Təhsildə yeni çağırışlar

Oktyabrın 1-i Azərbaycanın təhsil tarixində çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, həmin gün keçirilən Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu təhsil nazirinin və o cümlədən dünya şöhrətli spikerlərin çağırışları, əhatəliliyi, iştirakçı sayı, mötəbərliliyi, gündəmə çıxardığı məsələlərin aktuallığı baxımından çox yüksək qiymətləndirilə bilər.

 

Post-konflikt dövründə yeni imkanlar yaranıb

 

Forumda açılış nitqi ilə çıxış edən təhsil naziri Emin Əmrullayev forumun əhəmiyyətini yüksək qiymətləndirdirərək təşkilatçılara və spikerlərə təşəkkür edib, forumda müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə olacağını vurğulayıb. Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrikini çatdıran təhsil naziri fərqli ideyaların paylaşılmasının vacibliyinə toxunub.

 

Azərbaycanda təhsil prosesinin yeni reallıqlarla üzləşdiyini qeyd edən Emin Əmrullayev post-konflikt dövründə yeni imkanların yarandığını, indiki nəslin yaxşı təhsillə təmin olunması üçün imkanların genişləndiyini bildirib. Nazir eyni zamanda COVID-19 pandemiyasının təhsil prosesinə təsirlərindən də söz açıb. Yeni texnologiyalardan istifadəni müsbət hal kimi qiymətləndirib.

 

Təhsil naziri gələcək çağırışlardan danışarkən erkən uşaq inkişafı, təhsilin məzmunu, qara qızılın insan kapitalına çevrilməsi, tələbələrin sosial-emosional vəziyyəti, öyrənənlərin nailiyyətləri və rifahı məsələlərini xüsusi qeyd edib.

 

Emin Əmrullayev son 30 ildə Azərbaycanın bir ölkə olaraq keçdiyi müxtəlif mərhələlərin təhsilə də təsirsiz ötüşmədiyini bildirib. Nazir dünya miqyaslı spikerlərə erməni təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə məlumat verib.

 

Daha sonra Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa Realnı məktəbinin fonu qarşısından iştirakçıları salamlayan T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi beynəlxalq forumun məqsədi və vəzifələri barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Müəllimlər Gününə həsr olunan forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.

 

Azərbaycan xalqının təşəbbüslərini alqışlayıram

 

Forumun dünya miqyaslı spikerlərindən Norsvest Universitetinin fəxri professoru, tədqiqatçı, yazıçı və bestseller müəllifi, dünyada “müasir marketinqin atası” kimi tanınan Filip Kotler ilk dəfə olaraq Azərbaycan auditoriyası qarşısında çıxış edib.

 

Dünyanı daha yaxşı bir yerə çevirmək üçün Azərbaycan xalqının təşəbbüslərini alqışladığını dilə gətirən Filip Kotler Azərbaycana xüsusi sevgisinin olduğunu bildirib. Təhsil naziri Emin Əmrullayevin çıxışının çox həyacanverici olduğunu vurğulayıb.

 

Dünya şöhrətli professor “Təhsilin inkişafında əsas məqamlar” barədə danışaraq müxtəlif öyrənmə üsullarına toxunub və bildirib ki, təcrübə, tətbiq vasitəsi ilə daha yaxşı mənimsəmə mümkündür.  İnformasiyanın bol olduğu bir dövrdə şagirdlərə fərdi öyrənmək üçün yaxşı şərait yaratmaq, onları müstəqil tanımaq və şəxsi yanaşma önəmlidir. Lövhə qarşısında dərs deməyin kifayət etmədiyini bildirən professor əlavə edib ki, şagirdlərin fərdi ehtiyaclarının qarşılanması və onlara bələdçilik etmək vacibdir.

 

Təhsil torpaqdan başlamalıdır

 

Türkiyədə və İtaliyada bestsellər müəllifi, yazıçı, psixoloq Azra Kohen isə davamlı inkişaf və özünükəşf barədə danışıb.  Çıxışına “Dünyanı nə qədər tanıyırsınız?” sualı ilə başlayan yazıçı dünyanı başa düşməyin əhəmiyyətini xüsusi vurğulayıb, yaşadığımız dünyanı yaxından tanımaq üçün maraqlı faktları açıqlayıb.

 

Sənaye inqilabına görə formalaşdırılan təhsil sisteminin bu gün aktuallığını itirdiyini qeyd edən bestsellər müəllifi təhsilin torpaqdan başlamasının vacibliyinə diqqət çəkib. Bildirib ki, ibtidai təhsil Nyutonun nəzəriyyəsindən Kvantın vahid baxışına uyğunlaşdırılaraq yenidən dizayn edilməlidir. Psixoloq düşünür ki, ibtidai sinfin hər mərhələsində şagirdlərə şahmat öyrədilməlidir:  birinci sinifdə “Qidalanma nədir, nə işə yarayır? Torpaq nədir? Bədən və beyin necə işləyir?” suallarına cavab tapılmalı, elmin tarixi, musiqinin riyaziyyatı və şahmat öyrədilməlidir. İkinci sinifdə isə regenerativ kənd təsərrüfatı, avtotrofiya və heterotrofiya, mikrobiota və biomüxtəliflik, ağılın nə olduğu, insanlığın vahid tarixi, səs və seçilmiş musiqi aləti. Üçüncü sinifdə bitkilər və heyvanlar, biologiya, psixologiya, vahid din, sıfır və riyaziyyat, dərin oxu tədris edilməlidir.

 

Dünyadakı 4 əsas problemi (biomüxtəliflik, meşələrin məhvi, çirklənmə, qlobal istiləşmə) dilə gətirən tanınmış yazıçı qeyd edib ki, bu problemləri dərk etmədən və həlli yolları haqqında düşünmədən təhsildə lider olmaq mümkün deyil.

 

Rəqəmsallaşmaya baxışımız gələcəyi müəyyənləşdirir

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin Təhsil siyasəti üzrə xüsusi müşaviri, Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı və direktoru Andreas Şleyxer “Təhsil üçün yeni çağırışlar” təqdimatı ilə çıxış edib.

 

PISA direktoru Azərbaycanın təhsildə yeni çağırışlarla bağlı atdığı strateji addımların çox təqdirəlayiq olduğunu bildirib. O, təhsil naziri Emin Əmrullayevin çıxışına istinad edərək vurğulayıb ki, tarix boyunca Azərbaycan təhsilinin təşəkkül tapdığı yolu nazirin dilə gətirməsi gələcəklə bağlı ciddi dəyişikliklərin olmasına dəlalət edir.

 

Narahatedici məqama toxunan PISA direktoru vurğulayıb ki, İƏİT-ə üzv olan ölkələrin təhsil nəticələrinə baxsaq 9% insan faktı rəydən fərqləndirə bilir. 92% insan isə faktı rəydən ayırmağı bacarmır. Digər tərəfdən Çində savadlılıq artır, Sinqapur yaxşıdan əlaya doğru gedir, Estoniya təhsil nəticələrini yaxşılaşdırır. Portuqaliya təhsili prioritet sahəyə çevirib. Türkiyə, Azərbaycan da təhsildə kütləviliyi artırıb, təhsil nəticələri yüksəlib.

 

A.Şleyxer onu da qeyd edib ki, texnoloji dəyişikliklər, robotlar, süni intellekt, sosial media, biomühəndislik və bu kimi nailiyyətlər təhsil sisteminin qarşısında bir çağırışdır: “Rəqəmsallaşmaya baxışımız gələcəyi müəyyənləşdirəcək. Təsəvvür edin ki, rəqəmsal platformalar, kiçik şirkətlər bir neçə işçi ilə qlobal təsirə malik olurlar. Deməli, texnologiya yüksək biliyə sahib olanların dostu olacaq. Bu səriştəni özündə əks etdirməyən ölkələrin düşməni olacaqlar. Bir sözlə, istedadlılara sərmayə qoymaq kritik əhəmiyyətə malikdir”.

 

Natiq onu da deyib ki, təhsil sisteminin gələcək haqqında fikri köhnəlib. Bu da öyrənənlərdə gələcəklə bağlı düzgün fikir formalaşdırmır. Bunun üçün şagird keçmişdəki ənənələrlə deyil, gələcək zaman üçün hazırlanmalıdır: “Rəqəmsallaşma əsas vəzifələri dramatik formada dəyişir. Dünya nəyi bildiyinizə görə sizi mükafatlandırmayacaq. Nəzərə alın ki, “Google” da hər şeyi bilir. Dünya sizə nəyi edə bildiyinizi, tapdığınız həlləri mükafatlandıracaq. Müasir təhsilin məqsədi bilik verməkdən daha çox, yaradıcı yanaşmanı, tənqidi düşüncəni inkişaf etdirməyin yollarını öyrətmək olmalıdır. Gələcəyin məktəbləri şagirdlərin mühakiməsini, tənqidi və yaradıcı düşüncəsini, şəxsi və ictimai fəaliyətlərini daha səmərəli etmələrinə köməklik göstərməli, onların sintez etmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməlidir. Öyrənmədə iştah, məsuliyyəti üzərimizə götürmək, sosial və emosional bacarıqlar önəmlidir”.

 

PISA direktoru həmçinin qeyd edib ki, uğurlu təhsilin sirri hər uşağın öyrənmə potensialına güvənməkdir. A.Şleyxer deyib: “Qeyri-müəyyənlik dövründə öyrənənləri dəyişikliyi həyata keçirəcək innovatora çevirmək və bu inamı onlara aşılamaq lazımdır. Şagirdləri hər gün yeni formul əzbərlətməyə sövq etsək, onlar dərsdən soyuyacaqlar. Öyrənənlərə o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyatı götürək. Onlara formul əzbərlətmək yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları əzbərləməkdən daha vacibdir. Müəllimlərin əsas məqsədi şagirdlərə öz biliklərini ötürmək deyil, onlara daim bələdçilik edəcək təməl bilgilərdən ibarət “kompas” vermək olmalıdır. Müəllimlərin şagirdlərdə düzgün şüurun formalaşmasına nail olması təhsil sisteminin uğurunun əsas amilidir”.

 

Təhsil üçün yeni normalar

 

Beynəlxalq forumun növbəti qlobal spikeri 60 milyon dollar cəlb edərək bir nömrəli ali təhsil müəssisəsi Massaçusets Texnologiya İnstitutunun (MIT) və Harvardın dəstəyi ilə “edX” öyrənmə platformasını yaradan və hazırda həmin platformanın CEO-su olan MIT-in professoru Anant Aqarval “Təhsil üçün yeni norma” barədə danışıb. Yeni təhsil norması olaraq hibrid təhsilin əhəmiyyətinə toxunan professor bildirib ki, tədrisdə hibrid yanaşma öyrənmə nəticələrinə xüsusi təsir edir və öyrənənlərin stresini azaldır.  Dünya şöhrətli professor bildirib ki, pandemiya dövründə yeni tendensiyaların şahidi oluruq. Gələcəyin təhsilində 4 əsas dəyişikliyin olacağına diqqət çəkib. Qeyd edib ki, ömür boyu öyrənmə xüsusi əhəmiyyətə malik olacaq. Data, kiber təhlükəsizlik, süni intelekt, rəqəmsal marketinq sahələrinə marağın artdığını vurğulayan professor onu da bildirib ki, öyrənənlər daha qısa və tətbiqi mümkün proqramlara yönəlməyə maraqlıdırlar. Növbəti vacib dəyişikliyin hibrid təhsilin vacibliyi ilə əlaqəli olduğunu dilə gətirib.  Dördüncü dəyişiklik olaraq liderlik, ünsiyyət bacarıqları və emosional zəkanın vacibliyinin başa düşüləcəyini bildirib.

 

Professorun maraqlı çağırışlarından biri də müxtəlif universitetlərdə dərs almaqla bakalavr dərəcəsinə sahib olmağın mümkünlüyüdür. Aqarvalın fikrincə, bakalavr tələbəsi 10-15 universitetdə dərs alaraq məzun ola bilər. Eyni zamanda, bir çox insanların universitetlərdə tədris olunan hər şeyi öyrənməsinə ehtiyac yoxdur. Tələbələr onları sadəcə bir komponentdə öyrənməklə tədrisi başa vura bilərlər. Onun proqnozuna görə, 20-30 ildən sonra bakalavr dərəcəsi əhəmiyyətli olmayacaq və tənəzzülə uğrayacaq, işəgötürənlər səriştə axtaracaqlar.

 

Öz çıxışında “Hər bir şəxsin dəyişiklik yaratmaq potensialı var”, “Yorulmaz öyrənənlər dünyanı dəyişir” çağırışını edən məşhur professor hər kəsi bu yola dəvət edib.

 

Təhsildə 6C

 

Təhsildə liderlik üzrə ən tanınmış professorlardan biri, Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə” nəzəriyyəsinin yaradıcısı, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan təhsildə liderlik barədə danışıb və yaradıcısı olduğu 6C nəzəriyyəsinə toxunub. Təhsil işçilərini qlobal dəyişikliyin aparıcı qüvvəsi hesab edən dünya miqyaslı professor  6C nəzəriyyəsi barədə danışarkən bunları diqqətə çatdırıb: “1.Xarakter (Character) - Xarakterin inkişafı, dürüstlük, etibarlılıq, dözümlülük, əzmkarlıq, möhkəmlik; 2.Vətəndaşlıq (Citizenship) - qlobal vətəndaşlıq, müxtəlif dəyərlərə hörmətlə və maraqla yanaşma, problemlərin həllinə yönəlmə, ətraf mühit problemlərinə biganə qalmama; 3.Əməkdaşlıq (Collaboration) - komanda işi, birgə qərar vermə, öyrənmə və öyrətmə, töhfələrə açıq olma və töhfə vermə; 4.Kommunikasiya (Communication) - əlaqələr, rəqəmsal, yazılı, şifahi ünsiyyət, publika qarşısında çıxış; 5.Yaradıcılıq (Creativity) - sosial və iqtisadi fürsətləri dəyərləndirmə və təşəbbüskarlıq, sualı düzgün zamanda vermək, beləcə yeni ideyalar tapmaq, ideyaları həyata keçirməkdə liderlik göstərmək; 6.Tənqidi düşüncə (Critical Thinking) - məlumatı və arqumentləri tənqidi dəyərləndirmə, fikirlər arasındakı əlaqələri görmə, ortaq naxışları sezmə, yeni mənalar çıxarma və real həyata tətbiq etmə”.

 

Həmçinin, Toronto Universiteti Ontario Təhsil Araşdırmaları İnstitutunun keçmiş dekanı, 2003-2014-cü illərdə Ontarionun baş nazirinin təhsil məsələləri üzrə baş məsləhətçisi olmuş M. Fullan bildirib ki, mövcud olan təhsil sistemi öyrənənləri həvəsləndirən bir sistem deyil. Şagird və tələbələr getdikcə təhsilə olan maraqlarını itirirlər. Mövcud təhsil sistemi XXI əsrin çağırışları ilə uzlaşmır: “Bizə problemləri səmərəli şəkildə həll edə biləcək bacarıqlı insanlar lazımdır. Bu mənada təhsildə yeni məqsəd olmalıdır: təhsili müasir dünya ilə necə əlaqələndirməliyik, uzlaşmanı necə təmin etməliyik, tələbələr hansı keyfiyyətlərə malik olmalıdırlar ki, mövcud vəziyyətin öhdəsindən gəlsinlər. Qeyd etdiyim 6 ingilis C hərfi olan bacarıqları önə çəkməklə bütün bu problemlərin öhdəsindən gəlmək olar”.

 

Ən önəmli dərs

 

2005-ci ildə qurduğu və hazırda CEO-su olduğu ödənişsiz təlim platforması “Khan Academy” ilə bütün dünyaya səs salan, dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard Universitetinin məzunu Sal Xan da forum iştirakçılarının suallarını cavablandırıb və müəllimlərə bir sıra çağırışlarını çatdırıb. Bill Qeytsin haqqında  “Təhsildə ən həyəcanverici yeniliklərin müəllifidir. “Khan Academy” məktəblərdə gördüyü işlər və təhsili yaxşılaşdırmaq planları ilə bizləri heyrətləndirməyə davam edir” dediyi S. Xan təhsildə təbliğ etdiyi əsas ideya barədə danışıb. Qeyd edib ki, hər kəs hər şeyi öyrənə bilər. Hər kəsə hər yerdə pulsuz dünya səviyyəli təhsil vermək lazımdır. O, şagirdlərin dərsə marağını artırmaq üçün əks-əlaqənin qurulması mövzusuna xüsusi toxunub.

 

S.Xan “Dünyaya gələn bir uşaq ən az 3 ixtisas dəyişəcək. Belə çağırışın fonunda təhsili necə dizayn etməliyik?” sualına cavab olaraq bildirib ki, insanlara fasiləsiz öyrənmək bacarığı aşılamaq lazımdır.

 

Müəllimlərin “Google” ilə rəqabətdə öndə olması üçün öz fikirlərini paylaşan Sal Xan qeyd edib ki, tələbələrdə olması arzulanan məqamlar müəllimlərin özlərində olmalıdır. Savadlılıq məlumat tapmaq yox, bilik yaratmaq, tənqidi düşüncə bacarığını inkişaf etdirməkdir.

 

Həyatdan öyrəndiyi ən önəmli dərs barəsində danışan “Khan Academy”nin yaradıcısı “Hər şeyə reaksiya verməmək, meditasiya üçün yarım saat vaxt ayırmaq günü yaxşılaşdırır. Yaşadığınız andan zövq almaq önəmlidir. Təşəbbüskar olun” deyib.

 

Qeyd edək ki, Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutub. Forumun informasiya tərəfdaşı “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalıdır.

 

Yeri gəlmişkən, məlumat üçün onu da vurğulayaq ki, Təhsil Nazirliyinin “Facebook” səhifəsindən 2021-ci ilin yanvar ayından Cəfər Mənsiminin təqdimatında “Yeni çağırışlar” adlı müzakirə proqramı yayımlanır. Bu günə qədər proqramda Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus,  dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvarddakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri, sahibkar, kreativ direktor və yazıçı Saku Tuominen, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu, “edX”in yaradıcısı Anat Aqarval,  Türkiyənin ən tanınmış yazıçılarından biri, İzgören Akademiyasının qurucusu Ahmet Şerif İzgören və digərləri qonaq olublar. Yeni çağırışların müzakirə edildiyi proqramda həm də Azərbaycançılıq ideyası qonaqlara təqdim edilir, ölkəmiz təbliğ olunur. Məsələn, qlobal miqyasda özünü təsdiqləmiş qonaqlara yaradıcı formada təqdim edilən Şuşa Realni məktəbi, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi, Hüseyn Cavidin “Gülbahar”ı, NASA tərəfindən kosmosa göndərilən qızıl plastinkada yer alan Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” kompozisiyası, aparıcının milli libasda qonaqları salamlaması və s. bu qəbildəndir.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



08.10.2021 | 09:48