İkili diplom proqramına qəbul olan ötənilki tələbələrlə görüş təşkil edilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramına 2020/2021-ci tədris ilində qəbul olmuş tələbələrlə görüş keçirilib.

 

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli və proqramın idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang ənənəvi tədrisin bərpa olunması münasibətilə tələbələri təbrik edib, onlara dərslərində uğurlar arzulayıb.

 

Memarlıq və inşaat fakültəsinin tədris işləri üzrə dekan müavini Pərviz Məmmədov tələbə biliyinin qiymətləndirilməsi, tədrisin təşkil olunması, təqaüdün verilməsi formaları, imtahanların və təkrar imtahanların keçirilməsi barədə tələbələrə  məlumat verib. O, həmçinin qeyd edib ki, zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan, eləcə də 106 minə yaxın kitab və jurnalın mövcud olduğu BMU kitabxanası onlayn sistem əsasında fəaliyyət göstərir.

 

BMU-İNHA ikili diplom proqramı üzrə baş mütəxəssis Sevinc İskəndərova isə beynəlxalq ikili diplomun üstünlüklərindən bəhs edib. Bildirib ki, ikili diplom proqramı üzrə təhsil alan tələbələr BMU və İNHA Universiteti arasında razılaşdırılmış və qərara alınmış proqram əsasında tədris alırlar. Proqramın dövlət vəsaiti hesabına təmin olunduğunu vurğulayan S.İskəndərova proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakının nəzərdə tutulduğunu qeyd edib. O, proqramın şərti olan Koreya dili dərslərinin tədrisindən bəhs edib, həmçinin “TOPİK” sertifikatı əldə etmək üçün imtahanlarda iştirak etmənin vacibliyini tələbələrin nəzərinə çatdırıb.

 

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

 



30.09.2021 | 17:19