Alim Avstraliyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

Naxçıvan Dövlət Universiteti Biologiya kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Zərövşən Babayeva Avstraliyanın Melburn şəhərində "Beynəlxalq forum: Problemlər və elmi həllər" VIII konfransında iştirak edib.

 

"Biologiyanın tədrisində müasir kurs konsepsiyası" adlı elmi məqalə ilə çıxış edən müəllif müasir təhsildə istifadə olunan yeniliklərdən danışıb. Məqalədə bioloji təhsil də daxil olmaqla, tədrisə fərqli yanaşma, dünyagörüşünün maddiliyi, dialektika qanunlarının ümumi mahiyyəti təhlil edilib.

 

Müəllif öyrənmə prosesində öyrədənlə öyrənən arasında xüsusi ünsiyyət modeli haqda məlumat verib. Məqalədə, həmçinin təlim prosesində, xüsusilə biologiyanın tədrisinin keyfiyyətinin artırılmasında mühüm amillər nəzərə çatdırılıb. Qeyd olunub ki, bilik, bacarıq və vərdişləri artırmaq üçün əvvəlcə onların məzmununu inkişaf etdirmək vacibdir. Kurikulum islahatları ilə əlaqədar tədris prosesində aparılan keyfiyyət dəyişikliklərinə də nəzər salan müəllif məqalədə bütün praktik bacarıqların həyata keçirilməsindəki məqsədin biliyin gücü və davamlılığının artırılması, öyrənilən biliklərin praktikaya tətbiqindən ibarət olduğunu bildirib.

 

 

 



28.09.2021 | 12:32