ZƏFƏR ilinin birinciləri

2021/2022-ci  tədris ilinin başlaması münasibəti ilə ADPU-nun Quba filialına qəbul olunan I kurs tələbələri ilə görüş keçirilib.  Filial rəhbərliyi, professor və müəllim heyətinin, həmçinin məhdud sayda tələbələrin iştirakı ilə keçirilən görüşdə əvvəlcə Vətən müharibəsi Şəhidlərinin xatirəsi anılıb. Filialın direktoru dosent  Yusif Alıyev tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza qələbə sevinci yaşadan əsgər və zabitlərimizin qəhrəmanlığından söhbət açıb. Qeyd edib ki, bu qələbədə ADPU-nun məzunlarının, tələbələrinin də payı var.

 

Tələbələrə üz tutan dosent Y.Alıyev  sözlərinə əlavə edib: “Azərbaycan dövlətinin, millətimizin çox xoşbəxt, fəxarətli tələbələrisiniz ki, qalib dövlətin, Zəfər qazanmış dövlətin tələbələri kimi ali təhsil müəssisəsinə qədəm basacaqsınız. Bizim universiteti seçdiyinizə, bizim ilə bir yerdə təhsil alacağınıza, bizimlə bir yerdə qarşılıqlı öyrənmə və öyrətmə prosesində iştirak edəcəyinizə görə sizlərə, valideynlərinizə, müəllimlərinizə, sizləri yetişdirən nəsilə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.

 

ADPU-nun Quba filialındakı mövcud tədris mühiti, tələbələrə yaradılan şəraitdən danışan dosent Y.Aliyev belə bir statistik məlumatı diqqətə çatdırıb ki,  ADPU-nun Quba filialı 2021/2022-ci tədris ilində tələbə sifarişi yerlərini 295 nəfər tələbəyə uyğunlaşdırıb, ixtisasların sayı 6-dan 10-a çatdırılıb. Filial bu il 9 ixtisas üzrə qəbul aparıb.

 

ADPU-nun Quba filialına l kurslar üzrə qəbul 295 nəfərdən 271 nəfər təşkil edir.

 

Tələbələri, onların valideynlərini ADPU-nun rektoru professor Cəfər Cəfərovun adından salamlayan filialın direktoru birinci kursda təhsilə başlayan gənclərə  uğurlar arzulayıb.

 

Onların 4 il ərzində ADPU-nun Quba filialında daim müasirləşən bir Universitet həyatı yaşayacaqlarını söyləyib.

 

Daha sonra çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov bildirib ki, filialda edilən bütün yeniliklər tələbələrin gəlişi üçün hazırlanıb. Filial rəhbərliyi və kollektiv təhsilin, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün əlindən gələni edir.

 

Filialın pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov son iki ildə təhsil ocağında görülən yeniliklər, aparılan islahatlardan danışıb.

 

Q.İdrisov filialın builki qəbul nəticələrindən söz açıb, burada təhsil almaq şansı qazanan gəncləri təbrik edib, onlara təhsil illərində uğurlar arzulayıb.

 

Filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova  da tələbə adını qazanan gənclərə təhsil alacaqları universitetin maddi-texniki bazası, fakültə və kafedraları, ictimai təşkilatları, elmi-pedaqoji nailiyyətləri və professor-müəllim heyəti haqqında ətraflı məlumat verib.

 

Görüş zamanı filialın maddi-texniki bazasının keyfiyyətindən, kitabxananın zənginliyindən, əməkdaşların səmimiliyindən də söz açılıb.

 

Tədbirin sonunda filiala 500-dən yuxarı bal toplayaraq qəbul olunan  I kurs tələbələri Nərmin Ağaliyeva, Zəhra Məmmədova, Ləman Qeybullayeva, Sevinc Qadiyevanın təhsil aldıqları orta məktəblərin rəhbərlərinə Minnətdarlıq məktubları təqdim edilib.

 

Daha sonra tələbələr tyutorlarla birlikdə universiteti gəzib, tədris korpusları və auditoriyalarla əyani tanış olub, ilk dərsə başlayıblar.

 



01.10.2021 | 15:35