BMU-da yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr olunub

Bakı Mühəndislik Universitetində (BMU) bu gündən ənənəvi şəkildə start verilən yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr olunub.

 

Dərslərdə Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə duruş gətirə bilməyən düşmənin xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə almasından, müharibə cinayətləri törətməsindən, bütün bunlara baxmayaraq torpaqlarımızın qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilməsindən, müharibə dövründə Azərbaycan xalqının birlik və həmrəyliyindən, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsindən ətraflı bəhs olunub. Eyni zamanda, gənc nəslin xalqımızın keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmasının və bu hadisələrin baş vermə səbəblərini daha dərindən öyrənməsinin, 44 günlük Zəfər tariximizi heç zaman unutmamasının vacibliyi vurğulanıb.

 

Qeyd edək ki, BMU-da ənənəvi tədris zamanı mövcud pandemiya şərtlərinə tam şəkildə əməl edilir. Universitet ərazisində, həmçinin auditoriyalarda fiziki məsafə gözlənilir, şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.

 



29.09.2021 | 15:51