“Qarabağ zəfərinə gedən yol” | |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Qarabağ zəfərinə gedən yol” adlı onlayn elmi seminar keçirib.
Tədbirdə ETİ-nin əməkdaşları ilə yanaşı, Azərbaycan Tibb Universitetinin (ATU), Milli Azərbaycan Tarixi Muzeyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, AMEA Tarix İnstitutunun nümayəndələri iştirak ediblər.
Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli qeyd edib ki, 30 ilə yaxındır Azərbaycan işğal olunmuş torpaqlarını sülh yolu ilə azad etməyə, münaqişəni dinc yolla çözməyə çalışsa da, Ermənistanın aqressiv siyasəti buna imkan vermirdi. ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq çərçivəsində həll edə bilmədiyini vurğulayan institut direktoru ermənilərin bu fürsətdən istifadə edərək daha yeni torpaqlar işğal etməyə çalışdığını və Azərbaycanın məcburiyyət qarşısında qalaraq hərbi yolu seçdiyini bildirib. Azərbaycanın müzəffər ordusunun bütün dünyaya öz yenilməzliyini və qəhrəmanlığını nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdiyini deyən M.Seyidbəyli 27 sentyabrdan başlayan uğurlu hərbi əməliyyatlardan sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyannamənin imzalandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.
ETİ-nin Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun moderatorluğu ilə davam edən tədbirdə mövzuya həsr olunmuş müxtəlif məzmunlu məruzələr təqdim edilib.
İnstitutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “44 günlük müharibədə cəbhədə gördüklərim” mövzusunda çıxış edib. Müharibə ərzində bir sıra rayonlarda ön cəhbə xəttində olan Z.Əliyev əsgərlərimiz arasındakı böyük ruh yüksəkliyindən, Azərbaycan Ordusunun xüsusi döyüş əzmindən və fədakarlığından danışıb.
ATU-nun müəllimi, tanınmış oftalmoloq alim, tibb üzrə elmlər doktoru Tural Qəlbinur “Azərbaycan torpaqlarının işğaldan azad olunması zamanı göz zədələnmələri” mövzusunda təqdimatla çıxış edib. Müharibə zamanı müxtəlif dərəcəli göz zədələnmələri, qəlpələrin çıxarılması, təmizlənməsi və aparılan digər ilginc cərrahiyyə əməliyyatları barədə danışan gənc alim maraqlı tibbi faktlar və bunu təsdiqləyən əyani sənədlər təqdim edib.
Elm tarixinin nəzəri və metodoloji şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev isə “44 günlük savaş zamanı Azərbaycanda mədəni terrorun izləri” mövzusunda slayd təqdimatda erməni vandalizmi fonunda Qarabağda baş vermiş dağıntılardan, abidələrin, şəhərlərin, insan məskənlərinin xüsusi qəddarlıqla məhv edilməsindən danışıb. 2021-ci ilin əvvəlində tarixçi mütəxəssis qismində işğaldan azad olunmuş Fuzuli-Xocavənd rayonuna baş tutmuş səfərində bölgəni yaxından müşahidə edərək qələmə aldığı qeydlərini diqqətə çatdıran alim bu faktları göstərən müqayisəli foto və video vəsaitlər də təqdim edib.
Digər çıxış edənlər də Ali Baş Komandan İlham Əliyevin çox dəqiqliklə düşünülmüş və peşəkar strategiyası sayəsində müqəddəs müharibənin 44 gün sonra ordumuzun şanlı qələbəsi ilə başa çatmasından bəhs edib.
|
|
27.09.2021 | 10:23 | |
|
|
|