərini dinləyib, onlara hər cür dəstək göstəriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, kəsiri olan müharibə iştirakçısı tələbələr üçün alt dərslər pulsuz olacaq, qazilərin və əsgərlərin hər birinin qayğıları həmişə olduğu kimi rektorluğun diqqətindədir.
|
|
11.10.2021 | 13:44 | |
|
|
|