“SABAH Magistratura” və ikili diplom proqramlarına qəbul olunan tələbələrlə görüş keçirilib

Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil İnstitutu (ARTİ) tərəfindən ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” proqramı və ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında icra edilən ikili diplom proqramına 2021-2022-ci tədris ili üzrə qəbul olunan tələbələrlə görüş keçirilib.

 

Görüşdə təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru Cəfər Cəfərov və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov tədbir iştirakçılarına ADPU-nun fəaliyyəti, yeni islahatlar, sözügedən proqramlar haqqında ətraflı məlumat verib. 

 

Təhsil naziri Emin Əmrullayev görüşün məqsədinin Corc Vaşinqton Universiteti ilə beynəlxalq ikili diplom proqramı və “SABAH Magistratura” proqramından gözləntilərin müzakirəsi olduğunu bildirib. Yeni tədris ilinin ötən illərdən fərqli olduğunu vurğulayan Emin Əmrullayev bildirib ki, sözügedən ikili diplom və “SABAH Magistratura” proqramı, o cümlədən “SABAH qrupları” layihəsinin Azərbaycan təhsilində özünəməxsus yeri var və bu proqramlar sürətli şəkildə kadr hazırlığı məqsədi daşıyır. Nazir sözügedən proqramların icrasında əsas məqsədin hər bir təhsilalana keyfiyyətli təhsil vermək olduğunu bildirib.

 

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

 

 



05.10.2021 | 11:57