İnkişaf və innovativ təşəbbüslər | |
Son illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu il artıq beşinci dəfədir ki, reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin hədəfi də inkişaf əsaslı və innovativ xarakterli təşəbbüslərin dəstəklənməsi və həyata keçirilməsinə nail olunmasıdır. Qalib layihələrin müəllifləri olan novator müəllimlərimiz “Azərbaycan müəllimi”nə öz hədəf və axtarışları barədə fikirlərini bölüşüblər.
“Ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin təmin edilməsi”
V Qrant müsabiqəsində “Ümumtəhsil” kateqoriyası üzrə qalib gəlmiş Bakı şəhəri Məktəb-Lisey Kompleksinin layihəsi “Ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin təmin edilməsi” probleminə həsr olunub. Məktəb-Lisey Kompleksin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Aytən Sadıqova layihənin hədəfləri barədə fikirlərini bölüşür:
- Şagirdlərin təhsilə başladığı və təhsili davam etdirdiyi dövr psixoloji inkişafın əsas mərhələlərini əhatə edir. Bu dövrlərdə yaşadıqları hər hansı psixoloji narahatlıq, stress, zorakılıq (növündən asılı olmayaraq) irəlidə ciddi problemlərin yaranmasına səbəb olur. Ümumiyyətlə, bu yaş dövründə uşaqlara yönəlik fiziki, mənəvi, sosial, psixoloji zorakılıq və qısnama bullinq termini ilə ifadə olunur. UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır.
Təqdim olunan layihənin məqsədi, intiharların qarşısının alınması, uşaqların psixoloji maarifləndirilməsi, məktəb psixoloquna yönəlik öhdəliklərin müəyyən olunması, məktəbdə psixodiaqnostik, psixokorreksion və psixoprofilaktik tədbirlərin görülməsindən ibarətdir. Psixoloji maarifləndirmə ilə bağlı şagirdlərin, müəllimlərin, məktəb rəhbərliyinin, məktəb psixoloqunun və valideynlərin maarifləndirilməsi istiqamətində seminarların təşkil olunması, intiharların qarşısının alınması və intihar törətməyə meyilli olan şagirdlərin tərbiyəsində məhz empatiya hissinin yaradılmasına nail olunması da layihənin əsas hədəfləridir. Bu səbəbdən empatiya bacarığının inkişaf etdirilməsi yolları, empatiya və simpatiyanın fərqi və empatiya haqqında məktəb psixoloqlarına praktik təlimlərin (workshop) keçirilməsi; məktəb mühitində qısnama və zorakılığa məruz qalan və bullinq törədən şagirdlərin müəyyən olunması, onlarla bağlı statistikaların hazırlanması və dinamikasının tədqiqinin aparılması nəzərdə tutulur.
Bu hədəflərə nail olmaq məqsədilə məktəb heyətinin maarifləndirilməsi üçün praktik təlimlərin keçirilməsi; məktəb psixoloqlarında empatiya hissinin formalaşdırılması istiqamətində praktik dərslərin keçirilməsi; şagirdlərin psixoloji maarifləndirilməsi; valideynlərlə bullinqin nə olduğu, qarşısının alınması yolları ilə bağlı məlumat xarakterli iclas və seminarların təşkili; psixodiaqnostik testlər vasitəsilə şagirdlərdə aqressiya, stresə meyillilik, antisosial davranışların təyin olunması; əldə olunan nəticələrə əsasən müvafiq klinik müsahibənin keçirilməsi; psixodiaqnostik və klinik müsahibənin nəticələrinə əsasən statistikanın çıxarılması və dinamikanı izləmək vacibdir. Məktəb heyəti və valideynlərlə təşkil olunacaq təlim və seminarlar onlayn, təhsilalanlarla isə onlayn maarifləndirmə işlərindən sonra xüsusi ehtiyac duyulan şagirdlərlə fərdi və qrup terapiyası təşkil aparılacaq.
Layihənin icrasından gözləntilər şagirdlərdə bullinq dinamikasının nəzarətdə saxlanılması, məktəb psixoloqlarının mütəmadi valideyn və məktəb heyəti ilə əməkdaşlığının gücləndirilməsi, şagirdlərin bir-birilə empatik ünsiyyətinin və effektiv dinləmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitində sağlam psixoloji iqlimin formalaşdırılmasına nail olmaqdır.
“Uğurun başlanğıcı-təməl bacarıqlar (soft skills)”
“Ümumi təhsil” kateqoriyasında qalib gəlmiş “Uğurun başlanğıcı-təməl bacarıqlar (soft skills)” layihəsinin mahiyyətində şagirdlərdə yumşaq bacarıqların stimullaşdırılması durur. Layihənin müəllifi Yardımlı rayonundakı S.N.Abiyev adına Köryədi kənd tam orta məktəbinin direktoru Mehrəli Mustafayev bu məsələnin günümüzdə çox vacib olduğunu deyir:
- Hərtərəfli inkişaf etmiş və bütün əsas bacarıqlara (soft skills) yiyələnmiş şəxsiyyəti formalaşdırmaqdan ötrü müəllimlər üçün müvafiq öyrədici təlimlər, treninqlər və seminarların həyata keçirilməsi Yardımlı rayonunda mövcud problemin həlli yollarından biri kimi gündəmə gətirilir. Müəllimlərin xüsusi öyrədici təlimlərə və tədbirlərə cəlb olunması vacibdir. Layihənin məqsədi Yardımlı rayonunda “Uğurun başlanğıcı-təməl bacarıqların (soft skills) formalaşdırılması” mövzusunda təlimi həyata keçirməklə bu rayonun məktəblərində təhsil alan şagirdlərdə sözügedən bacarıqları formalaşdıran müəllimlərin hazırlanmasıdır. Layihənin həyata keçirilməsi nəticəsində Yardımlı rayonunun məktəblərində təlimdə iştirak etmiş müəllim və məktəb rəhbərlərinin fəaliyyəti sayəsində şagirdlərin hərtərəfli şəxsiyyət kimi inkişafının təmin olunması və təməl bacarıqlara (soft skills) yiyələnməsi sahəsində müasir tələblərə cavab verən müəllim bazası yaradılacaq. Layihə nəticəsində 100 nəfər müəllimin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə (soft skills baxımından) nail olunacaq, bu müəllimlər təlimdə əldə etdikləri yeni bilik və bacarıqları tədris etdikləri siniflərdə uğurla tətbiq edəcəklər.
İştirakçılar isə bu təlimi aşağıdakı bilik və bacarıqlarla tərk edəcəklər: bu gün formalaşan yeni tendensiyalara və texnalogiyalara peşəkar baxış; sürətli dəyişən dünya üçün şagirdlərdə təməl səriştələrin və emosional intellektin formalaşdırılmasına xidmət edən bacarıqlar; səmərəli işləmək və şagirdləri inkişafa cəlb etmək; müəllimlərin özlərinin daim dəyişən reallıqlara uyğunlaşmaları və sinifdə münasibətlərin inam, etibar, səmərəli ünsiyyət əsasında qurulması; şagirdlərin sürətli dəyişən gələcəyə istiqamətləndirilməsi; münaqişəli situasiyalar və problemlərin həllində yaradıcı yanaşmalar; planlaşdırma və təhlil etmə;qiymətləndirmə və idarəetmə; ünsiyyət və səmərəli əlaqələr yaratma; məntiqi təfəkkürün inkişaf etdirilməsi; səriştəli vaxt bölgüsü və emosional intellekt və s. Nəticədə 100 nəfər səriştəli müəllim daha neçə yüz müəllimin yeni bacarıqlara yiyələnməsinə zəmin olacaq.
Layihə çərçivəsində həyata keçirilən bütün fəaliyyətlər mütəmadi olaraq qiymətləndiriləcək. Layihəyə nəzarət Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq vaxtaşırı həyata keçiriləcək. Layihənin uğurla həyata keçirilməsi, onun ideyası hərtərəfli düşünülmüşdür və uğurla yerinə yetiriləcəyinə, təhsilimizə fayda verəcəyinə əminəm.
“İnnovativ və həvəskar kimyaçılar klubu”
Balakən şəhər 1 nömrəli tam orta məktəbin kimya müəllimi Leyla Hacıyevanın V Qrant müsabiqəsində qalib olmuş “İnnovativ və həvəskar kimyaçılar klubu” layihəsi şagirdlərin elmi biliklərə marağının daha da artırılmasına hədəflənib.
- Son dövrlərdən başlayaraq ümumtəhsil məktəblərində kimyadan tədris proqramlarının və dərsliklərin dəyişdirilməsi, digər fənlərlə zəif əlaqədə olması və digər səbəblər kimyanın tədrisində müəyyən problemlər yaradır. Şagirdin gözündə kimyanın çətin bir fənn kimi görünməsinin səbəbləri müxtəlifdir. Kimyanın asan öyrənilən fənn hesab edilməməsi, ekoloji problemlərin səbəbkarı kimi görünməsi, eksperimental bir elm olan kimyanın şagirdin qarşısına qaydalar toplusu şəklində çıxarılması, praktiki məşğələlər, təcrübələrin imkanlar xaricində olması kimi səbəblər şagirdlərin kimyanı qavraması və gələcəkdə elmə töhfə vermək imkanlarını azaldır. “İnnovativ və həvəskar kimyaçılar klubu” layihəsi Balakən rayonunda kimya fənninə marağı olan şagirdləri ortaya çıxarmaqla onların təcrübə, praktik məşğələ və intellektual oyunlar və s. metodlarla hazırlığını yüksəltməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədə çatmaq üçün layihə müddətində şagirdlərin klub ətrafında təşkilatlanmasını təmin etmək, müxtəlif təcrübə, praktik məşğələ və intellektual oyunlarla şagirdlər arasında kimyaya maraq yaratmaq, “Kimyaçı” intellektlərin mübarizəsi adlı intellektual oyununu təşkil etmək, tədqiqat layihələrində ortaq mövzulardan istifadə etməklə kimyanı biologiya, coğrafiya, fizika elmləri ilə əlaqəli (inteqrativ) şəkildə öyrənməni təmin etmək, həyata keçirilən fəaliyyətləri KİV-də dərc etməklə digər şagirdləri də bu fəaliyyətə qoşulmağa sövq etmək planlaşdırılır.
“Sabahın alimləri”
İsmayıllı rayon Vəng kənd H.Əsədov adına tam orta məktəbin kimya müəllimi Gülnarə Qurbanovanın “Sabahın alimləri” adlı layihəsi adından da göründüyü kimi son illər ölkəmizin təhsil sistemində həyata keçirilən uğurlu təşəbbüslərdən biri kimi gənc istedadların aşkara çıxarılması və onlarda elmi təfəkkürün stimullaşdırılmasına həsr olunub. G.Qurbanova layihəsi barədə fikirlərini bölüşür:
- Layihənin əsas məqsədi kimya fənni üzrə şagirdlərə müəyyən bilik və bacarıqları çatdırmaqla yanaşı gündəlik həyatımızda qarşılaşdığımız kimyəvi maddələrin istifadə qaydalarını öyrətməkdir. Eyni zamanda kimya laboratoriyasında mümkün olan reaksiyaları təqdim etmək, aparılması təhlükəli olarsa həmin reaksiyaları videoçarxlar şəklində təqdim etməklə əyaniliyi artıraraq şagirdlərdə fənnə qarşı maraq yaratmaqdır. Bundan başqa öyrəndiklərimizi test tapşırıqlarında tətbiq etmək bacarıqlarını əldə etməklə kimya fənninə qarşı fobiyanı aradan qaldırmaqdır. Laboratoriyada işləmək qaydalarını bir çox şagirdlər bilmir, bu isə çox təhlükəlidir, çünki maddələrlə düzgün istifadə qaydalarını bilməsək, çox böyük fəsadları olacağını bilirik. Ümumilikdə layihənin icrası şagirdlərdə özünə inam, ideyaları gerçəkləşdirmək, kimya fənninin səhələri haqqında geniş biliklərə yiyələnməklə gələcəkdə ixtisas seçimində çox böyük uğurlar əldə edəcəklərinə şərait yaradacaq.
Layihənin vəzifələrinə şagirdlərə kimya fənninin sahələri ilə bağlı məlumatlar vermək, dərs zamanı öyrəndiklərini laboratoriyada əyani şəkildə və əyləncəli formada tətbiq etmək, bilikləri test və tapşırıqlar üzərində tətbiq etməklə şagirdlərdə fobiyanı aradan qaldırmaq, kimyanın həyatla əlaqəsini şagirdlərə çatdırmaq, gələcəkdə ixtisas seçimində kimya fənninin sahələrini seçməklə həmin sahələrin inkişafını təmin etmək daxildir.
Layihədə rayonun müxtəlif məktəblərindən VIII, IX, X sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Əvvəlcə layihə haqqında informativ plakatlar hazırlanaraq maarifləndirici tədbirlər həyata keçiriləcək. Şagirdlərə layihə barədə ətraflı məlumat vermək üçün mühazirə təşkil olunacaq. Şagirdlər arasında ilk olaraq sınaq imtahanı keçirilərək yüksək bal toplayan 25 şagird seçilərək layihənin tətbiqinə başlanılacaq.
Daha sonra layihədə iştirak edəcək şagirdlər arasında “Sabahın alimləri” adlı sınaq imtahanı təşkil olunacaq. Hər sinif üzrə ilk 3 yüksək bal toplayan şagirdlərə müxtəlif hədiyyə və sertifikat təqdim olunacaq.
Layihə şagirdlərə kimya olimpiadasında və müxtəlif beynəlxalq layihələrdə iştirak və uğurlu nəticələr əldə etmələri üçün böyük şərait yaradacaq. Şagirdlərin gələcəkdə özlərinə peşə ixtisası seçimində bu layihənin böyük rolu olacağına inanırıq. Kimya ixtisası bugünkü günümüzdə aktualdır. Kimya elminin kimya, qeyri üzvi kimya, nanaotexnologiya, yüksək molekullu birləşmələr kimyası, analitik kimya, fiziki kimya, ekoloji kimya, neft kimyası və biokimya və.s qeyd olunan sahələri haqqında şagirdlərə məlumat verilməsi üçün keçiriləcək təlimlərin şagirdlərdə kimya fənninə qarşı böyük maraq yaradacağına əminəm. Şagirdlərin gələcəkdə xarici ölkələrdə təhsil almaları üçün dil öyrənmələri və kimya elminin sahələrinin dünyada necə inkişaf etdiyi ilə yaxından tanış olmaları yönündə bu təlimin xüsusi rolu olacaq. Bu layihənin gələcəyin kimya müəllimi, kimyaçı alimləri və həkimlərin yetişdirilməsi işinə böyük təkan verəcəyinə əminəm.
Oruc MUSTAFAYEV |
|
01.10.2021 | 12:10 | |
|
|
|