Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans | |
Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Günəş sistemi cisimlərinin fizika və dinamikasının tədqiqində müasir istiqamətlər” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Görkəmli astronom alim, Rəsədxananın qurucusu, akademik Hacıbəy Sultanovun 100 illik yubileyinə həsr olunmuş konfransda Rusiya, Ukrayna, Gürcüstan, Slovakiya, Qazaxıstan, Tacikistandan olan astronom alimlər iştirak edirlər.
Rəsədxananın baş direktoru Namiq Cəlilov akademik Hacıbəy Sultanovun həyat və elmi yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, H.Sultanov 1953-cü ildən Azərbaycanda astronomik rəsədxananın tikintisinə rəhbərlik edib, ŞAR-ın rəsmi yaradıldığı vaxtdan (1959-cu il) 1981-ci ilədək Rəsədxananın direktoru olub. O, 1976-1981-illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti çalışıb, 1981-2007-ci illər ərzində ŞAR-da Kiçik cisimlərin tədqiqi şöbəsinə rəhbərlik edib.
Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə görkəmli alimlə birgə xatirələrini bölüşüb, onun işgüzar intizamından və gözəl insani keyfiyyətlərindən bəhs edib.
Tədbirdə daha sonra H.Sultanovun qızı Gülnar Sultanova çıxış edib, atasının elmə, astronomiyaya olan bağlılığından danışıb.
Konfransda həmçinin, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Tacikistan Astrofizika İnstitutunun direktoru Gülçöhrə Koxirovanın təbrik videoları izlənilib.
Memorial hissənin sonunda akademik H.Sultanov haqqında sənədli film nümayiş etdirilib.
Elmi məruzələr fonunda davam etdirilən beynəlxalq konfrans öz işini bu gün başa vuracaq. |
|
05.10.2021 | 12:26 | |
|
|
|