Müqəddəs amal naminə

Uzun fasilədən sonra - 27 sentyabr - Anım Günü ərəfəsində təhsil müəssisələrinin öz qapılarını məktəblilərin üzünə açması ikiqat sevinc və böyük qürur hissi doğurub. Azərbaycan məktəblisi ilk dəfə məktəbə öz ərazi bütövlüyünü təmin etmiş qalib ölkənin vətəndaşı kimi gedir. İlk dərs gününün “Qarabağ Azərbaycandır!” mövzusuna həsr edilməsi Azərbaycan tarixinə yeni bir səhifəni - Zəfər Gününü yazan 44 günlük Vətən müharibəsinin dillərdə dastan olmuş hər günü, hər saatı, hər anının gənc nəslin yaddaşına həkk olunması baxımından böyük əhəmiyyət kəsb edir.

 

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən böyük savaşda gənclərimizin göstərdiyi şücaət vətənpərvərlik məktəbidir və bu məktəbi gənc nəsil öyrənməli, nəsildən-nəslə ötürməlidir.  Tarixin acı səhifələrinin təkrarlanmaması üçün gələcək nəsil bu böyük qələbənin bizə hansı itkilər bahasına başa gəldiyini bilməli, keçmişi öyrənmələri fonunda gələcəyə inamla irəliləməlidirlər.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd etməyimiz bu gün hər birimizdə qürur hissi yaratmaqla yanaşı, qarşımıza böyük bir missiya da qoyur. Belə ki, vətənpərvərlik tərbiyəsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığı özündə ehtiva etdiyi üçün Vətənin tarixi keçmişini dərindən bilən, milli dəyərlərinə sahiblənən, maddi və mənəvi sərvətlərini göz bəbəyi kimi qorumağı bacaran nəsil tərbiyə etmək müqəddəs missiya, ümdə vəzifə kimi qarşıda durur.

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Hər zaman zəngin tarixi, mədəniyyəti ilə diqqət mərkəzində olan Azərbaycan tarixində şanlı səhifələrlə yanaşı, faciəli anlar da çoxdur. Heç kimə sirr deyil ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə orduda da vəziyyət digər sahələr kimi ürəkaçan deyildi, hərbi çağırışdan yayınma halları geniş yayılmışdı. Ordu quruculuğu sahəsində əsaslı islahatların aparılması bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi üçün geniş imkanlar yaratdı, gənclər çağırış məntəqələrinə könüllü gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. Bu gün dövlət başçısı  İlham Əliyevin Fərmanı ilə gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsi, eyni zamanda insanların dövlətçiliyə və orduya inamının artması ilə bağlıdır.

 

Ötən illər ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  istiqamətində böyük işlər görülüb. Azərbaycanın  xarici ölkələrdə təbliğatı ilə gənclərimiz fəal şəkildə məşğul olurlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tariximizin, mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlər gənclərimiz üçün əsl örnəkdir. Gənclərin Azərbaycanın  müstəqillik yolunun  nə qədər ağır dövrlərdən keçməsini bilmələri üçün onları düzgün məlumatlandırmaq, tariximiz barədə aydın təsəvvür yaratmaq əsas tələblərdən biridir və bu gün bu sahədə böyük işlərin görülməsi davam edir.

 

44 günlük ikinci Qarabağ müharibəsində gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirməklə, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoyublar. Azərbaycan Prezidenti İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq mənfur düşməni qovub torpaqlarımızı işğaldan azad ediblər. Vətənimiz Qarabağın düşmən işğalından azad edilməsində  gənclər vətənpərvərlik  və fədakarlıq göstərərək tarixi ədaləti bərpa və mənfur düşmənin saxta mifini heç ediblər. 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımız azad edildikdən sonra hər bir azərbaycanlı gənci vətənin bir parçası olan bu müqəddəs torpaqları ziyarət etməyə can atır, düşmənin dağıntılarına məruz qalmış torpaqların bərpa edilməsinə və inkişafına, burada müasir infrastrukturun qurulmasına da öz töhfələrini verməyə səy göstərirlər.

 

Bu günlərdə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şuşada “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində baş tutan tədbirdə unudulmaz anlar yaşanıb. Şuşa şəhərinə “Zəfər marşı”nı  ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmləri həkk olunmuş, digər uşaqlar subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmləri olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.

 

Tədbirdə çıxış edən general-mayor Polad Həşimovun anası Səmayə xanım “Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstərib” - deyə vurğulayıb. Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu deyən şəhid anası övlad həsrətinə dözməyin çətin olduğunu, bununla belə oğlunun  zəfərimizin bir parçası olması ilə qürur hissi keçirdiyini də bildirib. Tariximizin, mədəniyyətimizin, həqiqətlərimizin təbliğinə, vətənpərvərlik hissinin aşılanmasına xidmət edən tədbirlər bu gün ölkəmizin hər yerində, eləcə də, işğaldan azad edilmiş torpaqlarımızda öz miqyasını genişləndirməkdə davam edir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, güclü, qüdrətli  Azərbaycan hamımızın qürur mənbəyidir. Bütün Azərbaycan xalqının, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin dəmir yumruq kimi birləşməsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyaya səs salıb. Bu tarixi hadisə və parlaq qələbə fonunda Azərbaycan bütün dünyaya öz gücünü göstərib.

 

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə, istərsə də beynəlxalq arenalarda təşkil edilən forumlarda gənclərimizin fəal iştirakı vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlının ölkəmizin daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərməsi bir daha bu həqiqəti ortaya qoyur ki, birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

 

Xalqımız gələcəyimiz olan gənc nəslin vətənpərvərlik, dövlətə sədaqət, xalqa, soykökünə, elinə və obasına hörmət, sevgi, ata-babalarının ənənələrinə sadiqlik ruhunda yetişməsinə həmişə böyük diqqət yetirmişdir. Vətənpərvərliyin insanda  fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığı, apardığı mübarizədə onda inam hissini gücləndirdiyi təkzibedilməz həqiqətdir. Bu gün Vətənini sevən, dövlətinə sonsuz sevgi ilə bağlı olan gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdırlar.

 

Samira ABBASOVA,

Bakı şəhəri 20 nömrəli A.Hüseynzadə adına məktəb-liseyin müəllimi

 

 



01.10.2021 | 14:10