Azərbaycanı Qələbəyə aparan milli ruh, milli həmrəylik

I Qarabağ müharibəsinin acı nəticələri ilə barışmayan Azərbaycan xalqının  düşməndən alacağı intiqam geciksə də, o, erməni faşizmini ifşa etmək, onun cinayətkar əməllərini dünyaya göstərmək yolundakı mübarizəsini heç vaxt dayandırmadı. Münaqişənin həlli istiqamətində gedən uğursuz beynəlxalq fəaliyyət ermənilərin xeyrinə nə zaman dəyişmək xətti götürürdüsə, cəmiyyət öz milli ruhunu, milli həmrəyliyini göstərir, yarana bilən təhlükələrin önündə möhkəm səddə çevrilirdi. Qarabağla bağlı böyük, izdihamlı kütləvi aksiyalar yaxşı yadımızdadır və çox illər sonra savaş ovqatı yaradan Aprel döyüşlərində, Tovuz hadisələrində də biz heç zaman ölməyən, genetik kodlarımızda yaşayan bu milli ruhu təkrar görə bilirdik.

 

Həqiqətən biz necə bir ruha sahibik, bu işğal ləyaqətimizə necə toxunub, illər sonra düşməni hansı qəhrəmanlıqlarla yenə bilərik,- bunu isbat edəcək tək yer təbii ki,  müharibə meydanı idi; müharibə xəbərinə verəcəyimiz reaksiyamız bunu sübut edə bilərdi. 

 

Xalq çox gözəl anlayırdı ki, əgər siyasi kataklizmlər dövrü olmasaydı, sovetlərin dağılması prosesinin ortaya çıxardığı iqtisadi tənəzzül, ardınca hakimiyyət uğrunda mübarizə, siyasi böhran olmasaydı, torpaqlar işğal altına düşməyəcəkdi. Axı bu ruh həmin ruhdur - o zaman da Vətəni qorumağa, işğala imkan verməməyə hazır idi. Bu günsə o dövrün tam əksidir - dövlət həm iqtisadi, həm də siyasi baxımdan güclüdür. Dövlət bu problemin həlli yollarını həmişə axtarıb və Qarabağı diplomatik, siyasi, hərbi yolla azad etməyə hazır vəziyyətdə olub. Milli ruh da yerində olandan sonra Qarabağ əsla işğalçının caynağında qala bilməzdi.

 

O milli ruh Prezident İlham Əliyev əks-hücum əməliyyatları, yəni müharibə xəbərini elan edəndə artıq özünü daha qabarıq göstərməyə başladı. Müharibə Ermənistanda fərarilər, Azərbaycanda könüllü döyüşçülər ordusunu meydana çıxardı. Hamımız bilirik ki, Azərbaycan qismən səfərbərlik elan etmişdi, könüllülərin sayı çağırışçıların sayından çox idi.

 

Xalq bu müharibəni istəyirdimi? İstəyirdi. Çünki sonunda Zəfəri görürdü. Gəncə, Bərdə artilleriya silahlarından atəşə tutulanda, orada dramatik, faciəvi səhnələr meydana çıxanda insanlar üsyanı kimə etmək, qəzəbi kimin üzərinə tökmək lazım olduğunu çox gözəl bilirdi və Ali Baş Komandana verdiyi qərarlarda, bəyanatlarda güclü dəstək nümayiş etdirirdi. Prezident İlham Əliyev bunu müsahibə və çıxışlarında dəfələrlə və qürurla xatırladır.   

 

Azərbaycan Ordusunun ilk gündən apardığı uğurlu hərbi əməliyyatlar böyük ruh yüksəkliyi yaratmaqla, xalqın birliyini, siyasi qüvvələrin həmrəyliyini formalaşdırır, Prezidentin ətrafında dəmir yumruğa çevirirdi. Qələbəmizin simvoluna çevrilən “Dəmir yumruq” ifadəsi də elə buradan yarandı.

 

Qələbə əsgərin şücaəti, şəhidin qanı ilə qazanılır ki, onun da bünövrəsi xalqın dəstəyi, güclü ruhu, həmrəyliyi ilə qoyulur.  Ön cəbhə döyüş rolunda, arxa cəbhə mənəvi dəstək, maddi dəstək, psixoloji dəstək, informasiya savaşının bir parçası olmaq rolunda çıxış edir və belə həssas məqamlarda bütün rollar birləşib Möhtəşəm Qələbəyə öz töhfəsini hazırlayır.

 

Prezident və Xalq 44 gün ərzində Qələbə xəbərlərinin sevincini qarşılıqlı paylaşır və bir-birinə güc verirdi.

 

Müzəffər Ordunun əsgəri işğaldan azad olunan və Azərbaycan bayrağı sancılan ərazilərlə bağlı Ali Baş Komandana raport verir, Prezident bu möhtəşəm xəbəri xalqı ilə paylaşır, ekran qarşısında oturan, sosial şəbəkələrdə gözləyən xalq bu xəbərin müsbət impulsları ilə hər açılan sabaha yeni-yeni xəbər müjdəsi ilə baxırdı.

 

Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması, işğalçılardan təmizlənən torpaqlara görə dövlət başçısını təbrik etməsi milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi.

 

Proses göstərdi ki, Azərbaycanın təcrübəsində yaşanan köhnə pis variantlar-yəni, Qarabağ məsələsi üzərindən siyasi hakimiyyət davası başlamaq kimi çirkin ssenarilər çoxdan dərin quyulara atılıb.  Hamının dava aparacağı yeganə yer Qarabağdır! Qarabağ MƏNƏVİ QİBLƏ kimi hamının - iqtidarın da, müxalifətin də, cəmiyyətin bütün təbəqələrinin də enerjisini, səyini, mübarizəsini özünə sarı çevirməyi bacardı. Qarabağ hamımızı birləşdirdi; bu birlik və birgə Qələbə bizi məğlub xalq sindromundan xilas etdi; QALİB XALQ kimi adımızı uca zirvələrə daşıdı!

 

Vəfa ALLAHVERDİYEVA 

 

 



29.09.2021 | 11:56