Ermənistanın revanşist cəhdlərinə Azərbaycanın tutarlı cavabı | |
Bu gün görünən ondan ibarətdir ki, II Qarabağ savaşında Azərbaycana uduzan Ermənistan öz məğlubiyyəti ilə barışmaq istəmir. Bu, həm bəzi rəsmi şəxslərin mövqeyindən, həm də Ermənistan cəmiyyətinin davranışlarından açıq-aydın hiss olunur.
Üstəlik, sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə yubatmaq, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə məhəl qoymamaq, ciddiyyət göstərməmək bu qənaətə gəlməyə əsas verir.
Əgər Ermənistan üçün problem aldığı zərbədən tam ayıla bilməməkdirsə, bunu hardasa anlamaq olar: o, məğlubiyyət acısı yaşayır, ölmüş erməni əsgərlərinin valideynlərinin üsyanı ilə qarşı-qarşıyadır; ölkədə siyasi böhran bitməyib, digər tərəfdən bölgədə yeni vəziyyət meydana çıxıb; bütün bunlar təhlil olunmalı, addımlar atılmalıdır.
Amma Ermənistan yaranmış yeni vəziyyəti təhlil etmək üçün zamana ehtiyac duyan bir tərəfə bənzəyirmi? Belə görünməkdən daha çox, yenidən işğalçı qiyafəsini əyninə geyinib, Azərbaycana qarşı savaş açmaq niyyətinə düşmək, fürsətlər axtarmaq kimi lüzumsuz hərəkətlər sezdirir. Əks təqdirdə ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi niyə bu qədər uzanmalıdır? Axı müharibədən sonrakı mərhələ sülh müqaviləsinin imzalanmasıdır ki, bölgədə regional əməkdaşlığın yaranması, yerinə yetirilməli olan iri iqtisadi layihələr də məhz bu sülh müqaviləsinə bağlıdır.
Azərbaycan regionun inkişafına maraqlı olduğundan özündən asılı bütün addımları atmağa hazırdır, hətta iri nəqliyyat dəhlizlərinin açılmasına daha tez nail olmağa çalışır.
Bəs Ermənistan tərəf? Ermənistan öz məsuliyyətini dərk etmir, üçtərəfli bəyanatın tələblərindən yayınır, mənasızcasına xəyallar qurur, Qərb dövlətlərindən siyasi dəstək gözləyir, özünə müdafiəçilər axtarır. “Yenidən hücum olacaq, Qarabağ torpaqları təkrar işğal ediləcək, yaxud Azərbaycana təzyiq edib, nəticədə Dağlıq Qarabağın statusuna nail olacaqlar”- kimi uydurduqları nağıllara özünü inandırır. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinə üçüncü bir tərəfi-beynəlxalq ekspertləri cəlb etmək istəyir.
Üstəlik, Ermənistanı belə davranmağa vadar edən törətdiyi qanunsuzluqlara, göstərdiyi ərköyünlüyə bəzi Qərb dövlətlərinin dözümlü yanaşması, ona heç bir irad tutmaması, əksinə lazım gəldikcə tərəfini saxlaması, məğlub durumuna acıması, kömək əli uzatmağa hazır olmasıdır.
Ermənistan üçtərəfli bəyanata ciddi yanaşma ortaya qoymursa, burada yalnız bir məna axtarmaq lazımdır -müharibədən sonra meydana çıxmış yeni vəziyyəti geriyə fırlatmaq, yəni pozuculuq və revanşizm! Halbuki Ermənistan unutmamalıdır ki, 44 günlük müharibədə Azərbaycan necə bir qələbəyə doğru irəliləyirdisə, necə bir siyasi, hərbi potensial nümayiş etdirirdisə, bu potensial bu gün də yerindədir! Odur ki, Azərbaycanın üzərinə gəlmək cəhdləri Ermənistan üçün daha dəhşətli sonluqlar yarada bilər.
Nə baş verə bilər?
Bunu Prezident İlham Əliyev rusiyalı hərbi ekspert, jurnalist İqor Korotçenkoya verdiyi son müsahibəsində çox gözəl anladıb:
“Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki, belə iddialar təqdim etmirik. Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status - mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var? Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər”.
Prezident İlham Əliyevin bu mesajında ciddi xəbərdarlıq var: Ermənistanın hələ də nöqtə qoymaq istəmədiyi ərazi iddialarının qarşılığı o ola bilər ki, Azərbaycanın tarixi torpaqları-Zəngəzur, Göyçə gölü regionunun əsl sahiblərinə qaytarılması məsələsi aktuallaşdırılsın!
Bu, Ermənistan üçün nə deməkdir- təbii ki, siyasi elita, erməni siyasətçiləri, erməni ictimaiyyəti düşünməlidir...
Vəfa ALLAHVERDİYEVA
|
|
27.09.2021 | 16:22 | |
|
|
|